Icma.az, 525.az portalına istinadən məlumat verir.
Xalisə MƏMMƏDOVA
2006-cı il, Bakı şəhəri. Bakı Dövlət Universiteti. Birinci kurs. Tarix dərsi. Dərsin ilk dəqiqələri tanışlıqdır. Müəllim jurnalda adları oxuyur. Adlı siyahı oxunarkən adətən müəllim bir neçə saniyə dayananda, ya da dili dolaşanda bilirdim ki, mənim adımı oxumağa çalışır.
Qalxırdım ayağa:
- Xalisə. Məmmədova Xalisə Süleyman qızı.
"Nə maraqlı adın var. Kim qoyub bu adı sənə? Mənasını bilirsən?" və s. Sualları cavablandırmağa artıq adət etmişdim.
Müəllim əlavə etdi:
- Hansı rayondansan?
- Füzuli rayonu, Əhmədalılar kəndi.
- Məcburi köçkünsünüz? Harada yaşayırsınız?
- Elə Füzulidə, öz kəndimizdə yaşayırıq. Mən dərslərimə görə buradayam.
- Necə yəni? Füzuli işğal olunmayıb?
- 1993-cü ildən rayonumuzun böyük hissəsi işğal altındadır, müəllim. Ancaq 1994-cü ilin yanvar ayının 4-dən 5-nə keçən gün həyata keçirilən Horadiz əməliyyatı nəticəsində rayonumuzun Arazboyu 21 kəndi və 1 qəsəbəsi - Horadiz işğaldan azad olundu. 1999-cu ildən də ailəmlə birgə həmin əməliyyat zamanı azad olunmuş öz doğma kəndimizdə yaşayırıq. Horadizin adını eşitməmiş olmazsınız. Bax, bizim kəndimiz qəsəbəyə ən yaxın, qonşu kənddir.
- Hə, Horadizi bilirəm, amma orada hazırda yaşayış olduğunu bilmirdim.
Müəllim yenidən təəccüblə, səs tonundan hiss etdim ki, bir az da ehtiyatla soruşdu:
- Ermənilərlə çox yaxınsınız?
- Bir neçə kilometr məsafəmiz var.
- Bəs qorxmursunuz? Necə yaşayırsınız orada?
Mən də gəncliyin verdiyi cəsarət və bir az da özünəinamla cavab verdim:
- Yox, müəllim, niyə qorxmalıyıq ki? Onlar bizim düşmənimiz olduğu kimi, biz də onların düşmənləriyik. Qoy onlar bizdən qorxsunlar. Çünki biz onların deyil, onlar bizim torpaqlarımızda oturublar.
Müəllimin üzündə mülayim bir təbəssüm yarandı.
- Düzdür! Elə bu sözünə görə sənə ən yüksək bal yazıram. Orada yaşayanlarda böyük ürək var ki, erməni ilə üz-üzə dayanıblar. Əyləş, qızım, - dedi və dialoqumuzu sonlandırdı.
Beləcə, ilk tarix dərsimizin tanışlıq hissəsi başa çatdı.
Bu söhbətin üzərindən uzun illər keçib. Həmin auditoriyada yaşadığım bir neçə dəqiqəlik söhbəti xatırladıqca anlayıram ki, bəzən bir rayonun adını deməklə onun tarixini, ağrısını, müqavimətini və insanlarının xarakterini də söyləmiş olursan.
O zaman mən bu ifadəni işlədəndə düşünürdüm ki, hər şey normaldır. Elə bu cür də olmalıdır. Atəş səsləri, düşmənlə sərhəd kəndlərin yanıq, uçuq, qaranlıq evləri və taleləri də yaşadıqları kəndlərə bənzəyən insanlar... Mühitlə elə qarışmışdıq ki, qorxu hissi bizə yad olan bir duyğu idi.
Bu qorxusuzluğun içində həm də səngərlərdə bizim önümüzdə dayanan əsgərə güvən, bir addımlığında dayanıb gedə bilmədiyimiz o müqəddəs yerlərə qayıdacağımıza inam vardı.
Horadiz əməliyyatından sonra, 9 aprel 1994-cü ildə Ümummilli lider Heydər Əliyev Füzuli rayonunda səngərdə döyüşçülərlə görüşərkən ordunun əldə etdiyi uğurlardan danışaraq torpaqlarımızın azad ediləcəyinə inamını ifadə etmişdi. O, həmin görüşdə rayon ərazisinin bir hissəsinin azad edildiyini, lakin böyük hissəsinin hələ də işğal altında qaldığını vurğulayaraq, döyüşçülərə müraciətlə demişdi: "Sizin mətanətiniz və rəşadətinizlə torpaqlarımızı azad edib, müstəqil Azərbaycanın ərazi bütövlüyünə nail olacağıq. Mən sizin iradənizə inanıram..."
Həmin dövrdə 22 yaşayış məntəqəsinin azad olunması Azərbaycan üçün böyük qayıdışın başlanğıcı oldu.
Bu başlanğıc, bu inam illər sonra böyük Zəfərə aparan yolun ilk işığına çevrildi.
Otuz illik Qarabağ müharibəsi tarixinin mühüm səhifələrindən bir çoxu Füzuli torpağının sinəsində yazıldı - siyasi iradə, hərbi rəşadət və şəhid qanı ilə.
Böyük bədəllər ödəyərək, çox uzun məsafələr qət edərək, addım-addım keçdiyimiz tarix bu gün Horadiz şəhərinin girişində bir-birinə keşik çəkən abidələrlə canlandırılıb.
1918-ci il soyqırımını əks etdirən, Birinci Qarabağ müharibəsində bu torpaqlar uğrunda canından keçənlərin, Horadiz uğrunda döyüşənlərin, Xocalı faciəsi qurbanlarının, Aprel döyüşlərində şücaət göstərənlərin xatirəsinə ucaldılmış abidə kompleksləri... Və bütün bunların fonunda şəhərin ən hündür nöqtəsində salınmış bayraq meydanında dalğalanan Azərbaycan bayrağı.
Həmin abidələrə baxanda insan anlayır ki, burada daşdan, mərmərdən daha böyük bir dəyər qorunur - YADDAŞ!
Çox aydın xatırlayıram.
2018-ci il, 26 fevral. Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılış mərasimi... Rayonun ziyalılarından biri nitqində həmin abidələrin burada - şəhərin girişində, Cəbrayıla, Zəngilana və digər bölgələrə gedən yolun üzərində ucaldılmasının təsadüfi olmadığını söyləmişdi. Demişdi ki, vaxt gələcək, torpaqlarımız düşməndən azad olunacaq, işğaldan azad edilmiş ərazilərə gedən insanların yolu buradan, bu abidələrin önündən keçəcək. Və həmin yolların, həmin açılan qapıların kimlərin və nələrin hesabına başa gəldiyi heç vaxt unudulmayacaq, çünki bu abidələri hər gördükdə bu tarixlər insanların yaddaşında daha da dərinləşəcək.
O gün böyük ümidlə söylənən söz bu gün zamanın həqiqətidir. Bu gün həmin yoldan keçirik. Tarix yalnız keçmişdə yaşananları deyil, gələcəyə deyilən sözləri də qoruyur. Zaman isə həmin sözlərin hansının arzu, hansının uzaqgörənlik olduğunu göstərir.
İndi bu tarixə 2020-ci ilin Zəfəri və qəhrəmanları da əlavə olunub. Ancaq bu qəhrəmanlıqlar yalnız səngərlərdə yazılmadı.
44 günlük Vətən müharibəsi zamanı Füzulidə uşaqdan-böyüyə hər kəs bir əsgər idi. Bütün əhali qələbə uğrunda əlindən gələni edirdi. Bu missiyanın ən ağırı və ağrılısı şəhidlərimizin son mənzilə yola salınmasıydı.
Döyüşün ən gərgin anlarında İkinci Mahmudlu kəndində yerləşən məscidə gətirilən şəhidlərimizin hər biri şəriət qaydalarına uyğun hazırlanır, qəlb ağrısı və böyük qürurla, əllərindən, saçlarından öpülərək Azərbaycan bayrağına bükülür və ailələrinə təhvil verilirdi.
Müharibənin ilk günündən son gününədək məscidə gətirilən hər bir şəhidin adı və soyadı bir dəftərə qeyd edildi. Bu gün 2000-ə yaxın şəhidin adının qeyd olunduğu həmin dəftər "Şəhidlər dəftəri" adı ilə qorunur.
Kənardan baxanda sadə görünən bu dəftərin hər sətirində bir ömür, bir ailənin ağrısı, bir şəhidin qəhrəmanlıq hekayəsi var. Bu gün həmin məscidi ziyarət edən şəhid anaları ilk olaraq bu siyahıda öz balasının adını axtarır. İkinci Mahmudlu kənd məscidində qorunan bu dəftər artıq Füzulinin ən müqəddəs əmanətlərindən biridir.
Tarix - onu yaradanların xatirəsini uca tutduqca, daha möhkəmlənir, daha da dərinlərə kök salır.
Bu gün Füzuli rayonunun Horadiz şəhərində gözəl bir layihə ilə yenilənən, bəzənən və sanki hüzur bağına çevrilən "Qəhrəmanlar parkında" şəhid plakatlarının yer alması Vətən yolunda canından keçənlərin əbədiyaşar xatirəsinə ehtiramın ifadəsi olaraq daha geniş anlam qazanıb. Burada onların şəkillərinin yer alması parkı sadəcə istirahət məkanı olmaqdan çıxarıb müqəddəs bir ocağa çevirib. "Qəhrəmanlar parkı" artıq şəhərin ən çox ziyarət olunan məkanlarından biridir.
Horadizin giriş qapısından daxil olan kimi şəhərin görünüşü deyir ki, Füzuli - Vətən uğrunda yaşamağı, mübarizə aparmağı, itirməyi, gözləməyi və nəhayət, doğma yurda qayıtmağı bacaran insanların yurdudur.
Bu gün küçələrə, parklara, şəhidlərin şəkillərinə, abidələrə, Füzulidən Şuşaya uzanan Zəfər yollarına, küllərindən çiçəklənən şəhərlərə, kəndlərə baxanda anlayıram ki, biz bu günlərə asanlıqla gəlib çıxmamışıq.
Elə o auditoriyada müəllimin də dediyi kimi...
"Orada yaşayanlarda böyük ürək var..."
Bəli, böyük ürək lazım idi.
Torpağın işğal altında olduğu illərdə onun həsrəti ilə yaşamaq üçün də.
Düşmənlə üz-üzə dayanmaq üçün də.
Şəhid vermək üçün də.
Torpağı geri qaytarmaq üçün də.
Və ən əsası - bütün bunlardan sonra həmin torpaqda yenidən həyat qurmaq üçün də.
Və biz bunu bacardıq!