Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Fövqəladə Hallar Nazirliyi (FHN) noyabrın 15-i günün ikinci yarısından 16-sı axşamadək gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Modern.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, həmin müddətdə respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.
Nazirlik güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, binalardan və reklam lövhələrindən uzaq durmağı, elektrik dirəkləri və naqillərinin, hündür ağacların altında dayanmamağı tövsiyə edib. Küləkli havada yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməsinin vacibliyi vurğulanıb. Kiçikhəcmli gəmi istifadəçilərinə isə belə hava şəraitində dənizə çıxmağın qadağan olduğu xatırladılıb.
Sel, daşqın və subasma təhlükəsindən qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək tövsiyə olunub.
FHN ildırım çaxarkən elektrik cihazlarını şəbəkədən ayırmağı, telefonla danışmamağı, açıq havada elektrik xətlərinə, ildırımötürücülərə, navalça və antenalara yaxınlaşmamağı, hündür ağacların altında daldalanmamağı tövsiyə edib. Avtomobildə olanlara isə hərəkəti dayandıraraq şüşələri qaldırmaq və ildırımın bitməsini gözləmək tövsiyə olunub.
Nazirlik təhlükə zamanı “112” qaynar telefon xəttinə zəng etməyə çağırıb.