“Yağıntının azalması kənd təsərrüfatına və ərzaq bolluğuna mənfi təsir edir”

31.10.2025

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

“Payız mövsümündə yağıntıların azalması Azərbaycanın ərzaq təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurur.Yağıntının az olması torpağın rütubət balansını pozur və bu, payızlıq əkinlərin cücərməsinə mənfi təsir göstərir”.
Bu sözləri aqronom Əli Vəliyev Demokrat.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, buğda, arpa və yem bitkilərinin zəif inkişafı gələn il üçün məhsuldarlığın azalmasına gətirib çıxara bilər:
“Suvarma sistemləri ilə təmin olunmayan bölgələrdə fermerlər əkin sahələrinin bir hissəsini istifadəsiz buraxmağa məcbur qalırlar. Bu vəziyyət həm də torpağın uzunmüddətli münbitliyinə mənfi təsir göstərir, çünki rütubət çatışmazlığı mikrobioloji fəaliyyəti zəiflədir.Az yağıntı çayların və su anbarlarının səviyyəsini aşağı salaraq, suvarma üçün resursları məhdudlaşdırır. Suvarma xərcləri artır, bu isə kənd təsərrüfatı məhsullarının maya dəyərini yüksəldir. Ərzaq istehsalının azalması bazarda təklifin daralmasına və qiymətlərin artmasına gətirib çıxaracaq.Xüsusilə un, tərəvəz, meyvə və yem məhsullarının bahalaşması ehtimal olunur.
Heyvandarlıq sektoru da zərbə altındadır, çünki yem qıtlığı ət və süd istehsalına mənfi təsir göstərəcək. Uzunmüddətli perspektivdə bu proses kənd yerlərində gəlir səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər. Əgər iqlim dəyişikliklərinə uyğunlaşma tədbirləri görülməzsə, kənd təsərrüfatı riskli sahəyə çevriləcək. Dövlət bu mərhələdə suvarma infrastrukturuna, damcılı suvarma texnologiyalarına və torpaq bərpası proqramlarına xüsusi diqqət ayırmalıdır.
Fermerlərə subsidiya və texniki dəstək mexanizmləri genişləndirilməlidir”.
Leyla Turan 
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью