Yağ bazarında bahalaşma

30.10.2026

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Son aylarda yağların qiymətində artım müşahidə olunur. Həm kərə, həm də duru yağlar bahalaşıb. Ekspertlər bahalamanı Azərbaycanın bu məhsullar üzrə idxaldan asılı olması ilə izah edirlər. Xarici bazarlarda qiymətlərin dəyişməsi, logistika xərclərinin artması Azərbaycana da təsir göstərir. Azərbaycanda bu məhsulların yerli istehsalı çox aşağı səviyyədədir. Son həftələrdə neftin və ya yanacağın qiymətinin artması, eləcə də logistik problemlər səbəbindən daşınma xərcləri xeyli yüksəlib.

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, Azərbaycan kərə yağına olan tələbatın təxminən 90 faizini idxal hesabına ödəyir, cəmi 10 faizini isə yerli istehsal hesabına təmin edə bilir. Yerli istehsal adı altında bazarda çoxlu yağ məhsulu var, amma onların hamısı yerli istehsal deyil. Bu məhsullar ölkəyə gətirilir, burada qablaşdırılaraq bazara çıxarılır. Yağlar böyük həcmdə alınır. Topdan və qablaşdırılmamış şəkildə alındıqda onların qiyməti daha ucuz başa gəlir. Sonra həmin yağlar burada 200 qramdan 2 kiloqrama qədər müxtəlif həcmli qablaşdırmalara yerləşdirilir: "İdxaldan asılı olduğumuz üçün xaricdə qiymətlər dəyişəndə Azərbaycanda da artım müşahidə olunur. Çünki həm logistika xərcləri bahalaşır, həm də xarici bazarlarda qiymət dəyişiklikləri baş verir".

Natiq Cəfərli vurğulayıb ki, duru yağın böyük bir hissəsi Qara dəniz vasitəsilə, Gürcüstan üzərindən, əsasən Ukrayna və Rusiyadan idxal olunurdu. Həmin ölkələrdə də müharibə ilə əlaqədar müəyyən problemlər mövcuddur. Nəticə etibarilə, bütün bu amillərin üst-üstə düşməsi Azərbaycanda kərə və duru yağların qiymətində kəskin artıma səbəb olub.

İqtisadçı ekspert Akif Nəsirli bildirib ki, Azərbaycanda kərə və duru yağların qiymətinin artmasının bir neçə səbəbi ola bilər: "İlk növbədə, dünya bazarında bitki yağlarının, xüsusilə palma, günəbaxan və soya yağlarının qiymət dəyişiklikləri, idxal və daşınma xərcləri, valyuta məzənnələri, eləcə də istehsal və qablaşdırma xərcləri nəzərə alınmalıdır. Azərbaycan kərə yağı ilə yanaşı, duru yağların da müəyyən hissəsini xaricdən idxal etdiyinə görə beynəlxalq bazarlardakı qiymət dəyişiklikləri daxili bazara təsir göstərir. Kərə yağının bahalaşmasına süd məhsullarının istehsal xərclərinin artması, heyvandarlıqda yem qiymətləri, süd istehsalının həcmi və ixrac bazarlarındakı tələb də təsir edə bilər. Duru yağlarda isə xammalın qiyməti, istehsalçı ölkələrdə məhsuldarlıq, ixrac məhdudiyyətləri və logistika xərcləri mühüm rol oynayır. Bununla belə, həm yerli, həm də xarici məhsulların eyni vaxtda bahalaşmasını yalnız dünya bazarı ilə izah etmək düzgün olmazdı. Yerli istehsalçıların qiymət siyasəti, topdansatış tədarükünün şərtləri və satış zəncirindəki əlavələr də araşdırılmalıdır".

Qiymətlərin yenidən ucuzlaşmasına gəlincə, iqtisadçı qeyd edib ki, bunu indidən qəti şəkildə proqnozlaşdırmaq mümkün deyil: "Əgər bahalaşma müvəqqəti tədarük çətinlikləri və ya dünya bazarındakı qısamüddətli dəyişikliklərlə bağlıdırsa, sonradan müəyyən ucuzlaşma mümkündür. Lakin xammal, istehsal və idxal xərclərinin artımı davam edərsə, qiymətlərin əvvəlki səviyyəyə qayıtması çətinləşə, hətta əlavə bahalaşma baş verə bilər. Burada əsas məsələ bazarda qiymət artımının real iqtisadi səbəblərlə nə dərəcədə əsaslandırıldığını müəyyənləşdirməkdir. Bunun üçün idxal qiymətləri, gömrük məlumatları, topdansatış və pərakəndə satış qiymətləri müqayisə edilməlidir. Əgər idxalın maya dəyəri ciddi dəyişmədiyi halda mağazalarda qiymətlər kəskin artırılırsa, rəqabət mühitinin və ticarət əlavələrinin araşdırılması vacibdir. Çünki yağ gündəlik tələbat məhsuludur və onun bahalaşması xüsusilə aşağı gəlirli ailələrin xərclərinə birbaşa təsir göstərir".

İqtisadçı ekspert Günay Hüseynovanın dediyinə görə, yerli istehsalın azalması və məhsula tələbin artması qiymətlərin yüksəlməsinə, idxal məhsullarının bahalaşması isə ümumi qiymət artımına səbəb ola bilər. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda kərə yağı istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz azalıb. Yerli istehsalın azalması bazarda idxal məhsullarından asılılığı və qiymət təzyiqlərini artıra bilər. Bununla yanaşı, südün və süd xammalının qiyməti, heyvandarlıq təsərrüfatlarının xərcləri, enerji və daşınma xərcləri də son qiymətə təsir edən amillərdəndir: "Əgər idxal xərcləri yüksək olaraq qalarsa, yerli kərə yağı istehsalında azalma davam edərsə və təchizat xərcləri yüksələrsə, bu, qiymətlərə əlavə təzyiq yarada bilər. Qiymətlərin sabitləşməsi üçün yerli istehsalın bərpası, idxal təchizatının davamlılığının təmin edilməsi, beynəlxalq bazarda xammal qiymətlərinin sabitləşməsi və satış zəncirində rəqabətin qorunması vacibdir".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью