Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yalanı başa düşmək insanın üzünə baxıb onun həqiqəti deyib-demədiyini müəyyənləşdirmək qədər sadə deyil. Bəzən yalan danışan insan gözünüzün içinə rahatlıqla baxır, sakit danışır, hətta dediklərinə özü də inanırmış kimi görünür. Əksinə, doğru danışan biri həyəcan, qorxu, utancaqlıq və ya təzyiq səbəbindən göz təmasından qaça, səsini dəyişə və əllərini narahat şəkildə hərəkət etdirə bilər.
Ona görə də yalanı müəyyənləşdirmək üçün tək bir jest, mimika və ya davranışa baxmaqla kifayətlənməyin, insanın adi davranışından kənara çıxan dəyişikliklərə, danışığın məzmununa, faktların uyğunluğuna və müxtəlif əlamətlərin birlikdə təzahürünə diqqət yetirin.
Elmi araşdırmaların ortaya qoyduğu əsas həqiqət
Bu sahədə ən mühüm araşdırmalardan biri psixoloqlar Çarlz Bond və Bella DePaulonun 2006-cı ildə apardığı meta-analizdir. Tədqiqatçılar 206 araşdırmanın və 24 483 iştirakçının nəticələrini təhlil ediblər. Nəticəyə görə, insanlar xüsusi təlim və əlavə vasitələr olmadan yalanı həqiqətdən orta hesabla cəmi 54 faiz dəqiqliklə ayıra bilirlər. Yəni insanın intuisiyası çox vaxt düşündüyümüz qədər etibarlı olmur.
Portsmut Universitetinin professoru Aldert Vrij və həmkarlarının araşdırmaları da göstərir ki, yalanı müəyyənləşdirməkdə diqqəti yalnız bədən dilinə yönəltmək də tam nəticə vermir. Müasir yanaşma danışığın məzmununu, cavabların ardıcıllığını, insanın düşünmə yükünü və davranışındakı dəyişiklikləri birlikdə qiymətləndirməyi tövsiyə edir.
Yalan danışan insanın 20 əlaməti
Həqiqətdən çox özünü müdafiə etməyə çalışır. Sualın mahiyyətinə cavab vermək əvəzinə, özünü təmizə çıxarmağa başlayır: “Mən elə insan deyiləm”, “Mənim xarakterimi bilmirsən”, “Mən heç vaxt belə etmərəm”. Burada diqqət hadisədən insanın şəxsiyyətinə keçirilir. Bu, yalanın sübutu deyil, amma cavabdan yayınma üsulu ola bilər.
Həddindən artıq inandırmağa çalışır. Adi söhbətdə kifayət edəcək bir izahı uzun-uzadı təkrarlayır. “İnan mənə”, “Söz verirəm”, “And içirəm” kimi ifadələrə həddindən artıq müraciət edir. DePaulo və həmkarlarının araşdırmasında yalan danışanların bəzi hallarda daha az inandırıcı hekayələr qurduğu və gərgin göründüyü qeyd edilir.
Cavab verməzdən əvvəl qeyri-adi dərəcədə düşünür. Sadə sual qarşısında uzun fasilə yaranır, cavab sanki əvvəlcədən qurulur. Bunun səbəbi uydurma məlumatı yaddaşda saxlamaq, əvvəlki ifadələrlə uzlaşdırmaq və ziddiyyət yaratmamaq cəhdi ola bilər. Lakin çətin sual və həyəcan da eyni reaksiyanı yarada bilər.
Hər detalı idarə etmək istəyir. Söhbətin istiqamətini özü müəyyənləşdirir, hansı məsələdən danışılacağını seçir, hansı sualın verilməsini istədiyini hiss etdirir. Çünki nə qədər çox nəzarət edərsə, gözlənilməz sualla qarşılaşmaq ehtimalı bir o qədər azalır.
Ziddiyyət yarananda emosional reaksiya verir. Sakit şəkildə verilən əlavə sual onu qəfil qıcıqlandırır. Mövzunu dəyişir, inciyir, qarşı tərəfi ittiham edir. Bu, yalanın özündən çox, özünü təhlükədə hiss etmə reaksiyası da ola bilər.
Özünü həddindən artıq qüsursuz göstərir. Hadisəni danışarkən özünü hər zaman düzgün qərar verən, heç bir səhvə yol verməyən, hər şeyi əvvəlcədən bilən şəxs kimi təqdim edir. Halbuki reallıqda adətən tərəddüd, kiçik səhvlər, unudulan detallar və gözlənilməz hadisələr də olur.
Danışdığı versiyanı qorumaq üçün zehni gərginlik yaşayır. Bir suala verdiyi cavabı başqa sualla əlaqələndirməkdə çətinlik çəkir. Çünki artıq yalnız hadisəni xatırlamaq deyil, əvvəl söylədiyi versiyanı da yadda saxlamaq məcburiyyətindədir. Aldert Vrijin tədqiqatlarında yalan danışmağın əlavə koqnitiv yük yarada bilməsi mühüm istiqamət kimi araşdırılır.
Hadisənin özündən çox, başqalarının nə düşünəcəyinə diqqət yetirir. “İnsanlar nə deyər?”, “Mənim haqqımda nə düşünəcəklər?” kimi narahatlıqlar ön plana keçir. Burada əsas məqsəd faktı izah etməkdən çox, sosial imici qorumaq ola bilər.
Məsuliyyəti başqa şəxslərin üzərinə keçirir. “Hamı belə edirdi”, “Mən tək deyildim”, “Mənə belə dedilər”, “Başqa çıxış yolum yox idi” kimi ifadələrlə öz rolunu kiçildir. Bu davranış yalanla yanaşı, məsuliyyətdən yayınma və özünühaqlandırma mexanizmi də ola bilər.
Məlumatı seçərək təqdim edir. Həqiqətə uyğun olan ayrı-ayrı detalları danışır, amma əsas məqamı gizlədir. Beləliklə, dediklərinin bir hissəsi doğru olsa da, bütöv mənzərə yanlış təsəvvür yaradır. Bu, açıq yalandan fərqli olaraq, məlumatın manipulyativ şəkildə seçilməsidir.
Eyni hadisəni fərqli auditoriyalara fərqli formada danışır. Bir nəfərə bir versiya, başqa şəxsə isə başqa versiya təqdim edir. Əsas faktlar dəyişir, amma hər dəfə danışdığı adamın marağına və mövqeyinə uyğun yeni izah yaranır. Sosial münasibətlərdə özünü təqdim etmə və imic idarəçiliyi bu davranışı anlamağa kömək edən anlayışlardır.
Özünə sərf edən sosial şahidlərə istinad edir. “Hamı bilir”, “Hamı mənim tərəfimdədir”, “Filankəs də təsdiqləyər” deyir, amma konkret fakt və ya yoxlanıla bilən məlumat təqdim etmir. Bu, sosial nüfuzdan istifadə edərək iddianı gücləndirmək cəhdi ola bilər.
Sualı cavablandırmaq əvəzinə qarşı tərəfi sorğu-suala tutur. “Bunu niyə soruşursan?”, “Sən kimdən eşitmisən?”, “Sən özün nə etmisən?” kimi suallarla diqqəti özündən yayındırır. Söhbət faktların araşdırılmasından çıxıb sual verənin niyyətinin müzakirəsinə çevrilir.
Adi göz təması davranışı dəyişir. İnsan əvvəlki söhbətlərdə rahat göz təması qurduğu halda, müəyyən sualda bunu qəfil azalda və ya əksinə, süni şəkildə uzun müddət gözünüzə baxa bilər. Əsas göstərici gözünü qaçırması deyil, öz adi davranışından fərqlənməsidir. FBI-nın elmi icmalında göz təmasının yalanı müəyyənləşdirmək üçün etibarlı göstərici olmadığı vurğulanır.
Əl-qol hərəkətləri dəyişir. Danışarkən əvvəlkindən az jest edir, əllərini gizlədir və ya hərəkətlərini məhdudlaşdırır. Bəzi hallarda isə əksinə, həddindən artıq jest edir. Bu dəyişiklik zehni gərginliklə bağlı ola bilər, amma şəxsi temperament və vəziyyət də nəzərə alınmalıdır.
Öz bədəninə daha çox toxunur. Üzünə, boynuna, saçına, dodaqlarına və əllərinə tez-tez toxunur. Psixologiyada bu cür özünətoxunma hərəkətləri bəzən gərginliyin tənzimlənməsi ilə əlaqələndirilir.
Bədənində gərginlik yaranır. Çiyinlərini sıxır, əllərini yumruqlayır, ayaqlarını hərəkətsiz saxlayır və ya oturuşunu dəyişir. Bu, narahatlıq və emosional təzyiqin göstəricisi ola bilər. Amma insanın yalan danışdığını müəyyən etmir.
Səs tonu və danışıq ritmi dəyişir. Səsi əvvəlkindən daha yüksək və ya alçaq olur, danışıq sürəti dəyişir, cümlələr arasında fasilələr artır. Araşdırmalarda səsin tonu, cavab gecikməsi və nitq səhvləri kimi göstəricilərin yalanla əlaqəli olduğu tapılıb.
Üz ifadəsi ilə danışdığı məna arasında uyğunsuzluq görünür. Məsələn, insan kədərli hadisəni danışarkən üzündə uyğun emosional ifadə görünmür və ya sevincdən danışarkən ifadəsi dəyişmir. Bəzən emosional reaksiyanın gecikməsi və ya qısa müddətli üz ifadəsi fərqləri diqqət çəkə bilər.
Sualın konkret məqamında davranışı qəfil dəyişir. Söhbətin əvvəlində rahat olan insan müəyyən bir hadisə, tarix və ya şəxsin adı çəkiləndə susur, bədənini dəyişir, səsini alçaldır və ya jestlərini azaldır. Bu, bədən dili baxımından müşahidə edilə biləcək əlamətlərdən biridir.
Yalanı üzə çıxarmaq üçün 7 praktik üsulu...
Burada əlamətləri müşahidə etmək əsas götürülmür, ən ciddisi insanın danışdığı məlumatı yoxlamaqdır.
açıq sual verin. “Nə baş verdi?” deyin. “Sən bunu etdin?” kimi cavabı əvvəlcədən məhdudlaşdıran suallarla başlamayın.
Hadisəni öz ardıcıllığı ilə danışmasını istəyin. İnsan danışarkən əsas hadisələr, iştirakçılar və zaman uyğunluğu diqqətlə izlənilməlidir.
Gözlənilməz, konkret suallar verin. Məsələn, “Həmin görüşdə kim birinci gəldi?”, “Otaqda kim harada oturmuşdu?”, “Söhbətdən sonra nə baş verdi?” kimi suallar. Hazırlanmış yalanı qorumaq belə suallarda çətinləşə bilər.
Hadisəni başqa ardıcıllıqla danışmasını istəyin. Məsələn, əvvəldən axıra deyil, son hadisədən birinci hadisəyə doğru. Bu üsul bəzi tədqiqatlarda yalan danışanların koqnitiv yükünü artıran yanaşma kimi araşdırılıb.
Eyni məsələni bir müddət sonra yenidən soruşun. Əsas faktların dəyişib-dəyişmədiyini yoxlayın.
Danışılanları müstəqil faktlarla tutuşdurun. Tarixlər, yazışmalar, sənədlər, fotoşəkillər, şahid ifadələri və digər yoxlanıla bilən məlumatlar bədən dilindən daha güclü sübut ola bilər.
İnsanın adi davranışını nəzərə alın. Onun normal danışıq tərzi, jestləri, səs tonu və ünsiyyət vərdişləri ilə müqayisə aparın. Başqa sözlə, insanı başqaları ilə deyil, ilk növbədə özü ilə müqayisə edin.
Yalanı gizlətmək üçün insan sözlərini dəyişər, hətta davranışını idarə edə bilər. Ancaq danışdığı hadisənin faktlarla uyğunluğunu sonsuza qədər idarə etməsi mümkünsüzdür.
Sevinc MƏHƏRRƏMOVA