Yaddaş nigaranlığı Rafael Hüseynov yazır

31.07.2026

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rafael HÜSEYNOV
Akademik

O çağlar Azərbaycan teatrının, Azərbaycan səhnəsinin xoşbəxt çağlarıymış. 1920-1930-cu illərdə Azərbaycan ziyalılığı, Azərbaycan gəncliyi, əslində isə elə bütün Azərbaycan cəmiyyəti nə qədər az nəşr olunsa da, kitabı istədiyi vaxt  görmək imkanı olmasa da, teatrı gündəlik həyatının ayrılmaz bir parçasına çevirmişdi. Həm də yalnız mərkəz Bakıda və onun yaxın ətrafında yox.

Tamaşalar göstəriləndə teatrlarda, el sözü, iynə atsan, düşəcək yer olmazmış. Ayrı-ayrı aktyorlar hamının sevimlisiymiş, adlarını bircə-bircə əzbər bilirlərmiş (elə ötən əsrin 80-90-cı illərinədək biz özümüz də həmin cür deyildikmi?!). Teatra məhəbbət ən müxtəlif bölgələrə də çatmışdı. Əvvələn, Azərbaycanın hər guşəsində yerli teatrlar vardı, mütəmadi tamaşalar göstərirdilər və həvəskarların arasında da bəzən lap paytaxt səhnəsinə çıxmağa layiq aktyorlara rast gəlinirdi. Digər tərəfdən, yay aylarında Bakı teatrlarının rayonlara qastrol səfərləri təşkil edilərdi. Yerli camaat əfsanələşmiş simaları öz evlərinin içərisində seyr edərək feyziyab olardı.

1920-30-cu illərin yüz cür sıxıntısı, bolluca ehtiyacları vardısa da, həyatın özü də teatr kimi əlvan, hər gün vəd etdiyi yeniliklərlə cazibəliymiş.

Bu biri yandan da odun üstünə yağ tökən, marağı, həvəsi qat-qat artıran, hərdən haqlı, bəzən haqsız da olsa, əsla quruca təsvirlə kifayətlənməyən, gücü çərçivəsində mahiyyəti açmağa cəhd edən səviyyəli və hamınınkı olan mətbuat vardı.

Sonralar Azərbaycan teatrının ən aparıcı simalarından birinə çevriləcək, Azərbaycan ədəbiyyatında və dramaturgiyasında məxsusi yer tutacaq Sabit Rəhman (1910-1970) 1920-ci illərin başlanğıcında yolunu yenicə başlayan cavan oğlandı, 1923-cü ildə Şəkidən Bakıya təhsil almağa gəlmişdi. Ancaq Bakıya yetişənəcən  Cəfər Cabbarlını uzaqdan-uzağa artıq tanıyırdı və onun aşiqi idi. Üstündən onillər keçəndən sonra Sabit ürəyini açırdı ki, Cabbarlı o çağın gəncliyinin könlünə bir eşq kimi daxil olmuşdu. Səbəbini də izah edirdi - mövzular təzə, surətlər yeni, dil, deyişin tərzi tamamilə başqa, indiyədək onlara oxşamayan.

Sabit Rəhman Şəkidən Bakıya gəldiyi həmin payızın cümə axşamlarından birində ilk dəfə o vaxtlar Dadaş Bünyadzadənin (1888-1938) adını daşıyan Azərbaycan Dövlət Bədaye Teatrına "Aydın"a baxmağa gedir. Xatırlayırdı ki, yoldaşlarım həmin tamaşanı o günəcən bir neçə dəfə görmüşdülər, mən isə ilk dəfə baxırdım. Əsər, ifa dostlarıma yenə güclü təsir etmişdi, onları yenə heyran qoymuşdu.

Onlar belə idisə, siz "Aydın"ı və həmin tamaşanı canlandıran böyük aktyorları birinci dəfə izləyən Sabitin vəziyyətini təsəvvür edin.

Sabit Rəhman tamaşadan sonra dostları ilə birgə teatrın arxa qapısına doğru tələsmələrini, aktyorları həyatda canlı görmək üçün onların libaslarını dəyişdikdən sonra çıxacağı anları necə səbirsizliklə gözlədiklərini yada salırdı. Deyir, bir də onu gördük ki, Abbas Mirzə (1893-1938) və yanında da üç nəfər çıxdı.

Sabit Rəhman dəqiqləşdirirdi - Abbas Mirzənin elə sifəti vardı ki, onu nə qədər qrim etsən, nə qədər dəyişdirsən də, tanımamaq mümkün deyildi; teatrdan çıxdılar, başladılar Malıgin küçəsiylə getməyə, biz də başqa tamaşaçılarla birgə düşdük onların ardınca.

O gedənlər həmin gün də, başqa tamaşa axşamlarından sonra eyni şəkildə teatrdan çıxarkən də gözucu da olsa ardlarınca düşən tamaşaçıları hər halda görürlərmiş, özlərinə olan bu maraq və valehliyi hiss edirlərmiş və söz yox ki, həmin saniyələrdə xoşbəxt olurlarmış. Bu səssiz izlənmək onlarçün ən gur alqışlara, ən ucadan söylənən "Afərin!"lərə, "Əhsən!"lərə bərabərdi.

Dostlardan kimsə qayıdır ki, o lap qabaqda gedən, bəstəboy, arıq, qaraqaş-qaragöz, danışıb yanındakıları da qəhqəhə ilə güldürən oğlan İsmayıl Hidayətzadədir (1901-1951), həm aktyor, həm rejissor müavinidir.

Hidayətzadəni Sabit artıq "İblis"də Arif rolunda görübmüş və çox da bəyənibmiş. Dostlar nişan verir ki, o ucaboy, enlikürək kişi Rza Təhmasibdir (1894-1980).

Üşüncü isə Sabitin "üzünü görmək üçün həsrət çəkdiyi" Cəfər Cabbarlıymış. Sabit xatırlayırdı ki, o vaxt Cəfərin 24-25 yaşı vardısa da, uşaq görünürdü, ona uzağı iyirmi yaş vermək olardı.

Belə cavan adamın o cür güclü qələmə sahib olması isə Cəfərə heyrəti, heyranlığı qat-qat artırırmış.

O dörd nəfər danışa-gülə Quba meydanına çatır, bir kababxanaya girirlər, yalnız bundan sonra uşaqlar "təqibi" yekunlaşdırıb aralanırlar.

Ancaq Cəfərin surəti Sabitin yaddaşına həkk olunur. Bunu da özü təsdiq edirdi ki, növbəti dəfə Cəfəri teatrın yarus lojalarından birində ayrı kostyumda görsə də, dərhal tanıyır, bunu yoldaşlarına da deyir.

Cəfərsə gənclərin gendən onu çox diqqətlə süzdüyünü sezincə utanan kimi olur, qalxıb harasa gedir.

Həmin axşam "Oqtay Eloğlu" oynanırnış. Həmişəki kimi, salon ağzınacan dolu, çoxu da tələbə. Yenə baş rollarda Abbas Mirzə ilə Mərziyə Davudovaymış (1901-1962).

"Cəfər Cabbarlı bu əsəri ilə elə bil ürəyimizdən xəbər vermişdi. Hər səhnə, hər epizod, hər sözü bizə təsir edirdi, həyəcanlanırdıq, gülürdük, mütəəssir olurduq, Abbas Mirzə Şərifzadə "Həqiqət istəyirəm, həqiqət!" deyə gur-gur guruldadıqda biz səhnəyə sıçramaq, onu qucaqlayıb öpmək istəyirdik".

Və o axşam təvazökar Cəfər bir daha bu keyfiyyətini nümayiş etdirir. Tamaşa bitir, Sabitin yazmasınca, bütün salon ayağa qalxıb alqışlayır, müəllifi səhnəyə çağırır, nəhayət, bir nəfər pərdə qabağına çıxaraq elan edir ki, müəllif teatrda yoxdur.

Sabitgil qalır məəttəl - necə yəni yoxdur, axı bir az əvvəl onu burada görmüşdük!

Cəfərsə tez-tez belə edərmiş. Özünü əsərlərinin oynandığı axşamların ən ləzzətli yerini görməkdən - ayaq üstə çalınan sürəkli minnətdar alqışları seyrə dalmaqdan məhrum edərək həmin anlar çatanacan teatrı tərk edrmiş.

Sabit bunu da unutmamışdı ki, dindarların çox olduğu, rayondakı 200-dən artıq minarədən hər gün 5 dəfə "Allahu Əkbər" sədalarının ucaldığı Şəkidə "Od gəlini" dindarların narazılığı ilə qarşılanıbmış. Sabit əsərə Şəkidə baxa bilməyibmiş, yoldaşları ilə Bakıda baxır, Cəfər qələminə növbəti dəfə vurulur, dostları ilə birgə tamaşadan sonra teatr binasının başına bir neçə dəfə çevrə vuraraq Cabbarlını görməyi arzulayır, ancaq yenə görüşmək qismət olmur.

"Sevil"in bir zamanlar Azərbaycandakı bütün cəmiyyətdə bir təlatüm yaradan görsənişləri eyni işi, yəqin ki, ən yaxın zamanlarda İranda görə bilər.

Cəfərin bəsirətli yazıçı məharəti onda imiş ki, günün istədiyi ən həssas mövzusunu anındaca tuta və onu göəzl bədii səviyyədə canlandıra bilirmiş.

"Sevil"ə 1920-1930-cu illərdə baxan neçə qadın elə özünü Sevil kimi görürmüş. Sabit Rəhman da xatırlayır ki, biz də Şəkidə qadınların o tamaşaya çadralı gedib çadrasız çıxmaları haqda çox hekayətlər eşidərdik.

Əsər əllərində yoxmuş, pul yığıb dostlardan birini Bakıya göndəriblərmiş ki, "Sevil"in mətnini tapıb gətirsin. Bir neçə gün sonra həmin adam Bakıdan şagird dəftərlərinə köçürdüyü "Sevil"lə qayıdır, dostlar toplaşır, Sabit mətni ucadan oxuyur.

"Gah kədərlənir, gözlərimiz yaşarır, gah da qəhqəhə ilə gülürdük. "Sevil" bizə elə güclü təsir bağışladı ki, axırda Cəfər Cabbarlıya bir təşəkkür məktubu yazmağı qərara aldıq".

Sabit oturub gecə ilə uzun bir məktub yazır, oxuyur, xoşu gəlmir, təzədən daha yığcam yazır, ertəsi gün dostlara göstərərək Bakıya yollayır.

Belə günlər olub, gəncliyi, bütövlükdə cəmiyyəti qovuşduran işıqlı, coşqun duyğular yaşanıb, insanlar bir-birinə hansısa uğuru, parlaqlığı görüncə təşəkkür yazmağı borc bilib.

O vaxta nisbətən hər cəhətdən çox irəli getmişik.

Ancaq bizdə daha o cür vərdişlər və hisslər yoxdur. Niyə belədir? Dünənkilər sadəlövhmüş, ya biz zərif duyğulardan aralanmışıq, cəmiyyəti, onun həyatını hamımızınkı saymaq hisslərimiz korşalıb? O yaxşıydı, ya indiki?

O vaxt sənətkarlar məhəbbəti hər addımda hiss edirmişlər, cavab verməyə macal tapmadıqları nə qədər o sayaq məktublar alırmışlar, ancaq əyləşib hər məktuba cavab yazmasalar da, cavabları hər halda başqa cür mütləq olurmuş - onları sevənlərə həmin sevgilərə layiq əsərlər yaradırlarmış.

O cür sevgilər olmasa, bütün təbəqələrinki olan böyük sənət yarana bilərmi?

Ürəkdən-ürəyə yol olanda qovuşmaq da adətən sanki öz-özünə baş verir. Boşuna deyilməyib ki, "niyyətin hara, mənzilin ora" - bütün belə birləşə bilmələrin ardında daim cazibə dayanır.

Qismət Sabit Rəhmanı da gətirib pərəstişkarı olduğu Cəfərlə qonşu edir və hərdən məhəllədə Cəfəri gendən görsə də, düşünürmüş ki, yəqin, o, məni heç sezmir. Ancaq bir gün təəccüblü hadisə baş verir. 1932-ci ilin sonlarında bir gün tramvayla evə gedərkən bilet götürmək istəyəndə konduktor "Sizinçün bilet alıblar" deyir və Sabit çaşan kimi olaraq biletpulunu verənin kimliyini soruşur. Konduktor tarmvayda lap ayaq tərəfdə oturmuş çeşməkli kişini göstərir. Sabit baxır ki, bu, Cəfər Cabbarlıdır. Dayanacağa çatırlar, Cəfər enir, Sabit yaxınlaşıb təşəkkür edir, "Niyə zəhmət çəkirsiniz?" - söyləyir və xudahafizləşib aralanmaq istəyən Cabbarlıdan icazə isəyir ki, onu evədək müşayiət etsin. Ayaqüstü söhbətləşirlər, Cəfərin ayrılarkən "Sənin hekayələrini oxuyacağam" deməsi Sabiti lap məəttəl qoyur ki, bu mənim hekayələr yazmağımı haradan bilir.

Cəfər özü ilə tək qalmağı xoşlayan adammış, çünki həmişə fikirliymiş. Əslində bu qəbil dahilərin gendən baxanlara qəribə görünən adamayovuşmazlığı başqalarına biganə baxmaq deyil, vaxtlarının qədrini bilmək, bircə dəqiqəsini də boşuna keçirməmək onlara içərilərinin təlqin etdiyi qeyri-ixtiyari xüsusiyyətdir.

Elə Cəfərin yüngül xəzri əsən o axşamda tramvaydan enincə Sabitlə dərhal sağollaşıb aralanmaq istəməsi də həmin qəbildəndir.

Sabit Rəhman o günü xatırlayarkən Cəfərlə bağlı sonralar da dəfələrlə etdiyi bu müşahidəsini də bölüşürdü ki, o, azdanışan idi, əhvalı gözlənilmədən dəyişərdi, deyib-güldüyü yerdə birdən dalğınlaşar, ya tamam əksinə, kefsiz olduğu halda  qəfildən fikrində nəsə tapıb şən görünərdi.

 Cəfər Cabbarlı iti görməyi bacaran adam idi. Çox da gözlərində eynək vardı. Allah ona itisözlülüklə bərabər həm də elə itigözlülük bəxş etmişdi ki, insanların adi gözlə, eynəklə, lap teleskopla görə bilmədiyini görə bilirdi. O, dərinlərə sirayət eləyən nüfuzlu baxışlara sahib idi. Onun zahiri bir adammış, içərisi ayrı bir adam. İçərisində dayanmadan, bəlkə hətta yuxuda da yazılara davam etməkdəymiş.

Və həm də sanki bu qədər ucadaykən, yerə-məişətə az aidiyyəti olmalıykən, eyni zamanda, həssas, sadə, mərhəmətli, əl uzatmağa hazırmış. Onun xeyirxahlığının və istedadı duyub arxa durmasının bir hekayəti də Sabit Rəhmandan yadigar qalıb.

Yad edir ki, 1933-cü ildə Yazıçılar İttifaqında olduğu günlərdən birində xidmətçi qadın yaxınlaşaraq binanın girəcəyində onu bir nəfərin gözlədiyini deyir. Sabit aşağı enir və görür ki, onu çağırtdıran Cabbarlı imiş. Salam-kəlamdan sonra Cəfər yönəlir az aralıdakı Dram Teatrına sarı. İş ondadır ki, Dadaş Bünyadzadə adına teatr o vaxtlar Tağıyev teatrının binasında yerləşirdi, Yazıçılar İttifaqı isə ovaxtkı Fioletov, indiki Əbdülkərim Əlizadə küçəsində. Yəni lap yaxınlıqda. Elə gedə-gedə Cəfər mətləbi açmadan soruşur ki, mənim sözümdən çıxmazsan? Sabit "Çıxmaram!" cavabını verir. Cəfər bir az da dəqiqləşdirir: "Qəti çıxmazsan?" Sabit: "Qəti!" - deyir.

Çatırlar teatra, Cabbarlı Sabitlə birgə yollanır teatrın müdiri Hacıbaba Nəzərlinin (1895-1938) yanına.

Cəfər Nəzərliyə Sabiti göstərərək xəbər alır: "Onu gətirmişəm, razısanmı?"

Nəzərli dillənir: "Razıyam, özü də necə!"

Cəfər əlavə edir: "Zənnimcə, mənim sözümdən çıxmaz".

Hələ ki, bu gəliş, bu söhbət Sabit üçün müəmmadır.

Cəfər ona işarə edir: "Di dur gedək".

Onlar qalxanda Hacıbaba Nəzərli Sabitə üz tutur: "Bu gün əmrin veriləcək, sabahdan işə çıx".

Hələ ki, məchulluq davam etməkdədir.

Sabiti intizardan Cəfər özü qurtarır ki, həm kinostudiyada, həm burada işləmək mənimçün ağırdır. Orada iş həddindən artıq çoxdur, ona görə də istəyirəm ki, teatrda ədəbi hissə müdiri vəzifəsini sən tutasan. Ancaq mən teatrsız yaşaya bilmirəm. Hər gün kinostidiyadan çıxanda sənə zəng vuracağam, evə gedəndə yolda teatrdakı yeniliklərdən mənə danışarsan.

Teatrdan Cəfərin getməyi, həqiqətən, bir tərəfdən işlərin çoxluğuyla əlaqədardısa, digər mühüm səbəb onu incidən münasibətlər idi. Qibtə, rəqib kimi baxmaq, hərəkətə keçən qara paxıllıqlar və digər belə-belə rəzilliklər teatrda onu hər tərəfdən əhatələmişdi. Dramaturqlar həsəd aparırdılar ki, niyə Cəfərin əsərləri az qala bütün repertuarı doldurur. Cəfəri gözləri götürmürdü ki, nə var-nə var, məşhur Qərb müəlliflərinin dramlarının teatrda məhz Cabbarlının tərcüməsində getməsinə üstünlük verilir. Cəfəri bəyənmirdilər, qarasınca danışırdılar ki, niyə rejissorların işinə çox müdaxilə edir, hiddətlənirdilər ki, axı nədən kişili-qadınlı aktyorların hamısı Cəfərə sadəcə məhəbbət bəsləmir, onun vurğunudurlar.

Zavallı Cəfər neyləyəydi ki, istedadı sel kimi kükrəyirdi, nə yazırdısa, əvvəlkilərdən daha gözəl alınırdı, Cəfərin nə günahı vardı ki, o tərcümələri elə edirdi ki, gözəllikdə mətnin orijinalıyla bəhsə girirdi, ona görə köhnə yorucu çevirmələri bir kənara ataraq peşəkar teatrlar da, mədəniyyət sarayları və evləri də, elə məktəblər də Cəfərin çevirmələrinə üstünlük verirdi.

Teatr həyatının o təhər qızğın və diqqət mərkəzində olduğu çağlarçün Azərbaycanın əsas teatrında ədəbi hissə müdiri vəzifəsini tutmaq böyük nailiyyət idi. Bu vəzifənin hansı dəyər daşıdığını təsəvvür etməkçün bu yetər ki, gənc Sabiti həmin vəzifəyə Cəfər Cabarlı kimi nəhəng aparırdı. Ədəbi hissə müdiri o dövr üçün teatrda söz sahibi, münsiflik etmək səlahiyyəti və təpəri olan üstün şəxsiyyət deməkdi.

Teatra Cəfər varlığının ayrılmaz parçası kimi baxır, inanımlı xatirələrin sözləşibmiş kimi ortaq təsdiqinə görə, teatrla nəfəs alırmış. Teatrdan ayrılarkən öz yerinə bir ayrısını yox, tək namizəd olaraq məhz Sabiti seçməsi düşündürücüdür. Ən əvvəl bu, Cəfərin genişqəlbliliyinin, bir layiqli gəncə nəcib səxavətlə üfüqlər açmağının göstəricisidir. Bu həm də Cəfərin Sabitin zəkasına, istedadına, şəxsiyyətinə verdiyi qiymətdir. Demək, inanır ki, bu yükü onun arzuladığı səviyyədə Sabit çəkə bilər.

Cəfərin parlaqlığını və nələrə qadirliyini öncədən gördüyü Sabitin sonrakı yolu və ədəbiyyatımızda, teatrımızda qalan izləri Cabbarlının haqlılığını, adamtanıyan olmağını bir daha isbat edir.

Sabit müasir Azərbaycan dramaturgiyasında son klassikimiz idi. Doğrudur, ondan sonra da səhnəmizdə əsərləri oynanan, bəzənsə hətta həddindən artıq yer tutan  yazıçılar, dramaturqlar, sağkən klassik adlandırılanlar oldu. Ancaq adlandırılmaq bir başqa, XX əsrin ilk onilliklərində ölməzlərimizin teatrımızda bərqərar etdiyi ucalığa Sabit kimi təbii gedişlə dikəlmək bir başqa.

Və Cəfərlə ayrılıq günü Sabit Rəhmanın da xatirəsində nagahan çaxan şimşək kimi qalmışdı. Deyir, 1935-ci il yanvar ayının 1-i idi. Yəni Cəfərin keçindiyi gecənin səhəri. O məşum xəbəri ilk eşitdiyi an dəqiqəsinəcən yaddaşına çökmüşdü.

Saat 10-a 20 dəqiqə qalırmış, universitetin pilləkənləri ilə qalxırmış, qarşısına cib dəsmalını gözlərinə sıxmış yazıçı Qantəmir (1888-1944) çıxır - Sabitə "Cəfər Cabbarlı ölüb", - deyir.

"Dünya gözümdə qaraldı. Pillələr, divarlar bir-birinə qarışdı. Qantəmir qolumdam tutmasaydı, yıxılacaqdım".

Yıxılmayaydı neyləyəydi, Sabitin də, Cəfərin də hansı böyüklük olduğunu qəlbən duyub qiymətləndirənlərin də, ədəbiyyatımızın da, Azərbaycanın da evi yıxılmışdı...

Cəfər Cabbarlı ilə vida gününün kinoxronikası qalıb - sifətinə qüssə çökmüş insanlar gəlirlər, gedirlər, fəxri qarovulda dayanırlar. Cəfər Cabbarlı tabutun içərisindədir və sifəti açıqdır. Şəkillərindən bizə tanış olan surət, gənc bir insan sanki elə diridir.

Bu, hələ bir qədər sonra olacaq.

Hələliksə 1935-ci ilin 1 yanvarıdır. Qantəmirlə Sabit universitetdən çıxıb tramvaya minirlər, Yuxarı məhəlləyə, Cəfərin evinə yollanırlar. "İlk gözümə çarpan İsmayıl Hidayətzadənin kədərli sifəti oldu. O zaman cavan gəlin olan Sona xanım, qucağında 3-4 yaşlı qızı Gülarə,  hönkürtü ilə ağlayaraq eyvandan keçdi. Həyətə təzə adamlar gəldi. Ülvi (1903-1938 - R.H.), Abbas Mirzə, Mirzağa Əliyev (1883-1954 - R.H.) ... hamı kədərli, tutqun".

Kişilərin belə dərd günündə qəhər boğazında düyümlənir, göz yaşları sanki donur və onlar belə ürək dağlayan vida günlərində nalə çəkib ağlayan, onların da əvəzinə hönkürən, göz yaşı tökən qadınlara heç vaxt sözlə dilə gətirməsələr də, ürəklərinin dərinində çox minnətdar olurlar.

Gecədən bəri göz yaşları qurumayan, hıçqırıqları kəsilməyən Sona xanım həmin anlarda həm də onların hər birinin əvəzinə ağlayırdı...

Bu səhnəni görməmişik. Amma Sabit Rəhmanın sözlərindən o anlar elə Cəfərin İsmailiyyədəki vida mərasiminin kinolenti kimi, kadr-kadr göz önündən keçir.

Elmlər Akademiyasının zalında, Cabbarlının tabutu başında fəxri qarovulda duranların o qara gündəki ağlı-qaralı kadrları qalır. Orada Sabit Rəhman da var. Amma həmin anlarda Sabitin yaşadıqları qələmindən çıxan bu bir-iki cümlə də, elə o çoxdan axıb getmiş saniyələrdəki kimi, çılpaq kədəriylə bu gün də dipdiridir: "Mən gözlərimi onun üzünə zilləmişdim. Öldüyünə inana bilmirdim. Mənə elə gəlirdi ki, indicə tərpənəcək, yenə də həmişəki məsum təbəssümü ilə gülümsəyəcək".

...Cəfər Cabbarlı kimi insanlar həyata yeniliklər, kəşflər, ixtiralar etmək, tapdanmamış cığırları ilkin açmaq, bələdçi, mayak olmaqçün gəlirlər. Cəfər Cabbarlının qısa ömrünün hansı ilinə, hansı ayına nəzər salırsansa, orada mütləq bir təzəliyin işartısı sayrışır. Hansı səmtə üz tuturmuşsa, orada gəldiyi hökmən görünürmüş və mütləq faydasını verirmiş. Azərbaycan teatrının 1920-30-cu illərdəki parlaqlığı bir çox cəhəti ilə Cabbarlıya bağlıdır, həmin dövrdə güc yığıb irəliləyən,  başlanğıcdakı sənədli süjetlər mərhələsindən bədiiliyə keçən kinomuzun da dan yerində dayanan Cəfərdir, həmin onillərdəki Azərbaycan poeziyasında da, bədii tərcüməçiliyində də Cabbarlı imzası seçiləndir, qabarıqdır, fərqlənəndir. Düşüncələrinin fəzası o qədər intəhasızmış ki, hansı səmtə üz tutsa, siftəni etmək, nübarı dərmək sanki onun alnına yazılıbmış.

Azərbaycan milli operası yaşını 1908-ci ilin 12 yanvarından, Üzeyir bəyin "Leyli və Məcnun"undan başlasa da, sonradan həm Üzeyir bəyin özünün, həm silahdaşları və məsləkdaşlarının yazdığı neçə-neçə muğam operası ilə bu sıra zənginləşsə də, yeni Azərbaycan operası yalnız 1930-cu illərin sonlarına doğru yaranıb. Ancaq təzə zamanın ilk operası da, əgər ömür möhlət versəydi, yenə Cəfər Cabbarlı ilə adı qoşa çəkiləcəkdi.

Az adamın xəbəri olan bu öyünüləsi gerçəyi bizə Aleksandr Aleksandroviç Tuqanovun (1871-1960) bir xatirəsi çatdırır.

Azərbaycan teatrının tarixində adını və xatirəsini daim yaşadacaq nurlu izlər qoymuş San Sanıç o çağın onsuz da yetkin, oturuşmuş aktyorlarının bir az da kamilləşməsində, həmçinin, yeni aktyorlar nəslinin yetişməsində rəhmətlər və məhəbbətlərlə anılası çox zəhmətlər çəkib. Ustadın mədəniyyətimizə bir xidməti də keçmiş tələbəsi və sonrakı həmkarı Cəfər Cabbarlı haqqında səmimi və yalnız onun gözlərinin gördüyü unudulmamalı günlərin xatirələrini qələmə alaraq tarixləşdirməsidir. Günlərin birində bəstəkar Reynqold Qliyerin (1875-1956) ona Cəfər Cabbarlının "Od gəlini"ndən heyranlıqla danışmasını yada salır. Pyes Qliyeri necə tərpədibmişsə, Tuqanova "Od gəlini" operası bəstələmək  həvəsinə düşdüyünü, bu mövzuda libretto yazması xahişi ilə Cəfərə müaraciət etmək istətdiyini deyir.

Beləcə, yeni tipli ilk Azərbaycan operası ola biləcək "Od gəlini" 1930-cu illərin əvvəllərində doğula bilərmiş. Ancaq heyiflər ki, bu arzu elə niyyət olaraq qalıb. Hərçənd, ayrı millətdən olan bir başqa bəstəkarı da Cəfər Cabbarlının "Od gəlini" necə tutubmuşsa, başlayıbmış opera yazmağa, hətta bəzi parçalarını yazıb tamamlayıbmış da.

İndi bütün bunları bilə-bilə könüldən bu arzu keçir ki, niyə də "Od gəlini"nə qayıdılmasın? Elə Cabbarlının özünün şeir irsindən istifadəylə, mətnində həm tarixi həqiqətləri, həm bugünün çağırışlarını nəzərə alan libretto yazılaraq "Od gəlini" operamız yaradılmasın?

Balaca ömrü içərisində Cəfərin gerçəkləşən diləkləri və baş tutmayan istəkləri olub. Onun hələ gerçəkləşməmiş bir para niyyətləri var ki, hamımıza bəllidir. Bilirik hansı əsərlər üzərində düşünürmüş, hansı mövzularla bağlı hazırlıqları varmış, xəbərimiz var ki, bu haqda dostlarına, tanışlarına nə söyləyibmiş.

Xəbərdar olduqlarımızdan biri budur ki, Əfqanıstan haqqında ayrıca əsər yazmaq istəyirmiş, dostlara, tanışlara deyirmiş ki, Əfqanıstanla bağlı, oranın tarixi ilə əlaqədar hansısa məqaləyə, kitaba rast gəlsəniz, mənə çatdırın. Elə bu fikrini açdıqlarından biri Sabit Rəhman olmuşdu. Sabit ikilikdəki söhbətlərinə əsasən xəbər verir ki, Cəfər Cabbarlı neftçilərin həyatından bir pyes, "Əfqanıstan" adlı tarixi dram yazmağı sadəcə düşünmürmüş, artıq boynuna götürübmüş. Demək, teatrla danışığı, razılaşması olubmuş. Sabit təsdiqləyir ki, bu haqda qəzetlərdə yazılar da varmış. Deyir, hətta bir-iki dəfə ondan bu barədə soruşdum. Bir dəfə söylədi ki, hələlik vaxtım yoxdur, bir başqa dəfə şikayətləndi ki, mövzularla bağlı materialları tapa bilmir, buna görə də ondan xahiş edir ki, Əfqanıstan barədə əlinə nə əsər keçsə, mənə ötür.

Bunlar Cəfərin elə planlarıdır ki, dar bir çevrədə olsa da, bəlliymiş, hətta mətbuata da hansısa soraqlar sızıbmış. Lakin onun elə niyyətləri də varmış ki, bir-iki nəfərdən başqaya bəlli deyilmiş. Bunu da elə həmin Tuqanov Cəfər haqqındakı indiyədək əlyazmada qalan xatirələrində faş edir. Yazır ki, bir dəfə Cəfər mənə Dram Teatrının içərisində yaxşı bir kitabxananın qurulması istəyini açdı. Cabbarlı həmin kitabxananı yalnız tamaşaya qoyulan ayrı-ayrı pyeslərin mətnlərinin, teatra bilavasitə aidiyyəti olan ədiblərin əsərlərinin toplanacağı yer kimi görmürmüş. İstəyirmiş ki, həmin kitabxanada tarixə, ədəbiyyata, mədəniyyətə, siyasətə, həyatın hər sahəsinə aid maraqlı kitablar cəmlənsin. Çünki Cəfər özü oxumuş, biliklərlə dolu bir insan idi və aktyorluğa da, teatra da ülvi bir məkan, qutsal yer kimi baxırdı. İstəyirdi ki, teatra bağlı olan insanların hər biri səhnəni, bu mühiti  elə onun qədər sevsin. İstəyirdi ki, onun əhatəsindəki rejissorlar da, aktyorlar da kitab oxusunlar, biliklərə yiyələnsinlər, daxilən zənginləşsinlər, səviyyəcə yüksək olsunlar.

...Axşamlar Cavid əmanəti, bütün ömrü Azərbaycan teatrına bağlı Turan xanımla oturardıq, xəyalən ötən illərə, uşaqlıq çağlarına dönərdi, əsərləri Dram Teatrının səhnəsində dayanıqlı yer tutan atasının oradakı ayrıca lojasında əyləşib seyr etdiyi tamaşaları xatırlardı, həmin aktyorları da yalnız səhnədə deyil, elə evlərində də tez-tez gördüyünü yada salardı.

1920-1930-cu illərdə Azərbaycan səhnəsini dolduran əsasən iki dramaturqun əsərləri idi - Cavid əfəndinin, bir də Cəfər Cabbarlının. Hərəsinin öz gözəlliyi, hərəsinin öz vurğunları. O aktyorlar ki Cəfər Cabbarlının pyeslərində çıxış edirdi, baş rolları oynayırdı, onlar elə Hüseyn Cavidin də faciələrində aparıcı surətlərin ifaçısı olardı. Büsbütün fərqli üslublar, bir-birinə oxşamayan mövzular, tamam ayrı poetika, başqa dil, ifadə tərzi, o tərəfdə şeir, bu tərəfdə nəsr.

Cavidin uşaqları Ərtoğrol da, Turan da nə qədər çalışqan olsalar belə, hələ kiçikdilər, bir çox incə çalarları duyub, görüb qiymətləndirməyə yaşları çatmırdı. Cavid ki, xanımı Mişkinaz ki təcrübəliydilər, onlar da Ülvinin, Mərziyyə xanımın, Abbas Mirzənin, Kazım Ziyanın (1896-1956), həm Cabbarlı, həm Cavidin əsərlərində eyni şövqlə çıxış edən, digər mahir aktyorların başqalaşma bacarığına məftunmuşlar, bunu elə lojadakı pərdəarası söhbətlərində, tamaşadan sonra evdə çay süfrəsi arxasında söhbətlərində xoş təəccüblə hər dəfə dilə gətirirmişlər.

Və iş elə gətirir ki, Cabbarlının özünə də bir dəfə Cavid pyesində oynamaq girəvəsi düşür.

"Şeyx Sənan" gedəcəkmiş. Tamaşa salonu ağzınacan dolu. Ancaq teatra xəbər gəlir ki, Abbas Mirzə xəstələnib, bugünkü tamaşada iştirak edə bilməyəcək. Bu rolda Abbas Mirzənin əvəzedicisi Ülvi Rəcəb idi. Ancaq Şərifzadənin çox intizamlı olduğunu, adətən teatra tamaşadan xeyli əvvəl gəldiyini, hansı səbəbdənsə gələ bilməyəcəksə, bunu 1 gün öncədən xəbər verdiyini yaxşı bilən Ülvi Rəcəb arxayınmış ki, həmişəki kimi, Abbas Mirzə Şeyx Sənanda özü çıxacaq və həmin səbəbdən o da işlərinin ardıncaymış, teatrda yoxmuş.

