Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gəncliyimdə tanıdığım insanları ömrümün bu yaşında da həmin ehtiramla, həmin sevgilərlə xatırlayıram. Mənim vətəndaş kimi formalaşmağımda bu ehtiramın da işığı olub. O işıq indi də könlümdədir. İllər belə işıqları nə azalda bilir, nə də söndürə. Gəncliyimdə tanıdığım Oktyabr müəllimə də belə bir möhtəşəm ehtiramım olub. Yüzlərlə həmyaşıdım da gəncliyini belə yaşayıb, yaşayanlar indi də bu düşüncələrlə yaşayır...
Oktyabr Arif oğlu Rüstəmov 1931-ci il noyabrın 7-də Zəngilanın Bartaz kəndində anadan olmuşdu. Uşaqlığından kəndin gözəlliklərindən bəhrələnən ruhu ağsaqqal söhbətləri ilə gözəlləşirdi. Gözəlləşmə xalqın malik olduğu milli-mənəvi dəyərləri düşüncələrinə, xarakterinə köçürməkdir...
Oktyabr Arif oğlu da böyük Nizaminin bir kəlamını düşüncələrinin göy qurşağı bilirdi: “Ata nəsihəti faydasız olmaz”. 1947-ci ildə bu nəsihət-məsləhət onu S.M.Kirov adına Ordubad Pedaqoji Texnikumuna yönləndirdi. İbtidai sinif müəllimi olacaqdı. Oxudu, öyrəndi, öyrənə-öyrənə müəllimliyə rəğbəti də yarandı; məsləhət işığında seçdiyi ixtisası sevdi...
1951-ci ilin sentyabrında Pircivan kənd (indiki Zəngilan şəhəri) orta məktəbinə müəllim təyin olundu. Müəllim idi, ictimai işlərə də marağı vardı. Bu maraq həmişə cəmiyyətdə fəallıq üçün bir mərhələ olub. Oktyabr Arif oğlunun fəallığı onu rayon komsomol təşkilatının tədbirlərinə həvəsləndirirdi. Bu həvəs marağa, maraq istəyə çevrildi. O illərdə belə maraq, belə istək diqqətdən kənarda qalmırdı. 1952-ci il oktyabrın 10-da Oktyabr Rüstəmov Zəngilan Rayon Komsomol Komitəsinin (RKK-nin) təşkilat şöbəsinin müdiri vəzifəsinə irəli çəkildi. Hər yeni təyinat cəmiyyətdə yeni kollektiv deməkdir, yeni kollektiv yeni xarakterlər, yeni iş üslubu deməkdir. Bunlar hər bir kadrdan məsuliyyət, sevgi və geniş dünyagörüşü tələb edir. Oktyabr Arif oğlu o dövrün böyük siyasi strukturlarından birində fəaliyyətə bu dərklə başladı...
Rayon gəncləri arasında dövrün tələbləri ilə səsləşən siyasi fəallıq yüksəlirdi. Rayon partiya komitəsi bu yüksəlişin şaxələrini sezirdi; Oktyabr Rüstəmovun fəaliyyətinin miqyası görünürdü. 1956-cı il sentyabrın 10-da RKK-nin ikinci katibi vəzifəsinə seçildi. Böyük etimad idi. Belə etimad böyük məsuliyyət də yaradırdı. Sonralar Oktyabr Arif oğlu deyəcəkdi: “Mən əmək fəaliyyətinə müəllimlikdən başlamışdım. Müəllimlik insanlarla işləmək bacarığının bəlkə də ilkin, başlanğıc mərhələsidir. Deyiləni eşitmək bacarığı da, fikri səlis izah etmək məharəti də bilavasitə müəllimliklə bağlıdır. Hansı sahə olursa-olsun, amirlik səni üstələməməlidir, özünü orada müəllim bilməlisən: öyrədən, öyrədə-öyrədə öyrənən. Təkcə tədris etdiklərini deyil, xalqın milli-mənəvi dəyərlərini aşılamağı da bacarmalısan. Müəllim kimi!..”
Sovetlər dövründə komsomol həmişə partiya üçün kadrlar hazırlayıb. Partiya, əsasən, kadrlarını komsomol orqanlarından seçirdi. Bu seçim ilkin olaraq kadrın əqidəsinin, təhsilinin, bacarığının, işgüzarlığının göstəricisi olurdu. 1956-cı il dekabrın 10-da Zəngilan Rayon Partiya Komitəsinin (RPK-nin) təlimatçısı vəzifəsinə təyin olunan Oktyabr Rüstəmov bu vəzifədə iki il işlədi. Yenə dövlətə, dövlətçiliyə sədaqətlə, özünün malik olduğu mənəvi keyfiyyətlərə sədaqətlə. Belə kadrın daha yüksək vəzifələrə təyin olunması üçün ali siyasi təhsil almasını zəruri hesab edən rayon partiya komitəsi onu 1958-ci ildə Bakı Ali Partiya Məktəbinə göndərdi. Bu təhsil digər təhsil sahələrindən xüsusi istiqaməti ilə fərqlənirdi. Burada təhsil alandan təkcə çalışmaq, öyrənmək tələb olunmurdu, o, həm də siyasi düşüncəyə malik olmalı idi, siyasi hadisələr arasında analogiyaları da görməyi bacarmalı idi, bu hadisələr arasında səbəb-nəticə əlaqələrini də. Bunları bacarmayan kadr heç zaman siyasi düşüncəyə malik ola bilməzdi. Oktyabr Rüstəmov belə təhsil alırdı. “Ali partiya təhsili almış kadr təkcə dövlət daxilində baş verən hadisələrə siyasi şərh verməyi bacarmaqla kifayətlənə bilməzdi. İş prosesində ona dünyəvi proseslərdən də suallar ünvanlana bilərdi. Təsəvvür edin: sual verilib, sən ya cavab verə bilmirsən, ya da sualın mahiyyətindən yayınırsan. Onda yaranan vəziyyət sənin karyeranın sonunun başlanğıcı olacaq. Mütləq belə olacaq. Gec-tez sən tutduğun vəzifədən gedəcəksən. İllərlə çəkdiyin zəhmət heç olacaq...”, - Oktyabr Rüstəmov söhbət yoldaşlarına səmimiyyətlə belə deyərdi.
Bakı Ali Partiya Məktəbini bitirdikdən sonra (1962-ci il) Zəngilan RPK-də təlimatçı vəzifəsinə təyin olundu. Mahiyyət baxımından yeni olmayan iş yeri idi. Komsomol təşkilatında gənclərlə işləyəndə siyasi işin fəlsəfəsini yaxşı mənimsəmişdi. Məsuliyyətlə işləyir, rayonun ilk partiya təşkilatlarının partiya-təşkilat işlərinin möhkəmləndirilməsində xüsusi fəallıq göstərirdi. O illərdə “yaxşı işçi”, “yaxşı kadr” həm də siyasi baxımdan fəal olanlara deyilirdi; Oktyabr Rüstəmov siyasi fəallığı ilə tanınırdı, sevilirdi. Zəngilan RPK-nin plenum üzvü, Azərbaycan SSR Ali Məhkəməsinin iclasçısı, Zəngilan şəhər sovetinin deputatı seçilən bu bacarıqlı, işgüzar, dürüst kadr 1968-ci il avqustun 27-dək bu vəzifədə işlədi, sonra rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsinə təyin olundu.
Mən rayon partiya komitəsində siyasi-maarif kabinəsinin müdiri işlədiyim müddətdə onunla daha yaxından təmasda olurdum, onun məsləhətlərini fəaliyyətimdə rəhbər tuturdum. Oktyabr müəllim böyük təcrübəyə malik olan kadr idi. İş təcrübəsi, siyasi sahədə malik olduğu bacarıq və həyat təcrübəsi ilə tanınırdı. Bu tanınma böyük, səmimi bir ehtiramla əhatələnirdi.
Oktyabr Arif oğlu böyük ürək sahibi idi. Yaşca özündən kiçik olanlara böyük hörmət və ehtiramla yanaşırdı, onlarla söhbətləşməyi sevirdi. “Belə söhbətləri həmişə öyrənmə prosesi bilmişəm. Söhbət əsnasında nəyisə aşılayırsan, öyrədirsən, həm də nəyisə öyrənirsən. Gənclik mənim üçün həyat fəlsəfəmin tərkib hissəsi olub...”, - Oktyabr müəllim bu düşüncələrlə işləyirdi, gənclərə gərəkli məsləhətlər verirdi.
Zəngilan şəhər sovetinin sədri idi. Rayon partiya komitəsinin yeni inzibati binasında son tamamlama işləri aparıldığına görə binanın qarşısında salınan parkda da qızğın işlər gedirdi. Orada olan qurumuş ağaclar kəsilir, qışda yanacaq kimi istifadə olunması üçün məktəblərə, bağçalara göndərilirdi. Qışda yanacağa böyük ehtiyacı olan, ailə başçısını itirmiş yaşlı bir qadın məndən xahiş etdi ki, kəsilən ağaclardan ona bir maşın odun verək. Qadının xahişini parkda işlərin təşkili ilə məşğul olan Oktyabr müəllimə çatdırdım. Oktyabr müəllimin qaşları düyünləndi. Baxışlarına qəribə bir qəhər çökdü. Bir anlığa, tək bircə anlığa göy üzünə baxdı, yüklənmiş maşının həmin qadının həyətinə aparılmasına göstəriş verdi...
Gənc ailələrə fərdi tikinti üçün torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdu. Mən də torpaq sahəsi almaq üçün öz adımdan ona ərizə ilə müraciət etdim. Səmimiyyətlə əlini çiynimə qoydu, bildirdi ki, gələcəkdə rəhbər partiya işçisi kimi qınaq obyektinə çevrilə bilərsən, sən yox, qoy yoldaşın müraciət etsin. Belə də etdim. Onun tapşırığı ilə səhəri gün saat üçdə torpaq ayrılacaq yerdə oldum. Oktyabr müəllim komissiya üzvləri ilə əraziyə yaxınlaşanda ilk olaraq mənə torpaq ayrılmasını məsləhət gördü. Mənə ən yaxşı yerdən torpaq verildi. Sahənin yanından rahat və geniş yol olması üçün xeyli boş yer saxlatdırdı. Torpaq verilməsi ilə bağlı bir faktı da xatırlayıram: Oktyabr müəllim imkansız bir nəfərə torpaq sahəsi verilməsinə yaradılan süni maneələri mənim xahişimlə elə oradaca aradan qaldırdı, ona da torpaq sahəsi verildi...
Xalqın, əhalinin mənafeyi naminə həmişə qanunauyğun və doğru hesab etdiyi fikri deməkdən çəkinməzdi; haqqın, ədalətin tərəfdarı idi...
1979-cu ilin martınadək Zəngilan Rayon Xalq Nəzarət Komitəsinin sədri vəzifəsində işlədi. İşlədiyi sahənin cəmiyyətin və xalqın taleyində böyük əhəmiyyət daşıdığını aydın dərk edirdi...
Sadə insan idi, saf əqidəli insan idi, yüksək intizamlı, tələbkar kadr idi, xeyirxahlığı yaşayışın, həyatın, ömrün mənası bilən vətəndaş idi...
1979-cu ilin aprelindən 1980-ci ilin martınadək Zəngilan RPK-də siyasi-maarif kabinəsinin müdiri, 1980-ci ilin aprelindən 1984-cü ilin sentyabrınadək rayon istehlak cəmiyyəti idarə heyətinin sədri, 1985–1988-ci illərdə rayon avtonəqliyyat müəssisəsinin rəisi işlədi. 1988-ci ilin fevralında Zəngilan Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçildi, ömrünün sonuna kimi bu vəzifədə işlədi...
İşlədiyi illər ərzində bütün sahələrdə öz işini vicdanla yerinə yetirən bir kadr kimi tanınırdı. Rayonun ictimai-siyasi həyatında yaxından iştirak edirdi, dəfələrlə rayon partiya komitəsinin büro və plenum üzvü, rayon və şəhər sovetinin deputatı seçilmişdi. “Rəşadətli əməyə görə” V.İ.Leninin anadan olmasının 100 illiyi münasibətilə təsis edilmiş yubiley medalı ilə təltif olunmuşdu.
Oktyabr Rüstəmov bacarıqlı partiya işçisi idi. Söhbətlərində şeiriyyət işartılarını çoxları duymamışdı. Sonralar məlum olacaqdı ki, Oktyabr müəllim həm də gözəl poetik duyğuya malik imiş, o işartılar da bu duyumdan süzülürmüş. Mənim də böyük ehtiramım olan bu gözəl insan gözəl şeirlər yazarmış. Kimsənin bundan xəbəri olmasa da, tarix bundan xəbərdar imiş. Zaman bu sirri saxlamadı. O şeirlərin bir neçəsini mən də oxumuşam, mənə könül xoşluğu verən bu şeirlərin ictimaiyyətə təqdim edilməsi haqqında düşünməyə dəyər. Həm Oktyabr müəllimin ruhuna ehtiram kimi, həm də ədəbiyyatımızın unudulmuş bir zərrəsi kimi...
Oktyabr müəllim həm də gözəl ailə başçısı idi. Həyat yoldaşı İstifa xanımla dörd oğul, bir qız böyüdüb boya-başa çatdırmışdı. Böyük oğlu İlqarla Zəngilanın müdafiəsində bir yerdə olmuşuq. Ortancıl oğlu Rüstəmlə komsomolda bir yerdə çalışmışıq...
Həmişə zəngilanlıların sevgisi ilə əhatələnən Oktyabr Arif oğlu uzun sürən ağır xəstəlikdən sonra 1991-ci il aprelin 29-da haqq dünyasına qovuşdu...
Yaxşı insanlar, camaatın sevgisini qazanmış insanlar, bacarığı və xeyirxahlığı ilə yaddaşlarda qalan insanlar heç zaman unudulmur. Tarix ona görə bəşəridir ki, bunları mühafizə edə bilir, yaşada bilir. Biz yaşadırıq, bizdən sonra da yaşadılacaq...
Bayram Məmmədov
Əməkdar müəllim