Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın müxalif “Yabloko” Partiyasının Dövlət Dumasına seçkilərdən kənarlaşdırılması barədə yekun qərarın şəxsən Vladimir Putin tərəfindən verildiyi iddia olunur.
Hurriyyet.Media xəbər verir ki, rusiyalı jurnalist Mixail Zıqar “Der Spiegel” üçün yazdığı məqalədə Kremldə məsələ ilə bağlı müzakirələrdən məlumatlı mənbələrə istinadən belə iddia irəli sürüb.
Zıqarın məlumatına görə, “Yabloko”nun seçkidən çıxarılmasını Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko və Federal Təhlükəsizlik Xidməti (FSB) də dəstəkləyib. Onların motivləri fərqli olsa da, Kremldə partiyanın seçki bülletenində saxlanmasının artıq riskli olduğu qənaəti formalaşıb.
Jurnalist yazır ki, əvvəlcə Kreml “Yabloko”nun seçkilərə buraxılmasına etiraz etməyib, çünki partiya ciddi siyasi təhlükə hesab olunmayıb. Lakin qeydiyyatdan sonra onun ətrafındakı dəstək daha geniş müharibə əleyhinə kampaniyaya çevrilməyə başlayıb.
Zıqarın mənbələrinin sözlərinə görə, Kremli narahat edən əsas məsələ “Yabloko”nun seçkidə neçə faiz səs toplayacağı deyil, partiyanın bir neçə həftə ərzində bütün ölkədə qanuni şəkildə müharibə əleyhinə təbliğat aparmaq imkanı olub. Hakimiyyət bunun Ukraynadakı müharibənin dayandırılmasını istəyənlərin real miqyasını üzə çıxara biləcəyindən ehtiyat edib.
Bu narahatlıq partiyanın reytinqindəki sürətli artım fonunda yaranıb. Kremlə işləyən FOM-un açıq sorğularında “Yabloko”ya dəstək iyulun ortalarındakı 1 faizdən avqustun 7-9-da 4 faizə yüksəlib. Beləliklə, cəmi üç həftə ərzində partiyanın açıq reytinqi dörd dəfə artıb.
Digər sorğular da oxşar dinamika göstərib. “ExtremeScan”ın iyul araşdırmasında “Yabloko” bütün seçicilər arasında 4, seçim etmiş respondentlər arasında isə 6 faiz dəstək alıb. “Russian Field” Moskvada partiyanın reytinqinin 3 faizdən 5,27 faizə yüksəldiyini qeydə alıb.
Daha diqqətçəkən rəqəmlər isə qapalı sorğudan gəlib. “Faridaily”nin məlumatına görə, FOM-un Kreml üçün keçirdiyi qapalı iyul sorğusunda “Yabloko” ölkə üzrə 5,5 faiz, Moskva və Sankt-Peterburqda isə 11 faiz dəstək əldə edib.
Avqustun 10-da Rusiya Ali Məhkəməsi “Rodina” Partiyasının iddiasını təmin edərək “Yabloko”nun federal seçki siyahısının qeydiyyatını ləğv edib.
Zıqar xatırladır ki, Rusiyada federal seçkilərdə kimlərin iştirak edib-etməyəcəyi ilə bağlı mühüm qərarların Putinə qədər çatdırılması barədə əvvəllər də məlumatlar yayılıb. 2018-ci il prezident seçkilərində Kseniya Sobçakın namizədliyinin də Kreml ilə əvvəlcədən müzakirə və razılaşdırıldığı iddia edilmişdi.