Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Hüseynbala Mirələmovun Zəfərin memarı, Ali Baş Komandan, Prezident İlham Əliyevə ithaf etdiyi “Nəfəsim Vətən” dramı haqqında ədəbi-publisistik düşüncələr
Klassik alman filosofu Fridrix Vilhelm Nitsşe yazırdı ki, “öz tarixinə qonşusunun gözü ilə baxan bir millət heç vaxt sağ qalmayacaq”. Bəli, hər bir xalqın tarixini o xalqın öz nümayəndələri yazmalıdır. Bu, təkcə tarixçi alimlərin üzərinə düşən missiya deyil. Jurnalistlər, ədəbiyyat adamları – yazıçılar, dramaturqlar, şairlər bu cəbhənin ön sıralarında olmalıdırlar.
Çünki ədəbiyyatın da mühüm missiyalarından biri xalqın tarixi yaddaşını qorumaq, keçmişi unutmağa qoymayan hadisələri gələcək nəsillərin düşüncə və duyğularına çatdırmaqdır. Bu missiyanı həyata keçirməyin ən təsirli yollarından biri isə dramaturgiyadır. Çünki səhnədə tarix sadəcə danışılmır, insan taleləri, xarakterlər, mənəvi seçimlər və ziddiyyətlər vasitəsilə yenidən yaşanır. Yazıçı-dramaturq Hüseynbala Mirələmovun yaradıcılığına da bu prizmadan yanaşmaq onun ədəbi axtarışlarının mahiyyətini daha dolğun anlamağa imkan verir.
Mirələmovun dramaturgiyasında diqqəti cəlb edən əsas cəhət mövzuya ictimai məsuliyyət hissi ilə yanaşması, tarixi hadisələrin arxasında dayanan milli-mənəvi həqiqətləri üzə çıxarmaq istəyidir. Onun üçün tarix, sadəcə, keçmişdə baş vermiş hadisələrin xronologiyası deyil, həm də bu günün düşüncəsini formalaşdıran, xalqın özünüdərkini zənginləşdirən, gələcək qarşısında məsuliyyətini xatırladan mənəvi yaddaşdır.
Dramaturqun Azərbaycanın mürəkkəb tarixi dövrü, yadelli təcavüzü qarşısında dövlətçilik iradəsi, torpağa bağlılıq və milli ləyaqət məsələlərinin bədii təcəssümünü tapdığı “Gəncə qapıları”, Qarabağ mövzusunda xüsusi mənəvi ağrı və ictimai həssaslıqla işlədiyi “Xəcalət”, “Vicdanın hökmü”, “Güllələnmiş heykəllərin fəryadı” kimi əsərlər bu baxımdan xüsusi diqqətəlayiqdir.
Ümumiyyətlə, Mirələmovun istər nəsrində, istərsə də dramaturgiyasında özünün şahidi olduğu Qarabağ müharibəsinin doğurduğu faciələr, doğma torpaqdan ayrı düşməyin ağrısı, milli yaddaşın yaralanması və insanın Vətəni qarşısında mənəvi borcu əsas ideya istiqamətlərini təşkil edir. Bu əsərlərdə Qarabağ yalnız coğrafi məkan, münaqişə ərazisi və ya siyasi hadisələrin baş verdiyi bölgə kimi təqdim olunmur. Qarabağ insanın yaddaşında yaşayan uşaqlıq, itirilmiş ev, yarımçıq qalmış arzular, ata-baba ocağı və doğma torpağa qayıtmaq ümidi kimi mənalanır. Dramaturq müharibənin insan həyatında yaratdığı mənəvi yaraları, faciə qarşısında fərdi məsuliyyəti və vicdanın hökmünü səhnə müstəvisinə gətirir, tamaşaçıya daim keçmişlə gələcəyin arasında sıx bağın olduğunu xatırladır.
Hüseynbala Mirələmovun əsərlərində tarix səhnəyə, səhnə isə ictimai düşüncəyə çevrilir. Yazıçının dramaturgiyasına nəzər salarkən bir məqam xüsusi vurğulanmalıdır: onun əsərlərində keçmişə müraciət, əslində, bu günə ünvanlanmış mənəvi sualların bədii ifadəsidir. Cavad xanın mübarizəsi, Qarabağın faciəli taleyi, insanın Vətən qarşısında borcu, tarixi şəxsiyyətlərin mənəvi dünyası – bütün bunlar ayrı-ayrı mövzular olmaqla yanaşı, vahid bir ideya xəttində birləşir. Bu xəttin mərkəzində isə milli yaddaş, Vətənə bağlılıq və insanın mənəvi məsuliyyəti dayanır.
Dramaturqun bu günlərdə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulan, Böyük Zəfərimizin memarı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə ithaf olunan “Nəfəsim Vətən” dramı da məhz bu mənəvi-estetik axtarışların məhsulu kimi diqqəti cəlb edir. İki pərdə və dörd şəkildən ibarət olan əsərdə müəllif Azərbaycan xalqının yaxın tarixində baş vermiş ən ağrılı faciələrdən biri – Xocalı soyqırımının yaddaşlarda buraxdığı sağalmaz izləri, otuz illik yurd həsrətini və 2020–2023-cü illərdə qazanılmış tarixi Zəfərin doğurduğu mənəvi dirçəlişi bədii səhnə müstəvisinə gətirir.
Stefan Çveyq qeyd edirdi ki, “tarix böyük dramaturqdur; o, həm faciələr, həm də komediyalar üçün parlaq bir sonluq tapmağı bacarır”. Əsərin əsas ideya xətti aydındır: Vətən yalnız coğrafi məkan, xəritədə sərhədlərlə müəyyənləşən ərazi deyil. Vətən insanın yaddaşı, uşaqlığı, ailəsi, ata-baba ocağı, doğmalarının məzarı, ana nəfəsi və onu gələcəyə bağlayan ümididir. İnsan Vətənini itirəndə evi ilə bərabər həyatının bir parçasını da itirir. Onu yenidən qazananda isə yalnız torpağa deyil, öz mənəvi bütövlüyünə qovuşur.
Müharibə insanın əlindən yalnız evini, yurdunu, doğmalarını almır. O, bəzən insanın uşaqlığını, xatirələrini, keçmişlə bu gün arasında qurduğu mənəvi əlaqəni də əlindən alır. Buna görə də qayıdışın ən çətin mərhələsi fiziki məsafəni qət etmək deyil, insanın öz daxilində itirdiyi dünyaya yenidən yol tapmasıdır.
Hüseynbala Mirələmovun “Nəfəsim Vətən” dramına bu aspektdən yanaşdıqda əsərin ideya mərkəzində yalnız torpaqların azad edilməsi yox, həm də insanın mənəvi bütövlüyünün bərpası dayanır. Dramda Xocalı faciəsinin ağrısı, uzun illərin həsrəti, Zəfər sevinci və doğma yurda qayıdış bir-birini tamamlayan mənəvi mərhələlər kimi təqdim olunur. Lakin əsərin daha düşündürücü tərəfi bu hadisələrin fonunda insan talelərinin necə dəyişməsidir.
Müəllif bu fikri əsərin adında – “Nəfəsim Vətən” ifadəsində ümumiləşdirir. Bu, sadəcə, poetik bir başlıq deyil, bütöv dramaturji məzmunun ideya açarıdır. Nəfəs insanın yaşamasının, Vətən isə xalqın varlığının rəmzidir. Bu iki anlayışın birləşməsi əsərin emosional və fəlsəfi məzmununu müəyyənləşdirir.
Müəllifin diqqəti, ilk növbədə, üç qadının − Sona ananın, Reyhan xalanın və Tükəz xalanın taleyinə yönəlir. Onların hər biri faciənin fərqli bir ağrısını daşıyır. Sona ana övladlarını itirmiş, nəvəsini ağır sınaqlar içində böyütmüş, otuz ildən artıq doğma yurdun həsrəti ilə yaşamışdır. Reyhan xala onun dərdinə şərik olan, keçmişin ağrılarını yaddaşında yaşadan insandır. Tükəz xala isə faciənin ən ağır mənəvi zərbələrindən birini almış obraz kimi təqdim edilir. O, oğlunun öldürülməsinin şahidi olduqdan sonra danışmaq qabiliyyətini itirib.
Məhz Tükəz xalanın obrazı dramın psixoloji məzmununu dərinləşdirən əsas bədii tapıntılardan biridir. Onun susqunluğu adi nitq itkisi yox, ifadə olunmamış ağrının, sözə çevrilə bilməyən xatirənin, illərlə insanın daxilində boğulmuş fəryadın rəmzidir. Tükəz xala danışmır, amma onun susması ətrafındakıların sözlərindən daha ciddi məna daşıyır. Sanki o, təkcə öz oğlunun deyil, Xocalıda həyatını, ailəsini, uşaqlığını və gələcəyini itirmiş, ümidini nə vaxtsa alınacaq qisasa bağlamış insanların içindəki fırtınanın sükutudur.
Axı, teatr insanlar və onların talelərindən ibarətdir. Bir kəndin, bir şəhərin və nəhayət, bir xalqın ümumiləşdirilmiş taleyidir “Nəfəsim Vətən”. Bu obrazların bədii əhəmiyyəti məhz onların fərdi talelərinin ümumiləşdirici məna daşımasındadır. Sona ananın həyəcanı, Tükəzin sükutu, Reyhan xalanın yaddaşında yaşatdığı dəhşətlər müharibənin yalnız döyüş meydanında baş vermədiyini, insanın ruhunda, ailəsində, gündəlik həyatında da davam etdiyini göstərir.
Dramın ilk pərdəsində Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın azad edilməsi ilə bağlı xəbərini eşidən Tükəz xalanın qəfil danışmağa başlaması əsərin ən təsirli səhnələrindəndir. Burada müəllif susqunluqla söz, faciə ilə sevinc, keçmişlə bu gün arasında emosional qarşıdurma yaradır. İllərlə danışmayan qadının ilk sözlərinin oğluna müraciət olması təsadüfi deyil. Onun üçün zaman dayanıb və oğlu Vətən hələ də həmin faciəli günün içində, on üç yaşlı uşaq olaraq yaşayır. Torpağın azad edilməsi isə ana üçün illərlə ürəyində daşıdığı sözləri nəhayət, dilə gətirmək imkanı yaradır.
Bu səhnənin dramaturji əhəmiyyəti, bədii gücü ondadır ki, ümummilli hadisə fərdi insan taleyində konkret mənəvi dəyişikliklə ifadə olunur. Xocalının azad edilməsi xəbəri yalnız siyasi və hərbi qələbə kimi səslənmir, sinəsi dağlanmış anaların simasında bir ananın otuz ildən artıq davam edən susqunluğunu pozur. Dramaturqun məharəti ondadır ki, danışmağı fiziki və psixoloji bir hadisə olmaqla yanaşı, mənəvi azadlığın rəmzinə çevirir. Tükəz xalanın açılan dili, əslində, Vətənin azad nəfəsidir.
Dramın ən dərin psixoloji qatlarından biri Toğrul obrazı ilə açılır. Əsərin bu qəhrəmanı Xocalı faciəsinin canlı şahidi deyil, onun nəticələrini öz taleyində daşıyan nəslin nümayəndəsidir. O, hələ körpə ikən doğma yurdundan çıxarılıb, valideynlərini itirib və yad mühitdə böyüyüb. İllər sonra hərbçi kimi doğma torpağa qayıtsa da, orada onu qəribə bir mənzərə gözləyir: öz doğulduğu yer onun üçün qaranlıqdır, xatirəsizdir.
Toğrulun Xocalıda dağıdılmış evin divarları qarşısında keçirdiyi daxili sarsıntı əsərin ən əhəmiyyətli psixoloji məqamıdır. O, doğma evinə qayıdıb, amma həmin evlə bağlı heç bir canlı xatirəsi yoxdur. Divarlar onun keçmişini təsdiqləyir, lakin ona heç nə danışmır. Bu, müharibənin bir uşağın həyatından nəyi apardığını göstərən ağrılı ziddiyyətdir: insan doğulduğu torpağa qayıda bilər, amma həmin torpaqda yaşamalı olduğu uşaqlığına qayıda bilməz.
Toğrulun “Mən sanki buraya bir özgənin xatirəsinə qonaq gəlmişəm” fikri dramın əsas ideyasını ifadə edən açar cümlələrdəndir. Burada söhbət sadəcə valideyn itkisi və ya doğma evin dağıdılmasından getmir. Toğrulun faciəsi həm də öz keçmişinə sahib ola bilməməsidir. O, valideynlərinin üzünü, anasının nəvazişini xatırlamır, uşaqlığının səsini eşitməyib. Onun üçün Vətən əvvəlcə yaşanmış bir xatirə deyil, uğrunda mübarizə aparılan mənəvi məqsəd olub.
Dramaturq bu obraz vasitəsilə müharibənin sonrakı nəsillərə ötürülən nəticələrinə diqqət çəkir. Müharibə bitə, sərhədlər bərpa oluna, şəhərlər yenidən tikilə bilər. Ancaq müharibənin uşaqlıqdan apardığı illəri heç bir tikinti, heç bir qələbə xəbəri geri qaytara bilməz. Toğrulun taleyi məhz bu həqiqəti xatırladır.
Onun torpağı ovuclayıb qoxlaması və öpməsi də təsadüfi səhnə deyil. Bu hərəkət bir tərəfdən doğma yurda qovuşmağın emosional ifadəsi, digər tərəfdən isə yaddaşın fiziki təmas vasitəsilə bərpasına cəhddir. Toğrul valideynlərinin səsini xatırlamır, amma onların yaşadığı torpağa toxunur. Onun üçün torpaq həm ata-ananın, həm uşaqlığın, həm də itirilmiş ailə ocağının əvəzsiz nişanəsinəsidir.
Humay obrazı bu mənəvi boşluğun qarşısında gələcəyi təmsil edir. Onun Toğrula münasibətində başqa bir məna xətti meydana çıxır. Humay Toğrulun keçmişlə gələcək arasında mənəvi körpüsünə çevrilir. O, Toğrulun ağrısını inkar etmir, onu unutmağa çağırmır. Əksinə, həmin ağrının içində yaşamaq və onun üzərində yeni həyat qurmaq imkanını göstərir. Humayın tikilən evlərə, gələcək uşaqlara, məktəbə və ailə ocağına münasibəti əsərin ideya xəttini fərdi faciədən ictimai dirçəlişə doğru genişləndirir.
Toğrulun həyətdə atasının sevdiyi nar ağaclarını, anasının və Humayın sevdiyi gülləri əkmək arzusu bu baxımdan xüsusi məna daşıyır. Bu, sadəcə məişət planı deyil. O, heç vaxt xatırlamadığı valideynləri ilə gələcək arasında mənəvi əlaqə yaratmaq istəyir. Atasının və anasının keçmişdə yaşadığı evdə indi öz ailəsini qurmaq, onların yarımçıq qalmış həyatını başqa bir formada davam etdirmək niyyətindədir. Deməli, itirilmiş uşaqlığın yerini yeni nəslin uşaqlığı tutmalıdır.
Bununla müəllif göstərir ki, müharibədə qazanılmış qələbənin həqiqi mənası yalnız torpağı azad etmək yox, həmin torpaqda yenidən həyat qurmaq, uşaqların silah səsi ilə yox, quşların nəğməsi ilə oyanacağı bir gələcək yaratmaqdır.
Dramda Bəxtiyar Vahabzadənin ruhunun iştirakı da ayrıca ideya yükü daşıyır. Müəllif burada özünün əvvəlki yaradıcılığından olan və dərin psixoloji xətti ilə seçilən “Xəcalət” əsərinə müraciət edir. Dramın bu hissəsində söhbət bir şairin ruhunun səhnəyə gətirilməsindən daha geniş məna kəsb edir: milli yaddaş öz keçmişinə hesabat verir. Vahabzadənin “Xəcalət” əsəri ilə bağlı xatırlatmalar keçmişin yalnız fərdi xatirələrdə deyil, milli ədəbiyyatın və ictimai vicdanın yaddaşında da yaşadığını göstərir. Bu, yazıçı ilə şair arasında yalnız ədəbi münasibəti göstərmir, Qarabağ dərdi ətrafında formalaşmış mənəvi bağlılığı da nümayiş etdirir.
Müəllifin Bəxtiyar Vahabzadəyə ünvanlanan müraciəti bu mənəvi xətti tamamlayır. Bir vaxtlar Qarabağın itirilməsindən doğan xəcalət hissi ilə yaşayan cəmiyyət indi qazanılmış Zəfərin yaratdığı qüruru ifadə edir. Müəllifin ustada müraciətində bu mənəvi dialoqun əsasını təşkil edir. “Artıq utanmaq deyil, fəxr etmək vaxtıdır!” fikri əsərin ideya istiqamətini ümumiləşdirən ifadələrdən biridir. Bu epizodda dramaturq bir həqiqəti ön plana çəkir: tarix yalnız baş verən hadisələrin ardıcıllığı yox, həm də xalqın öz keçmişinə münasibətidir. Zəfər keçmişdəki ağrıları silmir, lakin həmin ağrıların mənəvi məğlubiyyətə çevrilməsinin qarşısını alır.
Əsərin bu hissəsi onun publisistik və fəlsəfi məzmununu gücləndirir. Bununla belə, səhnənin daha yığcam, emosional fasilələrə və obrazların daxili reaksiyalarına geniş yer verən formada işlənməsi onun tamaşaçıya təsirini daha da artıra bilər. Bəxtiyar Vahabzadənin ruhunun uzun nitqləri və müəllifin ona cavabı bəzi məqamlarda səhnə hərəkətini dayandıraraq publisistik məzmunu ön plana keçirir. Bu fikirlərin bir hissəsi obrazların dialoqunda və səhnə davranışında ifadə edilsəydi, emosional təsir daha təbii və yığcam ola bilərdi.
Əsərin dramaturji quruluşu da diqqətəlayiqdir. Birinci pərdədə əsasən həsrət, gözlənti və Zəfər xəbəri ilə yaranan emosional dəyişiklik göstərilir. İkinci pərdədə isə hadisələr doğma yurda qayıdış, dağıdılmış ocağın yenidən qurulması və gələcəyə inam istiqamətində inkişaf edir. Bu quruluş ideya baxımından məntiqlidir: əvvəlcə insanın daxilindəki susqunluq pozulur, sonra o, öz torpağına qayıdır, nəhayət, həmin torpaqda yeni həyat qurmağa başlayır. Artıq hadisələr müvəqqəti yaşayış yerində yox, azad edilmiş Xocalıda cərəyan edir. Yeni evlər tikilib, küçələr abadlaşıb, həyətlərdə güllər əkilib, Azərbaycan bayraqları dalğalanır.
Bu mənzərə əvvəlki şəkillərdəki dağıntı, köçkünlük və nisgil atmosferi ilə kəskin təzad yaradır. Sona ananın doğma torpağa qayıdışdan sonra özünü yenidən həyata gəlməsi kimi hiss etməsi əsərin başlıca ideyasını tamamlayır. Onun üçün torpaq yalnız yaşamaq üçün yer yox, övladlarının xatirəsini yaşadan, onların ruhunu özündə qoruyan müqəddəs məkandır.
Əlbəttə, Vətənə qayıdış bütün yaraların sağalması ola bilməz. Bəzən qayıdış insanın öz itkiləri ilə üz-üzə qalmasının yeni mərhələsidir. Dağıdılmış evin divarları, xatirəsiz uşaqlıq, danışmağa gecikmiş sözlər, geri dönməyəcək doğmalar − bunlar Zəfər sevincinin arxasında qalan və unudulmamalı olan həqiqətlərdir.
Hüseynbala Mirələmov bu həqiqətləri səhnəyə gətirməklə tamaşaçını bir sual üzərində düşünməyə çağırır: azad edilmiş torpaqlarda yeni həyat qurarkən itirdiyimiz insanları, yaşanmamış uşaqlıqları və yaddaşımızın ağrılı səhifələrini necə qoruyacağıq?
Bu baxımdan “Nəfəsim Vətən” adının özü də əsərin ümumi məzmununu ifadə edən rəmzi məna daşıyır. Nəfəs insanın yaşamasının, Vətən isə onun mənsub olduğu mənəvi dünyanın şərtidir. İnsan öz yurdundan ayrı düşəndə yalnız coğrafi məkandan uzaqlaşmır; onun həyatının bir hissəsi də yarımçıq qalır. Vətənə qayıdış həmin yarımçıqlığın aradan qaldırılması istiqamətində atılan mühüm addımdır. “Nəfəsim Vətən”in əhəmiyyəti də məhz bu məqamda üzə çıxır. Dram milli Zəfər mövzusunu insan talelərinin dili ilə təqdim etməyə çalışır.
Məncə, “Nəfəsim Vətən” dramının əsas mənəvi mesajı məhz bu sualın ətrafında cəmlənir. Vətənə qayıdış yalnız torpağa qovuşmaqla bitmir. Bu yarımçıq qalmış uşaqlığın, susdurulmuş yaddaşın və pozulmuş mənəvi tarazlığın bərpasıdır. Bu bərpa bir günün, bir mərasimin və ya bir qələbə xəbərinin işi deyil. O, yeni evlərdə, məktəblərdə, ailələrdə, uşaqların gülüşündə, torpağa əkilən ağaclarda davam edən uzun bir mənəvi prosesdir.
Dahilərdən biri deyib ki, “tarix bəzən təkrarlanır, bu o zaman baş verir ki, əgər siz heç nəyi öyrənmirsinizsə”. Axı tarix yalnız yazılan və oxunan keçmiş yox, həm də xalqın bu gün özünü tanıdığı, sabahını müəyyənləşdirdiyi mənəvi güzgüdür. Hüseynbala Mirələmovun dramaturgiyasının əsas qayəsi də bu güzgüdə Azərbaycan xalqının mübarizə əzmini, faciələrini, qürurunu və mənəvi dəyərlərini əks etdirmək cəhdində ifadə olunur. “Nəfəsim Vətən” dramı da daxil olmaqla, onun yaradıcılığının ədəbi prosesdəki yeri də milli tarixi yaddaşı bədii sözün imkanları ilə yaşatmaq və onu müasir düşüncənin predmetinə çevirmək istiqamətindəki fəaliyyəti ilə müəyyənləşir.
İLQAR,
yazıçı-publisist