Yaddaş bu yaşdan etibarən ZƏİFLƏYİR

02.09.2026

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Binqemton Universitetinin alimləri yaddaşda nəzərəçarpacaq dəyişikliklərin orta yaş dövründə, təxminən 50 yaşdan etibarən başlaya biləcəyini müəyyən ediblər.

Redaktor.az xəbər veirr ki, tədqiqatın nəticələri “Cerebral Cortex” jurnalında dərc olunub.

Araşdırmada 18-30 yaş aralığında 17, 50-60 yaş aralığında 21 və 61-74 yaş aralığında 23 nəfər olmaqla, ümumilikdə 61 nəfər iştirak edib. İştirakçılara müəyyən əşyalar və ya səhnələrlə əlaqələndirilmiş insan üzləri göstərilib. Fasilədən sonra onlardan tanış görüntülər arasından düzgün cütü seçmək tələb olunub. Bu üsulla assosiativ yaddaş, yəni hadisə və obyektlər arasındakı əlaqələri yadda saxlamaq qabiliyyəti qiymətləndirilib.

Nəticələr göstərib ki, yaş artdıqca yadda saxlama dəqiqliyi tədricən azalır. Gənc iştirakçılar düzgün əlaqələri daha yaxşı xatırlayıb, orta və yaşlı qruplarda isə səhvlərin sayı daha çox olub. Bununla belə, 50-60 və 61-74 yaş qrupları arasında ümumi dəqiqlik baxımından ciddi fərq aşkarlanmayıb.

Alimlər həmçinin yaddaşın formalaşması və xatırlanmasında mühüm rol oynayan hipokampın fəaliyyətini funksional MRT vasitəsilə araşdırıblar. Gənclərdə yadda saxlama və sonradan xatırlama zamanı beyin aktivliyindəki oxşarlıq daha yaxşı nəticələrlə əlaqəli olub. Yaş artdıqca bu əlaqə zəifləyib.

Tədqiqatçılar bildiriblər ki, yaşlı iştirakçılarda hipokampın daha güclü yenidən aktivləşməsi bəzi hallarda yaddaşın yaxşılaşması ilə deyil, əksinə, səhvlərlə əlaqəli olub. Beyin məlumatı çox geniş və ya qeyri-dəqiq şəkildə yenidən aktivləşdirə bildiyi üçün insan xatirələrdə obyekt və səhnələri bir-biri ilə qarışdıra bilər.

Alimlər hipokampın həcminin azalması və diqqətdəki fərqlərin bu dəyişiklikləri izah edib-etmədiyini də araşdırıblar. Lakin heç bir amil müşahidə olunan qanunauyğunluğu tam izah etməyib.

Tədqiqat müəllifləri hesab edirlər ki, orta yaş yaddaş baxımından mühüm keçid dövrü ola bilər. Bununla belə, araşdırma konkret bir insan üçün yaddaş dəyişikliklərinin hansı yaşda başlayacağını müəyyən etməyə imkan vermir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью