Yağış Psevdo hekayə

05.10.2026

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Reallıq illüziyadır. Mən bu fikrə gələndə yüngülcə şok keçirdim. Əvvəlcə beynin bütün sinir hüceyrələri oyandı, ardınca qorxu gəldi. Qorxu həzin meh kimi canımdan əsdi keçdi, yaxşı ki, ağlımı yuyub aparmadı. İndi hadisələrə başqa gözlə baxıram. Süjeti mən yazıram, nə fikirləşirəmsə, baş verir.

Yenə balkonumda samovar qalamışdım. Bir əlimdə çay, o birisində siqaret, uc-uca calamışdım. Fikirlərimsə orda-burda idi.

Mənə görə, fikirlər insan beyninə maqnit sahəsi üzərindən gəlir – mənfidən müsbətə doğru keçib, yenidən mənfiyə qayıdır. İnsan özünə qapandıqca fikir axını da güclənir. Bu zaman adamın ağlına ideya gəlir. Və bu ideya özü ilə qorxu gətirir. Amma qorxu heç də təhlükə demək deyil. Mən bunu başa düşəndə artıq heç nədən qorxmurdum.

Tez-tez təsadüfi adamların məhəlləmizə girdiyini görürdüm. Belə bir fikrə gəlirəm ki, insan maqnetik sahə üzərində hərəkət edir. Dəqiq deyə bilərəm, hərəkət maqnitlə sıx əlaqəlidir. İndi yadıma düşür ki, qonşu məhəllədən həyətimizə gələn və qulağına mobil telefonla səhərdən-axşamacan fır-fır fırlanan o adam da çox güman maqnetik burulğana düşmüşdü.

Bizim məhəllədə qeyri-adi şeylər baş verir.

Bu yaxınlarda “Terminator” və “Gələcəyə qayıdış” filmlərinə baxmışdım. Fikir verdim ki, həmişə fövqəltəbii bir hadisə baş verəndə yaxınlıqda mütləq bomj olur. Filmə baxandan sonra binamızın həndəvərində bomjlar tez-tez gözümə dəyirdi.

Elə bu dəfə də aşağı düşəndə birini gördüm. Hə, odur. Filmlər sanki reallığa çevrilir. Ayağı ilə siqaret kötüklərini bir yerə komalayanda onun bu hərəkəti gözümdə stop-kadr kimi ilişib qalmışdı. Adam yerində “zamkaniya” vermişdi. Elə bil lenti irəli-geri çəkirdilər. Qəribə idi, özü də çox. Bəlkə gözümə görünür? Çünki srağagün çörək almağa gedəndə necə həyəcanlanmışdımsa, kriminallar tərəfindən təqib olunduğumu düşünmüşdüm. Geri dönəndə gördüm ki, binanın həyətindən qara maykalı dörd naməlum şəxs çıxırdı. Əllərində tutacaqlı boz qutu – ya da ağ, tam yadımda deyil – əsgər manqası kimi ard-arda düzülərək tələsik və çaş-baş halda hadisə yerindən aralaşmağa çalışırdılar. Onları mən yaratmışdım. Ən azından belə düşüncədə idim. Yolu keçib binanın həyətinə daxil olanda yanımdan əzələli bir idmançı keçirdi. Sən demə, iyunun istisində çeçenka papaqda gəzənlər də varmış. Diqqətlə ona baxdım – reallıqdan seçilmirdi. Mızıldana-mızıldana gedirdi. Onda başa düşdüm ki, gözümə qarabasmalar dəyir. Buna tam əmin deyildim, mənə elə gəlirdi ki, iki dünya arasında ilişmişəm.

Qayıdıram yenidən həmin o siqaret kötüklərini komalayan bomja. Onun gerçək, yaxud da hallüsinasiya olduğunu dəqiqləşdirməli idim. Maraqlı gəlirdi mənə, gördüyüm həqiqətdir, yoxsa... Dayanıb onu izləməyə başladım. O, velosipedini bisetkaya söykəmiş bir oğlana yaxınlaşıb ondan nəsə soruşdu. Oğlanın hərəkətləri mənə təbii gəlirdi. Amma bomj... “ola bilsin bomj da realdır, yəni beynimin məhsulu deyil” – deyə ağlımdan keçirdim. Zibilliyə doğru gedəndə yan tərəfdən, maşın qarajlarının arxasından (həyətimizdə sovetdən qalma dəmir qarajlar çoxdur) onu izlədim. Başımı qaldıranda göydə yadplanetli bir zondun uçduğunu gördüm.

Ümumiyyətlə, mən bir ay idi ki, yatmırdım. Ona görə də düşdüyüm vəziyyət basa düşülən idi. Yuxu pozulanda hər şey dağılır. Gerçəklik xəyali dünyaya qarışır.

Bomj zibillikdə eşələnir, göydə isə naməlum obyekt uçur. Nə üçün o zond gözümə göründü? Zond orda olmasaydı, yuxarı baxmayacaqdım? Bu, təsadüf idimi, yoxsa? Sual da elə budur. Məndən başqa onu heç kəs görməmişdi (adətən belə olur). Qonşuların pəncərələri həmin vaxt bağlı idi. İllərlə bədəninə su dəyməyən o evsiz-eşiksiz əlində quru çörək parçası ilə qayıdanda cəsarətimi toplayıb ona yaxınlaşdım. Yaxınlaşdım və cibimdəki siqaret qutusunu çıxarıb ona təklif etdim. Görən kimi sevindi və anlaşılmaz dildə nəsə deyib getdi. Artıq suallar vermədim, “o, qutunu məndən aldısa, demək realdır” – düşündüm.

Evə qalxanda yoldaşım üç yaşlı qızımı götürüb mənimlə sağollaşdı. “Sahil parkına gedirik, gəzməyə” – dedi. Mən də arxalarınca “tez qayıdın, gec qalmayın!” – səsləndim.

Bomboş küçələr, atılmış maşınlar, ayağını yerə basmağa qorxan pişiklər. Şəhərə narın qar yağırdı. Hər yan ağa bürünüb. Ağappaq hüzur var ətrafda. Gedəcəyi ünvanı unudan bir qoca parkdakı skamyada oturub yuxuya getmişdi.

Əslində hər şey maqnitdən başlamışdı. Evimdə bir gitara vardı və bir də böyük səsgücləndirici. Musiqiçilərin dili ilə desək, kabinet. Başqa sözlə, qutu, içərisində dörd ədəd dinamik, hərəsinin də arxasında iri maqnit. Mənim kabinetim Yerin maqnit sahəsindən də güclü maqnetizm yaradırdı. Evdə olan dəmir-dümür isə maqnetik sahəni birə-beş artırırdı.

Maqnetizmin təsir gücünü azaltmaq lazımdır, özü də tez!

Balkona çıxıb həyətə boylandım. Adam yoxdur, gözəl. Kabineti əlimə alıb ikiqat vəziyyətdə pilləkənləri endim və birnəfəsə zibilliyə sarı daşıdım. Qara qutunu elə oradaca qoyub evə qayıtdım. Heç 10 dəqiqə keçmədi ki, bir bomj gəlib həmin o gitara səsgücləndiricisini tapdı və sürüyüb həyətin ortasına qoydu. Necə oldu ki, o pulsuz-parasız dinamiki tapdı? Hardan bildi? Əlbəttə ki, maqnit. Bomj getdi, arxasınca dəmiryığan gəldi. İyirmi kiloluq qutunu arabasına yükləyib aparanda bir az rahatlaşdım.

Qollarımı çirmələyib (isti olsa da, uzun köynəkdə gəzirdim, üşüdürdüm, bədənimdə qan dövranı yaxşı işləmirdi. Yenə də hər şeyi maqnitlə əlaqələndirirəm. Qanda da dəmir var) evdə nə qədər dəmir əşya vardısa, hamısını zibilliyə tulladım. Dosta zəng vurub dəmir pilləkəni də evdən çıxardım. Əlimi pilləkəndən çəkəndə beynimdən elə bil nəsə qopdu. Görünür, hər ikimiz maqnitləşmişdik.

Bu, hələ son deyil. İllərdir rəfdə tozlanan musiqi mərkəzini (onun da üstündə dörd ədəd kiçikölçülü maqnit var) yol çantama qoyub qohumlardan birinin evinə apardım. Evə qayıdanda yoldaşıma zəng vurdum – götürmədi. “Yəqin başı uşağa qarışıb” – ağlımdan keçirdim. Burada bir siqaret alışdırsam, pis olmaz.

Şəhərə qar yağır, amma soyuq deyil. Skamyada uzanmış qocanın qara paltosuna sanki un ələnirdi. Yan-yörəsində ayaq izləri, qulağında pişik miyoltusu, şirin, bəlkə də narahat bir yuxu görürdü. Qoca necə yatmışdısa, vaxtdan xəbəri olmadı. Solğun gözlərini açıb pişiyə baxdı, sonra da qıvrılıb yerindən qalxdı və çıxıb getdi.

Samovar hələ isti idi. Stəkana çay süzüb fikirli-fikirli həyətimizi nəzərdən keçirdim. Qonşu gözə dəymirdi. İşdə idilər, bəlkə də istirahətdə - dənizdə, meşədə, dağda.

Diqqət cəlb etmək istəmirdim. Nə qədər olmasa, evi birdən-birə çölə atmaq olmaz. Balkonda özümə yer eləyib kompüterdə yazmağa başladım. Günəş düz üstümə düşürdü.

Deyirlər, Marsda nə vaxtsa həyat olub. NASA-nın 2023-cü ildə dərc etdiyi şəklə baxanda orada atmosferin yarandığını görürsən. Hiss olunur ki, planet seyrək buludlara bürünüb. Bunun adına mən su deyirəm. Təsadüflərə də inanmıram, insanların Marsda mövqeyi artdıqca planetdə su əmələ gəlir. Heç nədən yaranır bu su. Suyu biz ora daşıyırıq, öz varlığımızla. İnsan ayağı Marsa dəydiyi gün orda su gurlaşacaq. Hətta dənizlər də yaranacaq.

Yazdığım yerdə qəflətən hava necə qaraldısa, istər-istəməz diqqətimi çəkdi. Başımı qaldırıb göyə baxdım, qara buludlar bir yerə yığışaraq laylar əmələ gətirirdi. Otuz saniyənin içində baş verdi hər şey. Yerimdə quruyub qalmışdım. Üstəgəl, göydən uğultu səsi gəlirdi, amma mənbəyini tapa bilmirdim. Ardınca dolu başladı. Dolu da nə dolu – yumruq boyda lırt buz parçaları yerə düşdükcə suya çevrilirdi. Canımı üşütmə tutdu.

Ailəm üçün narahat idim. Telefonla zəng vurdum, yoldaşım zəngimə cavab vermədi. “Yağışa düşüblər, başlarına bir iş gəlib...” – ildırım sürətilə ağlımdan keçirdim.

Hava günbatana doğru gedirdi, mən də evdə ora-bura gəzişirdim. Özümdən ixtiyarsız yenə bir çay süzüb siqaretimi alışdırdım. O qədər fikirli idim ki, çayın soyuq olduğunu hiss etmədim.

Buludun sürətlə öz-özünə yaranması mənə qəribə gəlirdi. Çünki mən balkonda yazanda səma açıq idi. Otuz saniyənin içində bu qədər su hardan əmələ gəldi? Burda hidrogen atomunun oksigenlə birləşib suya çevrilməsindən söhbət gedə bilməzdi. Təbiətdə kimyəvi proseslər baş vermir. Hidrogen kosmosda olar, Yerin aşağı qatlarında yox.

Mən fikir vermişəm ki, son illər, bəlkə də daha çox, yan-yörəmdə, ümumən cəmiyyətdə pis adamlar çoxalıb. Dəqiq deyə bilərəm ki, sevincimin ömrü çox qısadır. Elə bil dünyanı pislik basıbdı.

İnsan özlüyündə bir ət parçasıdır əslində. Ona həyat verən kosmik qüvvələrdi ki, beynimizə oturaraq bizi hərəkətə gətirir. İnsanın bütün davranışları, verdiyi qərarlar həmin o xeyir-şər qüvvələri tərəfindən müəyyən olunur. Amma təbiətin müdafiə sistemi var ki, planeti şər qüvvələr basanda əks proses başlayır. Şərin geri çəkilməsi yağışla müşahidə olunur. Nə qədər absurd səslənsə belə, mən bu fikrə gəlmişdim. İnsan sivilizasiyası o səviyyəyə çatıb ki, süni yolla yağış yağdırır. Bacardığın qədər pislik elə, bir gün göydən leysan tökəcək...

Vaxt necə uçdusa, xəbərim olmadı. Bir də ayıldım ki, gecə saat 10-dur. Samovarı yenidən qalamaq pis olmaz. Bir az kömür, odun parçası, bürmələnmiş kağızlar, altından kibriti çəkən kimi samovar alışdı.

Batareya. Hə... evimdə otuza yaxın batareya var. Hamısını bir torbaya. Evdən çıxanda gözüm “Sony” maqnitofonuna sataşdı. Onu da rədd eləmək lazımdır. Balaca da olsa, onun da içində maqnit var. Gecə-gecə onları zibilliyə atıb yuxarı qalxdım. Daha bir çay süzüb ora-bura gəzişdim.

Kənardan məni görən olsaydı, fikirləşərdi ki, başına hava gəlib. Onlar hardasa haqlı olardılar, yuxu yatmırdım, nə deyim, maqnit məni narahat edirdi.

Ümumiyyətlə, maqnit insan orqanizminə yaxşı təsir edir. O mənada ki, immuniteti artırır, bakteriyaları öldürür, piyləri əridir. Bu barədə hansısa bir tibbi məqalədə oxumuşdum. Ancaq həddi aşmaq olmaz. Normadan artıq maqnetizm damarlarda kirəşdəşmə yaradır və ürək damarlardakı qanı qova bilmir. Eyni zamanda təzyiqini də artırır. Mən bunu anlayanda çökmüşdüm, elə bil qara dəliyin içinə batmışdım. Oturulu deyildim, söhbət psixoloji çöküşdən gedir.

Məsələ tək məndə deyildi. Evdəkilərin hamısının səhhəti korlanmışdı. Yoldaşımın halı gedirdi, qızım da mız-mız olmuşdu. Məni o otağa apar, məni bu otağa apar. Onun da beynində müsbət-mənfi qarışmışdı. Qızım üçün çox darıxıram. Bu qədər zəng vururam, telefonu açmır. Görəsən, nə baş verib? Taksiyə minib gələ bilərdilər axı!

Gecə saat 12, yağış kəsmək bilmirdi. Necə həyəcanlandımsa, burnuma qaz iyi dəydi. Pəncərələri açdım ki, evin havası təmizlənsin. Amma yox, qaz iyi bayırdan gəlir. Dəqiq deyirəm, havadan metan iyi gəlirdi. Metan öz-özünə necə yarana bilər ki?! Ssenari get-gedə aydın olurdu. Həyat doğrudan da illüziyadır. Hər şey beynin məhsuludur. O metanı mən yaratmışdım. Yanımda bir adam olsaydı, ondan təsdiq alardım. Açığı, həmin vaxt siqaret yandırmağa bir az ehtiyatlanırdım. Balkona çıxdım, “nə olar-olar” – deyib çaxmağı çəkdim.

Şəhərə qar yağırdı. Qoca qolları ilə özünü qucaqlayıb qarı yara-yara irəliləyirdi. Avtomobilin yanından ötəndə əli ilə pəncərəsini silib içəri boylandı. Ola bilsin, kimisə axtarırdı. Görəsən, onun bu soyuq küçələrdə nə işi vardı?

Sonuncu tüstünü ciyərlərimə çəkib, kötüyünü külqabıya basdım. Yağış deyəsən, daha da bərkimişdi...

“Gecə saat 3-dür, harda qaldılar. Şəhəri sel-su aparır, qonşular yatıb, mən də evdə bayquş kimi tək qalmışam” – fikirlər məni rahat buraxmırdı. “Bayaqkı stəkanı harda qoydum görəsən?” – hiss edirəm, yaddaşım da korlanıb.

Yadımdadır, 90-larda insanların yadplanetlilər tərəfindən qaçırıldığı xəbərini tez-tez eşidirdik. Maraqlıdır ki, onlar qayıdanda heç nəyi xatırlamırdı. İndi başa düşdüm ki, insanın fikri haradadırsa, yaddaşı da ordadır. Yaddaş beyinə yazılmır, o, beyindən kənardadır. Yaddaş zamanla deyil, məkanla bağlıdır. O, sənin fiziki koordinatların deyil, şüurun, fikrin, xəyalın olduğu yerdədir.

Qolumdakı “Orient” saatıma baxıram, əqrəblər 4-ü göstərir. Bir azdan səhər açılacaq. Divanda uzanım bəlkə? Uzandım, tez də durdum. Narahatçılıq vardı canımda. Həmin dəqiqələrdə dəhşət ürəyim sıxılırdı. Dəhlizdəki güzgüyə baxanda hiss etdim sol gözüm tərpəndi.

Necə? Ola bilməz! Diqqətlə baxdım, gözümün qarası yuxarı çəkilirdi. Bu nə işdi belə, gözüm qaçır! Qapını açıb pilləkənləri endim və çıxdım yağışın altına. Dörd-beş addım atmışdım ki, bədənim yüngülləşdi. Maqnitin eyni qütblü tərəfləri bir-birlərini itələyən kimi yer məni özündən aralayırdı. Anticazibə yaranmışdı bədənimdə. Məni həqiqətən yuxarı çəkirdi, havaya. Bərk qorxdum. Fikirləşdim ki, indi yadplanetlilər məni çəkib aparacaqlar. Bloka sarı götürüldüm və pilləkənləri qalxıb evdə özümü kilidlədim. Daha dözə bilmirdim. Hiss edirdim ki, get-gedə havalanıram.

Dümağ vakuum. Kosmosdakı kimi tam səssizlik. Dizə qədər qara batmış qocanın son ümidləri. Addım-addım Sahil metrosuna yaxınlaşırdı. Heç nə görünmürdü. Hətta yol da görünmürdü. Yerlə göy birləşmişdi sanki. Boz-ağ tonlarda ətraf boşluqda itirdi. Nəhayət, gəldiyi yerə çatdı. Metronun şüşəli qapıları bağlı idi. Yumruğu ilə nə qədər döysə də, açan olmadı. Orada heç kəs yox idi.

Qapı döyüləndə qulaqlarıma inanmadım. Yüyürüb cəftəni çəkdim. İliklərinə qədər islanmış yoldaşım qızımla birgə gözlərini mənə dikib yerlərində donub qalmışdılar. Sevincək qızımı qucağıma aldım. “Necəsən, qızım?” – dedim, “yaxşıyam ata” – dedi.

– Niyə indi gəlirsiz? Metroya minib gələ bilərdiniz axı, Sahildən bura bir stansiyadı, – üzümü yoldaşıma tutaraq dedim.

Yoldaşım taqətsiz idi. Başa düşürdüm ki, onlar da gecəni yatmayıb.

– Biz elə metro ilə gəlmək istədik. Yağış başlayanda metroya qaçdıq. İnanmazsan, bir dəqiqənin içində şəhəri elə sel-su götürdü ki, hər şey dayandı, avtobus, metro. Metro təzəcə stansiyadan aralanmışdı ki, işıqları kəsdilər. Dörd saat qaranlıq vaqonda qalmışıq. Telefon da tutmur ki, sənə xəbər eliyim. Axırda metro işçiləri gəlib qapıları açdılar. Dedilər, elə düşün relsin üstü ilə gedin, 28 may qabaqdadır. Təsəvvür edirsən? Metro suyun altında qalıb. Dizə qədər suya batdım. Uşağı qucağıma alıb o yolu gəlmişəm.

– Yaxşısan qızım, qorxmadın ki? – deyib dəsmalla saçlarını qurladım.

– Yaxşıyam ata.

Yoldaşım otaqları gəzdi, mətbəxdən, qonaq otağından içdiyim stəkanları yığıb masanın üstünə qoydu, ikisini də balkondan gətirdi.

– Niyə bu qədər stəkan çıxartmısan?

Masanın üstündə gözüm 6 stəkan saydı.

– Onlar mənim yaddaşımdı.

Yataq otağına keçib oradan səsləndi:

– Pilləkən hanı?

– Atmışam.

– Dəlisən? – ora-bura baxaraq – Ütü stolunu da atmısan?

– Hə.

– Ata dəli olub qızım.

– Ata, bilirsən nə olub?

– Hə qızım, bilirəm.

Günəşimi qucağımda saxladıqca sinirlərim sakitləşirdi.

– Qızım, mənim yuxum gəlir, gedim bir az uzanım.

Uzanan kimi yuxuya getdim. Son bir ayda ilk dəfə idi ki, belə şirin yatırdım. Hava isə işıqlaşırdı. Günəş buludları əridərək hər-tərəfi qurudur, özü ilə istilik və sevinc gətirirdi.

Məmməd Məmmədli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью