Yaddaşın borcu

30.10.2026

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə

Hörmətli Rəşad müəllim!

Arxivimi araşdıranda Neftçala ədəbi məktəbinin əsasını qoyan, qocaman el ağsaqqalı, Əməkdar müəllim, filologiya elmləri doktoru, professor İmamverdi Əbilovun ölümündən bir il əvvəl mənə ünvanladığı məktuba təsadüf etdim. Bu məktub məni ağuşuna alıb 32 il əvvələ apardı. Xatirələrlə dolu yaddaşım təzələndi.

Xahiş edirəm, münasib bilsəniz, İmamverdi müəllimin məktubunun və mənim təəssüratımın rəhbərlik etdiyiniz qəzetdə dərcinə şərait yaradasınız.

Hörmətlə, Qəzənfər Paşayev

Professor Qəzənfər Paşayevə məktub

Əziz, mehriban Qəzənfər müəllim, salam!

Sizə dünyanın əvəzsiz neməti olan cansağlığı, ailə səadəti arzulayıram!

Amansız xəstəlik məni birdəfəlik yatağa saldı. Xeyli vaxtdır həyətimizi, küçəmizi görmürəm. Tənhalıq xiffəti məni əzir. Nə yaxşı ki, dünyada hər şeyə gücü çatan ölümün xatirələri öldürməyə gücü çatmır. Yoxsa mən Sizinlə, Sizin kimi vəfalı, bütöv təbiətli, alicənab dostlarla "görüşməyə", söhbətləşməyə də həsrət qalardım. Yataqda bir "Ömürnamə" (ad şərtidir) yaza bildim - Ostrovskiyə bənzər üsulla. Çapa verilib, hələlik xəbər yoxdur.

Mən Sizi təmiz, pak təbiətli Azərbaycan ziyalısı, dost, qardaş, alim kimi çox sevirəm. Eşitdiklərim hesabına yox, gördüklərim hesabına! Tale sinəmə çalın-çarpaz dağ çəkəndə - çox gənc filosof nəvəm dünyasını dəyişəndə - qələm dostlarınızı yığıb hüzrə gəldiniz, əsl Azərbaycan kişisi kimi... Mən Sizi məclisə təqdim edəndə dediyim sözləri, məncə, unutmamısınız: "Sovet hökuməti qurulandan yıxılanadək - 70 il müddətində Azərbaycan xalqı cənublu qardaş-bacılarına, müqəddəs ziyarətgahlarımıza həsrət qaldı. 70 illik zülm və həsrət pərdəsini qıran, Şərqin qapısını ilk dəfə üzümüzə açan böyük alim, böyük şəxsiyyət Qəzənfər Paşayev dostları ilə hüzrə gəlib, mənə dözüm və təsəlli arzusu ilə. İndi aramızdadır. Ona təşəkkür və Haqqın bəyəndiyi dualar etməyi özümüzə borc bilirik..."

...İranda - Tehran, Təbriz və Ərdəbildə, İraqda - Bağdad, Mədain, Kərbəla və Nəcəfdə keçirdiyimiz günləri, yol xərci üçün ayrılan vəsaitin qurtardığını Ərdəbil yeməkxanasında elan edərkən bəzi müsafirlər bikef olanda ayağa qalxıb dediyiniz sözləri xatırlayıram: "Yeməklərinizi iştahla nuş edin, haqqınız ödənib". Əsl saf ürəkli, saf niyyətli, cəsarətli Azərbaycan kişisinə məxsus nəcib hərəkətləri Sizdə çox gördüyümdən haqqınızda düşünəndə, elə bil, xəstəlik də, qocalıq da gəlişinə aram vermək istəyir, bəli, elə bil... Amma hər şeyin sonu olduğu kimi, ömrün də sonu labüddür. Kaş, vərəsələr varislərin hər kəlamını müqəddəs ömür payı kimi qəbul edəydilər, laqeydliyə qorxulu xəstəlik kimi baxaydılar. Bir vaxt böyük dostum Bəxtiyar Vahabzadənin xatirə dəftərimə yazdığı çoxlu şeirlər içərisindən birini - hər gün düşündüyüm misraları ömrün sonluğuna inam kimi köçürürəm:

Sonum yaxınlaşır mənə ilbəil,

Hardasan, ay ölüm, gəl apar məni.

Ölüm qorxusundan yaşamaq deyil -

Ölümün özü də qurtarar məni.

Düşünməyin ki, bədbinəm, yox! Həyatda "son söz" planetlə yaşıddır. Sizin kimi nadir insanlardan ədəbi ayrı düşmək dəhşətdir! Budur məni yandıran!

Sizə ürəyinizcə keçən uzun, məmnun, ilhamla dopdolu ömür, qaynar yaradıcılıq şövqü arzulayıram.

Hörmətlə, dostunuz Hacı İmamverdi Əbilov

09.04.2015

İmamverdi müəllimin şərti olaraq "Ömürnamə" adlandırdığı kitabı oğlu Azər Turanın redaktəsi və tərtibi, tanınmış ədəbiyyatşünas alim Elnarə Akimovanın ön sözü ilə "Ömrün və elmin romantikası" (Bakı, "Letterpress", 2015, 752 səh.) adı ilə çap olundu.

Bu möhtəşəm kitabı İmamverdi müəllim avtoqrafla mənə göndərdi (İndiyə qədər oxuduğum nadir kitablardandır).

El ağsaqqalının yazdıqlarını bir söz belə dəyişmədən burada verməyi münasib bildim:

- Əzizim Qəzənfər müəllim, Siz uca Allahımızın sevimli bəndəsi, yazıçı-alim kimi hamımıza doğmasınız.

Siz təkcə ədəbiyyatşünas, folklorşünas deyilsiniz. Siz xalqımızın milli tarixində ən nəcib, xeyirxah əməl sahibisiniz.

"Altı il Dəclə-Fərat sahillərində" kitabınız 70 illik zülmətin bağrında bir-birini itirmiş insanlar üçün işıq zolağı oldu. İllər keçdikcə xalq Sizin elmi-bədii əsərlərinizi, klassik tərcümələrinizi oxudu, sevdi. Sizinlə doğmalaşdı.

Ömrünün 89-cu ilini yaşayan qocaman həmkarınız kimi, inanmışam ki, Siz öz alim-yazıçı varlığınızda məişət xırdalıqlarından uzaq, təmiz-uca işıq gəzdirirsiniz.

"Ömürnamə"ni Sizə bağışlamaqdan məmnunluq duyuram, əzizim.

İxlasla:

Əzizlədiyiniz əziz Azərin atası

Müəllif

12.05.2015

Neftçala

1994-cü ilin 15 sentyabrında Məhəmməd Füzulinin 500 illik yubiley şənliklərində və Beynəlxalq konfransda iştirak etmək üçün İraqa getməyə hazırlaşırdıq. Ağır vaxtlar idi. Xəzinədə pul, dəyirmanda un olmayan bir dövr idi. Buna baxmayaraq, Ulu öndər Heydər Əliyev yazıçılar, şairlər, alimlər və incəsənət ustalarından ibarət böyük - 128 nəfərlik - nümayəndə heyətinin dörd avtobusla İraqa yola düşməyinə göstəriş verdi. Yeridir deyim ki, 2 noyabr 1994-cü ildə Məhəmməd Füzulinin yubileyində və Beynəlxalq konfransda iştirak etmək üçün Ankaraya Ümummilli liderin təyyarəsində uçduq. Bu, Heydər Əliyevin ədəbiyyatımıza, ümumən mədəniyyətimizə sonsuz məhəbbətinin təzahürü idi.

İraqa İrandan keçib gedirdik. Yolda hər cür hadisələr baş verirdi.

İrandan İraqa keçid məntəqəsinin qapıları bağlanmışdı. İran tərəfdə gecələməli olduq. İmamverdi müəllim də bizimlə idi. Hava çox isti idi. 68 yaşlı İmamverdi müəllimin halı çox pis oldu. Yaxşı ki, nümayəndə heyətinə təcrübəli həkim qoşublarmış. İmamverdi müəllimi xilas edə bildi. Müqəddəs yerləri ziyarət edəndən sonra İmamverdi müəllim sanki cavanlaşdı. Ən böyük arzusuna çatmışdı.

Sərhəddə olduğumuz o gecə bir hadisə də baş verdi. İranlı zabit söhbət əsnasında soruşdu: "Aranızda kürd varmı?"

Şirindil müəllim çox zarafatcıl adam idi. Dedi ki, elə mən kürdəm. Qardaşım Hüseyn Kürdoğlu şairdir.

Mən əlavə etdim ki, Hüseyn Kürdoğlu məşhur kürd şairi Abdulla Qorandan dissertasiya yazıb. Qoran haqqında monoqrafiyası Bağdadda ərəbcə çap olunub.

Sən demə, zabit kürd imiş. "Yoldan kənara çıxmayın. Burada çox zəhərli əqrəblər var. Mən sizə elə bir palaz gətirəcəyəm ki, əqrəb ona yaxınlaşa bilməz. Sizə sərin su da gətirəcəyəm", - dedi.

Gözlənilmədən "Dünyada kürdlərin sayı filan qədərdir, sizdə nə qədərdir?" - deyə soruşdu. Professor Tofiq Hacıyev dedi ki, dünyada kürdlərin sayı siz deyəndən üç dəfə azdır. Mübahisə düşdü. Zabit məyus halda çıxıb getdi. Nə palaz gəldi, nə də su.

Tofiq Hacıyevin yaxın dostu professor Ağamusa Axundovla zarafatları vardı (Bunu Nizami Cəfərov hər iki müəllimə həsr etdiyi kitabında xüsusi vurğulayır).

Ağamusa müəllim: "Ayə, Tofiq, sən nə vaxt adam olacaqsan?" - dedi. "O deyəndə ki, kürdlərin sayı filan qədərdir, sən desən ki, bir az da artıq olar, bizə sərin, sənə buzlu su gələrdi. İndi yana-yana qal".

Hamımız gülüşdük.

Üçüncü hadisə Ərdəbil şəhərində oldu. Onu da deyim ki, İraqdan qayıdanda birbaşa Astaradan keçib vətənə gəlməli idik. Hamı pulunu son qəpiyinə qədər xərcləmişdi.

Çoxumuz Təbrizi görməmişdik. Nümayəndə heyətinin rəhbəri, Baş nazirin müavini Elçin Əfəndiyevdən acizanə şəkildə xahiş etdik ki, Təbrizə gedək. Razılaşdı. Səhərisi gün səhər yeməyindən sonra yola hazırlaşanda professor İsa Həbibbəyli bizimlə sağollaşdı. O, Naxçıvana gedirdi. Məlum oldu ki, Təbrizdən Culfaya cəmi 130 km-dir. Çoxumuz bunu da öyrəndik. Onu da deyim ki, Azərbaycan Səfirliyinin nümayəndəsi Tehrandan Təbrizə gəlmişdi. Çox güman ki, axşam və səhər yeməyimizin, eləcə də mehmanxanada qalmağımızın hesabını o ödəmişdi.

Şah İsmayıl Xətainin uyuduğu Ərdəbil şəhərinə gündüz saat iki radələrində çatdıq. Qızıl payız, dağ havası, hamı acmışdı. Plovun ətri ətrafı bürümüşdü. Hamı özünü yeməkxanaya verdi. Elçin müəllim elan etdi: "Bu dəfə hamı hesabı özü ödəyəcək!" Heç kimin pulu qalmamışdı. Hamı məyus halda yeməkxananı tərk edəndə Elçin müəllimdən icazə alıb dedim: "Qayıdın, cücə plov yeyin, Ərdəbilin məşhur ayranından nuş edin, çay da için, hesab edin ki, yemək haqqı ödənib!" (O vaxt mən xarici şirkətdə icraçı direktor işləyir və yüksək məvacib alırdım)

Ərdəbildə baş verənlər haqqında dəfələrlə Xalq şairi Qabil, akademik Ağamusa Axundov, Xalq artisti Canəli Əkbərov, professor Şirindil Alışanov danışırdılar.

Mətbuatda isə bu hadisələr haqqında ilk dəfə yazan İmamverdi müəllim oldu, yazı "Ədalət" qəzetində dərc edildi.

Ruhu şad olsun!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью