Yağan qar, buz bağlayan yollar, yoxa çıxan avtobus, sönən işıqlar...

22.01.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sosial şəbəkələrdə, mediada qarla bağlı iki əsas məlumat yayılır. 

Birində uzaq Kamçatkada bəzi yaşayış məntəqələrində qarın hündürlüyünün 3 metri keçməsi, bəzi ərazilərdə isə bu göstəricinin rekord səviyyəyə çatması, -81 dərəcə şaxtadan bəhs edilir. 

Digərində isə Lerik rayonunda qar örtüyünün hündürlüyünün bəzi kəndlərdə 1-1.5 metrə çatmasıdır. İki fərqli xəbərdə oxşar hadisə və tamamilə fərqli mənzərə. 

Məsələn, yolları, evləri qar altında qalan Kamçatkada məktəblər bağlanıb, ictimai nəqliyyatın hərəkəti dayandırılsa da, əhalinin kommunal xidmətlərlə təminatında heç bir problem yoxdur. İsti su da gəlir, qaz da var, işıqlar da yanır. 

İnsanlar isti evlərində əlaqədar dövlət qurumlarının qarlı yolları, binaları təmizləyəcəyini gözləyirlər. Lerikin kəndlərində də qarın hündürlüyü bəzi yerlərdə 1-1.5 metrə çatıb, amma problem odur ki, leriklilər qarın sevincini yox, problemlərini yaşayırlar. 

Mərkəzlə əlaqə tam kəsilib, işıqlar sönüb, istilik yoxdur. Eyni vəziyyət başqa rayonlarda da var. Şəkidə bir az qar yağıb, işıq sönüb. Yardımlıda qar yağıb, insanlar çarəsiz qalıb, rayon mərkəzi ilə əlaqə kəsilib. Rayonlar bir az uzaq oldu, Bakıda bir gün öncə yollar bir az buz bağladı, maşınlar yollarda qaldı, ictimai nəqliyyat yoxa çıxdı. 

Kamçatkada qar problem yox, uzaqbaşı növbəti rekord kimi kitaba düşür. Azərbaycanda isə məmur yarıtmazlığından qar böhrana çevrilir. Görəsən, kommunal qurumların rəhbərləri bu xəbərlərə baxırlar? Baxırlarsa, nə görürlər? Nə nəticə çıxarırlar? Yoxsa baxıb qanlarını qaraltmaq istəmirlər? 

Beləcə, Kamçatka əhli -81 dərəcə soyuqda fasiləsiz enerji ilə təmin olunur, Lerikdə, Yardımlıda əhali soyuqda, işıqsız xidmət qurumlarının insafa gələcəyini gözləyir. İnsaf da deyəsən, qar altında qalıb... Ümid qarın əriməsinə qalıb... 

Elnarə
“Cebheinfo.az”

 

Açar sözlər: qar buz yollar avtobus işıq

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью