Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Yalnızlıq və sosial təcrid insanın xəstəliklərdən uzaq yaşayacağı müddəti bir neçə il azalda bilər.
"Cebheinfo.az" xəbər verir ki, yeni araşdırma göstərib ki, özünü tənha hiss etmək və insanlarla sosial əlaqələrin azalması sağlam yaşanan illərin sayını azalda bilər.
Tulane Universitetinin alimləri bununla bağlı 40-69 yaş arasında 277 min 489 nəfərin məlumatlarını araşdırıblar.
Tədqiqat zamanı məlum olub ki, həm özünü tənha hiss edən, həm də sosial əlaqələri az olan insanların sağlam keçirdiyi illər daha azdır.
50 yaş əsas götürülərək aparılan hesablamaya görə, bu insanların fiziki xəstəliklərdən uzaq keçirdiyi ömür qadınlarda 2,4 il, kişilərdə isə 1,7 il daha qısa olub.
Psixi sağlamlıqla bağlı fərq isə daha böyükdür. Yalnızlıq və sosial təcrid yaşayan qadınların psixi xəstəliklər olmadan keçirdiyi ömür 3,7 il az olub. Kişilərdə isə bu fərq 5,8 ilə çatıb.
Araşdırmanın müəllifi, professor Lu Qi bildirib ki, nəticələr kişilərin yalnızlığın təsirlərinə daha həssas ola biləcəyini göstərir.
Alimlər yalnızlıqla sosial təcridin eyni olmadığını da vurğulayırlar. Sosial təcrid insanın ətrafındakı insanlarla əlaqəsinin az olmasıdır.
Yalnızlıq isə insanın özünü tənha hiss etməsidir. Yəni bir insanın ətrafında çoxlu insanlar olsa da, o, özünü tənha hiss edə bilər.
Araşdırmaya görə, düzgün qidalanma, idman, kifayət qədər yuxu və siqaretdən uzaq durmaq sosial təcridin sağlamlığa təsirini müəyyən qədər azalda bilər.
Lakin bu amillər yalnızlığın yaratdığı riskləri eyni dərəcədə azaltmayıb.
Tədqiqatçılar bildirirlər ki, uzun yaşamaqla yanaşı, həmin illəri xəstəliksiz keçirmək də sağlamlıq baxımından mühüm göstəricidir.
Qeyd edək ki, araşdırmanın nəticələri “Nature Communications” jurnalında dərc olunub.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin