525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Şəxsiyyətinə və yüksək ziyalılığına dərin hörmət bəslədiyim, milli folklorumuzun mahir bilicisi və yorulmaz tədqiqatçısı, Şəki folkloruna dair çoxsaylı kitabların müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Hikmət Əbdülhəlimovun bu günlərdə “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla çapdan çıxmış “Yaddaşa qayıdış” kitabının II cildi (344 səhifə) haqqında fikir və düşüncələrimi hörmətli oxucularla bölüşmək istərdim.
Hörmətli müəllifin əvvəllər çap olunmuş “Yaddaşa qayıdış” kitabının I cildi ilə yaxından tanış olmuş, əsərin zəngin və yaddaqalan həyat həqiqətlərinə söykənən publisistikası, memuar, hekayə və esselərinin ecazkar dili və üslubunun sehrinə düşmüş, öz fikirlərimi müəlliflə dəfələrlə bölüşmüş, yüksək qiymətləndirmişəm.
Müəllifin mənə yüksək etimad göstərərək həmin əsərin II cildini redaktə etmək və qısa “Ön söz” yazmaq barədə təklifi, sözün düzü, mənim üçün göydəndüşmə olmadı... Əslində bu müraciət mənim üçün böyük məsuliyyət və etimad idi... Çünki Hikmət müəllimin yaradıcıllığı haqda böyük ədəbiyyatşünas alimlər: milli şairimiz, akademik Bəxtiyar Vahabzadə, akademik Rafael Hüseynov, akademik Yaşar Qarayev, professor Şirməmməd Hüseynov, professor. Zahid Xəlil, professor Qəzənfər Paşayev, professor Ədalət Tahirzadə, Sabir İmamverdiyev (Sabir Yanardağ) və başqaları onun yaradıcılığını təqdir etmiş, məqalələr yazmışlar.
Bu böyük alimlərdən sonra Hikmət müəllimin kitabını redaktə etmək və ona “Ön söz” yazmaq təklifi çiyinlərimə ağır mənəvi “yükün” qoyulması demək idi... Hesab edirəm ki, bu məsuliyyətli işin icrası artıq tarixə çevrilib, kitab nəşr olunub, onun dəyərini hörmətli oxucular verəcəkdir. Bu yazıda “Ön söz”də söylənilənlər əsas olmaqla kitab haqqında ilkin təəssüratımı əziz oxucular və internet izləyiciləri ilə də bölüşmək istərdim.
Öncədən deyim ki, yaradıcılığına və şərəfli ömür yoluna dərindən bələd olduğum müəllifin hörmətli oxucuların mühakiməsinə təqdim olunan “Yaddaşa qayıdış” (II cild) kitabı əsas olmaqla, qələm və kəlam ustadımız Hikmət müəllimin kitabı və nadir şəxsiyyəti haqda yazdığımız bu isti sətirlər qəlbimin dərinliklərində çoxdan yer almış xoşməramlı hisslərin təzahürü, tanınmış Azərbaycan ziyalısına bəslədiyim ülvi duyğuların ifadəsidir... Hər şeydən qabaq deməliyəm ki, adı və parlaq şəxsiyyəti əməlləri ilə üst-üstə düşən Hikmət müəllimin əsərlərinin mayası və ədəbi siqləti hikmətdən, əxlaqdan, mənəviyyatdan, milli düşüncə və milli dəyərlərdən yoğrulub desəm, yalnız həqiqəti etiraf etmiş olardım.
Nə xoşbəxtik ki, dostlarla müntəzəm görüşlərimizin, canlı ünsiyyətlərin baş mövzusu Şərqin hikmət fəlsəfəsi, aparıcısı isə həmişə Hikmət müəllim olur, hər görüşdən sonra ondan eşitdiyimiz hikmət və mənəviyyat söhbətlərindən hər kəs gücü yetən qədər “pay” götürür, mənəvi cəhətdən bir qədər də zənginləşir...
Necə deyərlər, bu yüngülvari müqəddimədən sonra “Yaddaşa qayıdış” (II cild) kitabının məzmunu ilə hörmətli oxucuları tanış etmək istərdim.
Simvolik adı “Yaddaşa qayıdış” olan bu dəyərli kitabın belə adlandırılması təsadüfi deyil. Bu gün dünyada qloballaşma deyilən bir proses bütün təzyiqləri ilə milli dəyərlərə, milli kimliyə, milli mədəniyyətə, milli dilə zərbə vurur. Nəticədə milli dəyərlər aşınmaya məruz qalır. Etiraf etməliyik ki, milli dəyərlər, milli kimliklərin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi bu gün artıq həyati zərurətə çevrilib. Başqa sözlə, yalnız milli kimlikləri möhkəm əsaslar üzərində qurulan millətlər “qlobal kimliyin” içərisində əriyib yox olmaqdan qurtula bilərlər... Çünki milli yaddaş bir xalqın tarixini, mədəniyyətini, dilini, adət-ənənələrini və tarixi şəxsiyyətlərini özündə birləşdirən ortaq yaddaş xəzinəsidir. Bu, xalqın özünüdərki, kimliyi və gələcəyə inamla addımlaması üçün əsasdır, arxiv sənədləri, mədəni irs, folklor və tarixi hadisələrin anılması ilə qorunub nəsildən-nəslə ötürülür.
Milli yaddaşın gənc nəslə aşılanması milli təhlükəsizlik və möhkəm milli ideoloji sabitlik üçün təməl prinsipdir. Milli yaddaş milləti millət edən, onu başqa millətlərdən fərqləndirən və tarixin keşməkeşli sınaqlarından çıxararaq bugünkü milli müstəqil dövlətçiliyə çatdıran ən müqəddəs dəyərdir...
Hikmət müəllimin yaradıcılığının baş mövzusu xalqımızın min illər boyu formalaşmış milli-mənəvi dəyərlərinin, tarix və mədəniyyətinin, folklorunun dərindən öyrənilməsi və gələcək nəsillərə gərəyincə və yetərincə çatdırılmasıdır.
Bu baxımdan müəllifin yenicə nəşr olunmuş “Yaddaşa qayıdış” əsərinin II cildinin də mayasını və başlıca ideya-fəlsəfi əsaslarını milli yaddaşa qayıdış, milli yaddaşın dərindən öyrənilməsi və qorunması yolu ilə Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlər əsasında yetişdirilməsinə təşviq, çağırış təşkil edir. Başqa sözlə, “Yaddaşa qayıdış” mahiyyətcə gələcəyə xidmət missiyası daşıyır...
Kitabda toplanan və müəllifin qələmindən çıxan əsərlərin hamısının məzmunu bu milli ideya-tarixi yaddaşa qayıdışın qloballaşan dünyanın mənfi təsirlərindən qorunmasının təşviqinə yönəlib.
Maraqlı məqamlardan biri də budur ki, müəllifin milli yaddaş konsepsiyasında ümümbəşəri dəyərlər istisna edilmir, milli dəyərlər bəşəri dəyərlərlə də zənginləşdiyi diqqətə çatdırılır.
Bu baxımdan kitabın I bölməsində verilən böyük söz və fikir adamı “Lev Tolstoyun məşhur “Gündəlik”ləri barədə bəzi qeyd və düşüncələr” diqqəti cəlb edir.
Müəllifin uzun illər L.Tolstoyun yaradıcılığını araşdırması, həmin “Gündəlik”ləri ana dilimizə tərcümə etməsi, nəhayət, “Gündəlik”lərdəki mövzuların Şərq fəlsəfi-etik görüşlərinə və prinsiplərinə uyğun olaraq təsnifatını verməsi təqdirəlayiq hal kimi dəyərləndirilməlidir. 22 yarımbölmədə ümumiləşdirilən L.Tolstoyun hikmət və tərbiyə fəlsəfəsinin bu cür dəqiqlik və məntiqi ardıcıllıqla qələmə alınması Hikmət müəllimin əməksevər araşdırıcı zəhmətinin nəticəsidir və böyük ziyalı təbiətindən irəli gəlir.
Kitabın II bölməsində L.Tolstoyun məşhur “Hacı Murad” əsərinin qəhrəmanı Hacı Muradın ölümü ilə bağlı Nuxada (Şəkidə) dolaşan müxtəlif rəvayətlər və onların o dövrün mətbuatında çap olunan versiyaları haqda geniş məlumat verən müəllif, Qafqaz tarixinin, Şeyx Şamil hərəkatının Azərbaycanla bağlı bir çox məqamlarına da işıq tutur, bəzi qaranlıq səhifələri işıqlandırır...
“Yaddaşa qayıdış” kitabının ən oxunaqlı, yaddaqalan və milli tariximiz üçün qiymətli qaynaqlarından biri olan Türkiyə yazarı, ötən əsrin XX illərində xüsusi dəvətlə Şəkidə müəllim kimi fəaliyyət göstərən Şövkət Sürəyya Aydəmirin “Suyu arayan adam” əsərindəki (III bölmə) Şəki tarixinə, xüsusən Şəkidə sovet hakimiyyətinin qurulduğu ilk illərdə rus işğalçılarının törətdiyi vəhşiliklərə həsr olunan hissələrin Azərbaycan oxucularına təqdim olunması tarixi yaddaşımızın bərpası və müasir gəncliyin həmin hadisələrdən ibrət dərsi götürməsi baxımından müstəsna əhəmiyyət daşıyır.
Hesab edirəm ki, istər L.Tolstoyun “Gündəlik”ləri, istərsə də Ş.S.Aydəmirin “Suyu arayan adam” əsərindəki hikmət fəlsəfəsi və milli tariximizlə bağlı məqamlara müraciət Hikmət müəllimin böyük ziyalılığından irəli gəlir. Bu, inkarolunmaz həqiqətdir ki, ziyalılar millətin yolunu işıqlandıran, aydınladan, milli-mənəvi dəyərlərin varisliyini təmin edən, milli yaddaşa qayıdışla gələcək arasında, dünənimizlə bu günümüz, bu günümüzlə sabahımız arasında sarsılmaz mənəvi körpü quraraq tarixdə iz qoyan şəxsiyyətlərdir. Ziyalı, sözün həqiqi mənasında millətin düşünən beyni, danışan dili, görən gözüdür. Millət, fərdlərinin sayca çoxluğu ilə deyil, ziyalılarının bolluğu və onların milli-mənəvi dəyərlərə verdiyi töhfələri ilə Vətəndə hörmət qazanır, dəyərləndirilir...
Bu mənada H.Əbdülhəlimovun həyat və xalqa xidmət yolu və ədəbi yaradıcılığı əsl ziyalılıq örnəyidir, əlimizdə olan kitab onun milli dəyərlərə yeni töhfəsidir.
Kitabın IV bölməsində müəllifin son illərdə yazdığı və mətbuatda çap olunmuş milli-mənəvi dəyərlərə həsr olunan qiymətli publisistik yazıları da “Yaddaşa qayıdış” fəlsəfəsini təşviq edir. Bu bölmədə toplanan və real həyat həqiqətlərini əks etdirən hekayə və esseləri həyəcansız oxumaq mümkün deyil...
Kitabın ən maraqlı bölmələrindən biri olan V bölmədə müxtəlif illərdə böyük şəxsiyyətlərin (Bəxtiyar Vahabzadə, Əziz Əfəndizadə, Yaşar Qarayev, Sadıq Murtuzayev və b.) H.Əbdülhəlimovun yaradıcılığı və şəxsiyyəti haqda çap olunmuş yazılar toplanıb.
Bu yerdə yadıma böyük alim Albert Eynşteynin bir müdrik kəlamı düşdü: “Həyat öyrənməkdən ibarətdir...”
Bəli, Hikmət müəllimin ömür yolu heç də hamar olmayıb. Həyat onun üçün yaşamaq, fəaliyyət göstərmək yolu olduğu kimi, həm də öyrənmək mənbəyi olub. Həyatdan öyrəndiklərini və oxuduqlarını başqalarına çatdırmaq və digərləri ilə bölüşmək kimi ülvi bir missiya verilib Hikmət müəllimə...
O, bu müqəddəs missiyanı ömrünün müdriklik yaşında da ləyaqətlə davam etdirməkdədir...
İnanırıq ki, hörmətli oxucuların görüşünə gələn müəllifin yeni “Yaddaşa qayıdış” (II cild) kitabı da ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanacaq, onların stolüstü kitabına çevriləcəkdir. Bu yolda hörmətli Hikmət müəllimə yaradıcılıq uğurları, sağlıqlı və hüzurlu həyat arzulayırıq.
Əsgər Quliyev,
Filologiya üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim