Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Neftçi” Misli Premyer Liqasının X turunda “Şamaxı”ya qalib gəldi – 3:2.
Görüşdə bir qol vuran “ağ-qaralar”ın hücumçusu Breno Almeyda matçdan sonra “Futbolpress.az“ın suallarını cavablandırdı:
– Qalibiyyəti şərh edərdiniz.
– Böyük qələbə idi. Çətin görüş olacağını bilirdik. Əzmkar oynadıq və göstərdik ki, yalnız çempionluğa köklənmişik. Hər rəqibə hörmətlə yanaşırıq.
– Oyundan əvvəl bilinirdi ki, qələbə qazanacağınız halda, liderliyə yüksələcəksiniz. Bu, komandada motivasiyanı artırırdı, ya əlavə təzyiq yaradırdı?
– Xeyr, hər hansı təzyiqdən söhbət gedə bilməz. Əksinə, bu məqam bizi daha da motivasiya edirdi.
– Rəqib ikinci dəfə hesabı bərabərləşdirdikdən sonra qələbəyə inamınız qalmışdı?
– Əlbəttə, sona qədər qalib gələcəyimizə inanırdıq. Əlimizdən gələni etdik və üçüncü qol vurduq.
– “Qarabağ”la oyunda iki top fərqiylə öndə olsanız da, yekunda bərabərlik qeydə alınmışdı. “Şamaxı”nın ikinci qolundan sonra bu məqam sizi narahat etmirdi?
– “Qarabağ”la oyuna qayıtsaq, həmin matçda biz bir xala yox, daha artığına layiq idik. Məncə, o görüşdə heç nədən iki xal itirdik. Amma futbolda bəzən belə hallar da olur.
– Komandanın qış çempionluğu şansını necə dəyərləndirirsiniz?
– Hazırda düşüncəmiz yalnız növbəti oyundadır. Qarşıda bizi “Kəpəz”lə ev matçı gözləyir. Hədəfimiz həmin görüşdə də qələbə qazanmaq və azarkeşlərimizi sevindirməkdir.
– Hesabınızda 9 qol var və çempionatın bombardirisiniz. Mövsümün sonuna qədər zirvədə qala biləcəksiniz? Son illərdə çempionatın bombardiri 20 qol səddini keçə bilmir…
– Açığı, rəqəmlərə o qədər önəm vermirəm. Vacib olan komandanın qələbəsidir. 9 qol vurmuşumsa, bu, həm də komanda yoldaşlarımın zəhməti, əməyidir.
– “Qarabağ”ın futbolçusu Jali Muaddib bildirib ki, çempionluq mübarizəsi iki komanda arasında gedəcək və bunlardan biri özləri olacaq. Bəs sizcə, “qızıl” uğrunda mübarizə neçə komanda arasında olacaq?
– Biz çempion olacağıq.
– Mətbuatda Kipr klublarından təklif aldığınız, qışda “Neftçi”dən ayrıla biləcəyiniz haqda xəbərlər yayılıb. Bu, nə dərəcədə doğrudur?
– Mən mətbuatı oxumuram.
Şahin Cəfərov