Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Əgər Prezident ciddi şəkildə kiminsə məsuliyyəti öz üzərinə götürməli olduğuna inanırsa, bu, Pit Heqsetdir. Pit ya əvvəldən vaxt, məqsəd və vəzifələr barədə yalan danışıb, ya da səhv edib. Hər ikisi qəbuledilməzdir".
“AzPolitika” xəbər verir ki, bunu adı çəkilməyən Ağ Ev təmsilçisi ABŞ-nin İrana qarşı uğursuz əməliyyatı barədə danışarkən CNN-ə deyib.
CNN öz mənbələrinə istinadla xəbər verir ki, ABŞ Nümayəndələr Palatası gələn həftə Pentaqon başçısı Pit Heqsetin impiçmenti üçün səs verə bilər.
Kanal qeyd edir ki, Demokratlarla yanaşı, Konqresin bir çox respublikaçı üzvü bu təşəbbüsü dəstəkləməyə hazırdır. Onların fikrincə, Heqset Trampı İranla müharibəyə başlamağa inandırıb, lakin bunun "qaçılmaz siyasi nəticələr"ini aradan qaldırmaq üçün çıxış strategiyası və ya plan hazırlaya bilməyib.
Mənbə deyib ki, Heqset ABŞ-nin imkanlarını şişirdib və hücumların Tehranın təslim olmasın gətirib çıxarmamasına baxmayaraq, yenə münaqişənin gərginləşməsini müdafiə edir. Bundan əlavə, İranla müharibə ABŞ-də iqtisadi durumun pisləşməsinə, yanacağın bahalaşmasına, mənzillərin əlçatanlığının azalmasına və nəticədə seçicilərin Respublikaçılar Partiyasından narazılığına səbəb olub.
Pentaqonun keçmiş yüksək vəzifəli rəsmisi isə kanala deyib ki, Konqres həm Heqsetin mövqeyini, həm də İranla müharibənin özünü yenidən qiymətləndirməyə başlayır.
Lakin eyni zamanda bildirilir ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni zərbələr endirmək qərarına gələrsə, Heqset vəzifəsində qala bilər. Yəni, Tramp İranla qarşıdurmada yeni hərbi eskalasiyanı seçərsə, Heqsetin vəzifəsində qalması ehtimalı yüksəkdir. Deməli, qarşıda Heqseti iki seçim gözləyir. Ya impiçment, ya da İrana qarşı müharibənin genişləndirilməsi. Belə nəticə çıxır ki, onun üçün impiçmentdən yayınmağın yeganə yolu İranda savaşın böyüməsinə nail olmaqdır…
C.Məmmədli
“AzPolitika.info”