Vəziyyəti belə qəliz görəndə teatr rəhbərliyi çıxış yolunu tamaşanı ləğv etməkdə görür. Ancaq teatrın ədəbi hissə müdiri Cəfər qayıdır ki, axı belə işləmək olmaz, görmürsünüz tamaşa salonu ağzınacan doludur, onları peşman eləmək rəvadırmı? Deyirlər ki, başa düşürük, tamaşaçını da anlayırıq, ancaq baş rolu oynayacaq adam yoxdursa, neyləyə bilərik axı biz?

Cəfər razılaşmır ki, necə yəni baş rolu oynayacaq adam yoxdur? Oynayan mən.

Təəccüblənirlər, deyirlər, məgər sən Şeyx Sənanı bilirsən?

Cəfər gülür ki, mən nəinki Şeyx Sənanın sözlərini, hətta əsərin  özünü əvvəldən-axıracan əzbər bilirəm.

Və gedir qrim otağına ki,  Şeyx Sənanın libasını geyinərək qrimlənsin.

Az sonra Cəfər artıq hazır idi, gəlir rejissorun yanına ki, narahat olmayın, hazıram, başlaya bilərik.

O günü görmüşlərin hamısı sonralar xatırlayırdı ki, belə məsul məqamda, ilk dəfə səhnəyə çıxaraq belə məşhur əsərdə baş rolu oynamaq ərəfəsində Cəfərin sifətində zərrəcə həyəcan, əlamət-filan yox idi.

Ancaq bu əsnada qapı açılır, Ülvi Rəcəb girir içəri. Görür ki, Abbas Mirzə Şərifzadə yoxdur, ancaq Cəfər Cabbarlı Şeyx Sənan geyimindədir. Təəccüblə soruşur ki, Cəfər, bu nə qiyafədir? Cəfər də şəstlə dillənir - o qiyafədir ki, Abbas Mirzə Şərifzadə xəstədir, gəlməyib, sən də yox idin. Tamaşa ləğv olunmasın deyə özüm istəyirdim Şeyx Sənanı oynayım və əlavə də edir ki, ikinizin də bəxti gətirdi, elə oynayacaqdım ki, ikinizə də dərs verəcəkdim.

...Ayrı-ayrı sənətlər fərqli istedad və qabiliyyət tələb edən istiqamətlərdir - dramaturq dramaturqdur, aktyor aktyordur, rejissor da rejissor. Girəvə olanda hansısa yaxşı aktyorun rejissorluq sevdasına düşərək alababat tamaşa hazırlaması nümunələri də var, məşhur rejissorların öz hazırladıqları tamaşalarda rol oynamaları təsadüfləri də. Ancaq dramaturqun həm də kamil bir rejissor kimi özünü göstərə bilməsi nadir rast gəlinəndir. Cəfər Cabbarlı elə fitri istedad sahibi idi ki, düşüncə tərziylə təməldən rejissor idi.

Cəfər pyeslərini əvvəlcədən, bütün mizanlarıyla elə səhnədə görürmüş kimi, rejissorsayaq düşünərək qələmə alırmış. Hansı əsəri yazırdısa, pyesin quruluşu artıq içərisindəcə hazır idi. Yenə müasirlərinin və bir nəfərin də deyil, çox çağdaşlarının xatirəsidir ki, Cabbarlı yazdığı əsərlərdəki qəhrəmanların hər birini hansı aktyorun ifa eləyəcəyini öncədən bilirmiş, surətləri (həm də birini-ikisini yox, hamısını) aktyorların imkanlarını nəzərə alaraq yazırmış.

Adətən bu, operalarda, operettalarda keçilmiş təcrübədir ki, bəlli teatrlarla işləyən bəstəkarlar obrazları ifaçıların səs imkanlarını nəzərə alaraq yaratmışlar. Ancaq bu halda da surətlərin heç də hamısını, hətta böyük hissəsini deyil, əsasən bir-iki obrazı nəzərdə tuturlar. Cəfər Cabbarlı isə dramaturq olmaqdan daha əvvəl elə rejissor idi ki, pyeslərini ən epizodik rola qədər teatrda hansı aktyorun bu rolun öhdəsindən necə gələ biləcəyini düşünərək yazırdı (Əlbəttə, anlayırdı ki, bu pyeslər başqa şəhərlərdə, digər teatrlarda da oynana bilər və oynanacaq da, təbii, orada tamam ayrı şərtlər işləyəcək. Ancaq istədiyi o idi ki, ən azı üstündə öz nəzarəti olan, öz Dram Teatrında oynanan tamaşalar ideala yaxın olsun, örnəyə çevrilə bilsin). Bununla bağlı sıra-sıra xatirələrdən biri Mərziyə Davudovadan qalıb. Söyləyib ki, günlərin birində Cəfər teatra "Sevil"lə gəldi. Dedi ki, indi aktyorlar arasında rolları böləcəyəm. Əvvəlcə əsər haqqında ümumi məlumat verdi, başdan-sonacan mətnlə tanış olduq, sonra Cəfər dedi ki, indi də rolları böləcəyəm.

Rollar və ifaçılar sadalananda Mərziyə xanım pəjmürdə olur. Qayıdır ki, Cəfər qardaş, gözləyirdim Sevili mənə verəcəksiniz, ancaq Gülüşü oynayacağımı dediniz, onu ürəyim çəkmir axı, Sevil olsaydı, nə yaxşı olardı.

Cəfər Mərziyə xanımı ovutmağa çalışır ki, rol məsələlərində mənim çox qəddar olduğumu bilirsiniz. Əgər kiməsə hansısa rolu təklif edirəmsə, demək, içərimdə bunu yüz dəfə ölçüb-biçmişəm. Mən belə düşünürəm ki, siz Gülüşü bu əsərdə çox gözəl oynayacaqsınız.

Mərziyə xanım təslim olmaq istəmir, icazə istəyir ki, heç olmazsa bircə dəfə Sevili oynamağıma icazə verilsin - bəyənilsə, bəyənilər, başqa cür olsa, onda daim  Gülüşü oynamağa hazıram.

Mərziyə xanım, ailəsi Cəfərçün çox əzizdi və onun sözünü sındırmaq Cabbarlı üçün mümkünsüz kimi idi. Odur ki, razılaşır.

Məşqlər arxada qalmışdı, ilk tamaşa günü çatmışdı. Mərziyə xanımın, Abbas Mirzənin sevimli yavrusu, ata-anası kimi özünü səhnəmizə həsr etmiş Firəngiz xanım Şərifovanın (1924-2014) anasının dilindən mənə söylədiyidir - Mərziyə xanım deyibmiş ki, onsuz da oynadığım hər surətə ürəyimi, bütün bacarığımı qoyurdum. Burada isə özümü həyatımın ən çətin imtahanını verəcəkmiş kimi təsəvvür edirdim. Ona görə də əsərin premyerasında oynadığım Sevili bütün aktyorluq həyatımın ən ali nəticəsi sayıram.

Tamaşa başlanmışdı və Mərziyə xanım elə oynamışdı ki, heç kəsin, ən birinci elə Mərziyə xanımın özünün qətiyyən gözləmədiyi hadisə baş vermişdi.

Cəfər Cabbarlının səbri çatmamışdı ki, tamaşanın bitməsini, son dəfə pərdənin enməsini gözləsin. Elə birinci pərdədən sonra keçmişdi pərdə arxasına, Mərziyə Davudovanın əllərini dönə-dönə sıxmışdı ki, gözəl Sevilsən!

Mərziyə xanım üçün sənətlə yaşadığı bütün illərdə bundan əziz bir mükafat olmamışdı.

Ancaq Mərziyə xanımın Cabbarlının misilsizliyi ilə bağlı bir xatirəsi də vardı. Teatrımız Kazanda qastrol səfərindəymiş və bir neçə başqa pyeslə yanaşı Cəfər Cabbarlının da iki əsəri afişadaymış: "Sevil", bir də "Od gəlini". Mərziyə xanımın xatirindən silinmirdi ki, Kazandakı iki məşhur - Xalq artisti, aktrisa Gülsüm Bolqarskaya (1891-1968) və istedadlı dramaturq, mahir aktyor Kərim Tinçurin (1887-1938) sənətkarlarımızın oyununa nə təhər valeh olublarmış, təşkil etdikləri ziyafətlərdə bizimkiləri necə hərarətlə tərif edirlərmiş, ancaq ən çox yadda qalan, hamıya təsir edən Tinçurinin sözləri olmuşdu. Tamaşalarımızın hamısı bitəndən sonra qastrol yekunlaşanda Kərim Tinçurin deyibmiş: "Çox təəssüf ki, mən Cəfər Cabbarlının yalnız iki əsərini gördüm - "Od gəlini"ni və "Sevil"i. Fəqət bu əsərlərdəki yüksək sənətkarlıq məndə belə bir inam oyatmışdır ki, neçə-neçə əsrdən sonra Cəfər Cabbarlının təkcə "Od gəlini" əsəri də qalmış olsa, o, yenə də yaşayacaq və seviləcəkdir".

Mərziyə xanımı mən görmədim. Onun Cəfər Cabbarlı haqqında xatirələrini öz əlyazmalarından, bir də qızı Firəngiz xaınımın dilindən eşitdim. Ancaq Sona xanım Hacıyeva (1907-1979) ilə görüşdük 1970-ci illərin sonlarında.

Sona xanım Hacıyeva da, onun anası Əzizə xanım Məmmədova (1892-1961) da Azərbaycan səhnəsindəki ilk qadınlardan idilər. Sona xanımın bir nadirliyi də vardı ki, o, Azərbaycan səhnəsində Leyli rolunu ifa edən ilk qadın olmuşdu. Cabbarlı pyeslərində Sona xanım dəfələrlə rol almışdı. Cəfərin hər aktyorun hansı rolu oynayacağını irəlicədən müəyyənləşdirdiyinin daha bir təsdiqi elə Sona xanım Hacıyevanın söylədikləridir. Deyirdi ki, növbəti tamaşalardan birindən sonra Cəfər mənim oyunumu çox təriflədi və əlavə elədi ki, bu yaxınlarda sənin üçün məxsusi bir rol yazacağam.

Çox keçmir, "1905-ci ildə" pyesinin səhnəyə hazırlanması işləri başlanır.  Sona xanım Cəfərin elə ilk dəfə rol bölgüsünə toplaşarkən ona dediklərini fəxrlə xatırlayırdı. Cabbarlı ona qanad verən bu sözləri deyibmiş ki, bu əsərdə sənin üçün iki iş görmüşəm. Birincisi, məhz sənin ifaçılıq imkanlarını nəzərdə tutaraq bir surət yaratmışam, ikincisi də, elə etmişəm ki, tam üst-üstə düşəsiniz - pyesdəki qəhrəmanın da adı elə sənin adın kimi Sonadır.

...Sona xanımın 1978-ci ildə lentə aldığım səsini dinləyirəm, Cəfərdən danışır, arada köks ötürür, arada susur, arada kövrəlməsi səsində duyulur.

Anlayıram, həmin lentdəki ayrı bir zamandır, o insanlar ayrı dövrün adamlarıdır, dərk edirəm, indi tamam başqa vaxtdır, ancaq biz həmin millətik axı! Bu millət olaraq qalmaq istəyiriksə, gərək özümüzü bütün çalarlarımızla tanıyaq axı, gərək yaddaş pozulmasın, itməsin axı! Yaddaşı itirsək, kim olarıq?!

2 iyul 2026

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью