Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Hündürmərtəbəli yaşayış binalarında yanğın baş verdikdə tüstünün sürətlə yayılması, təxliyə yollarının əlçatanlığı və sakinlərin düzgün davranışı həyat və sağlamlıq üçün ciddi risklər yaradır. Belə binalarda yanğın təhlükəsizliyi sistemlərinin işlək vəziyyətdə olması, fövqəladə çıxışların təmin edilməsi və sakinlərin təxliyə qaydalarını bilməsi xüsusi əhəmiyyət daşıyır.
Hündürmərtəbəli binalarda yanğın zamanı hansı təhlükəsizlik tədbirləri görülməlidir? Sakinlər belə fövqəladə hallarda həyatlarını qorumaq üçün necə davranmalıdırlar?
Bu barədə “AzPolitika”ya açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib ki, çoxmənzilli yaşayış binalarında yanğın zamanı insanların təhlükəsizlik qaydalarını və təxliyə prosedurlarını bilməsi həyati əhəmiyyət daşıyır. Sakinlər belə hallarda düzgün qərar qəbul etmək üçün əvvəlcədən məlumatlandırılmalı, yanğın baş verdikdə necə davranacaqlarını bilməlidirlər.
Onun sözlərinə görə, çoxmənzilli binada yanğın baş verərsə, sakinlər təxliyə yollarından istifadə edərək binanı tərk etməli və həyətin əvvəlcədən müəyyən edilmiş toplanış məntəqəsinə getməlidirlər: “Xilasetmə, yanğının söndürülməsi, binada qalan insanların təxliyəsi və zərərçəkənlərə tibbi yardım göstərilməsi ilə bağlı işlər müvafiq qurumlar tərəfindən həyata keçirilməlidir. Sakinlər isə yalnız aidiyyəti qurumların göstərişlərinə uyğun hərəkət etməli, özbaşına qərarlar verməməli və icazəsiz binaya yenidən daxil olmamalıdırlar”.
Ekspert yanğın zamanı liftdən istifadə etməyin təhlükəli olduğunu da vurğulayıb: “Yanğın baş verərkən binanın elektrik enerjisi kəsilə və insanlar liftin içərisində köməksiz vəziyyətdə qala bilərlər. Bundan başqa, lift şaxtasına tüstünün dolması da ciddi təhlükə yaradır. Buna görə də sakinlər binanı yalnız pilləkən qəfəsləri və nəzərdə tutulmuş təxliyə yolları vasitəsilə tərk etməlidirlər. Təxliyə zamanı pilləkən qəfəsləri və dəhlizlər tüstü ilə dolarsa, sakinlər nəm dəsmal və ya isladılmış parça ilə ağız və burunlarını örtərək tüstünün təsirini müəyyən qədər azalda bilərlər. Bu zaman mümkün qədər təhlükəsiz hərəkət etmək və binanı tərk etmək üçün müvafiq qurumların göstərişlərinə əməl etmək vacibdir”.
E.Nurəliyev yanğınsöndürmə balonlarından istifadə qaydalarını bilməyin də əhəmiyyətinə diqqət çəkib. O bildirib ki, yanğın yeni başlayıbsa və hələ geniş əraziyə yayılmayıbsa, yaxınlıqda olan yanğınsöndürmə balonundan istifadə etməklə alovun qarşısını almağa cəhd göstərmək olar: "Bunun üçün sakinlərin ilkin yanğınsöndürmə vasitələrindən istifadə ilə bağlı praktiki bilik və bacarıqlara malik olması vacibdir. Çoxmənzilli binaların həyətlərində avtomobillərin düzgün park edilməməsinin də yanğın və digər fövqəladə hadisələr zamanı ciddi problemlər yarada bilər. Bəzi sürücülər nəqliyyat vasitələrini binanın giriş-çıxışlarında və xüsusi texnikanın hərəkətinə mane olacaq yerlərdə saxlayırlar. Bu isə yanğınsöndürmə və təcili tibbi yardım avtomobillərinin həyətə daxil olmasını çətinləşdirir, nəticədə hadisəyə müdaxilə gecikə bilər”.
Ekspert qeyd edib ki, yanğınsöndürmə avtomobilləri iriölçülü nəqliyyat vasitələri olduğundan onların binanın həyətinə maneəsiz daxil olması üçün kifayət qədər yer saxlanılmalıdır: “Avtomobillərin nizamsız park edilməsi həm xüsusi texnikanın hərəkətinə mane olur, həm də nəqliyyat vasitələrinin ərazidən çıxarılması üçün əlavə vaxt itkisinə səbəb ola bilər. Bu isə yanğının genişlənməsi və nəticələrinin ağırlaşması riskini artırır.
Çoxmənzilli binaları idarə edən şəxslər sakinlər üçün mütəmadi olaraq praktiki yanğın təhlükəsizliyi təlimləri təşkil etməlidirlər. Belə məşğələlər zamanı sakinlərə yanğın baş verdikdə hansı qaydalara əməl etməli olduqları, təxliyə yollarından necə istifadə etmələri və ilkin yanğınsöndürmə vasitələrinin tətbiqi izah olunmalıdır”.
Ekspert yanğınlara səbəb ola biləcək gündəlik davranışlara da diqqət çəkib. O əlavə edib ki, liftlərdə siqaret çəkilməsi, siqaret kötüklərinin söndürülmədən atılması, elektrik şəbəkəsinə kənar müdaxilələr, naqillərin qızması və qısaqapanma yanğınla nəticələnə biləcək amillərdəndir. Buna görə də sakinlər, xüsusilə uşaqlar təhlükəsizlik qaydaları barədə maarifləndirilməli, belə hadisələrin qarşısının alınması üçün məsuliyyətli davranmalıdırlar.
Oğuz Ayvaz
“AzPolitika.info”