Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç Soçidə başqa ad altında yaşayır, onun ailəsi isə Rusiyada yaşadığı illər ərzində yüzlərlə hektar torpaq sahəsi və onlarla daşınmaz əmlak obyekti əldə edib.
Axar.az xəbər verir ki, bu barədə “Televideniye Toronto” məlumat yayıb.
Məlumata görə, Yanukoviç Soçidəki malikanəsində vətəndaş nikahında olduğu Lyubov Polejay ilə birlikdə yaşayır və Oleq Nikolayeviç Leonov adına sənədlərdən istifadə edir:
“Məhz bu adla o, Polejayı Abxaziyaya səfərləri zamanı müşayiət edib. Eyni zamanda, Rusiya məlumat bazalarında Leonovun doğum tarixi Yanukoviçin doğum tarixi ilə eyni göstərilib. Bundan başqa, siyasətçinin anası qızlıq soyadında Leonova soyadını daşıyıb. Yanukoviçin qohumları Rusiyada yaşadıqları illər ərzində yüzlərlə hektar torpaq sahəsi və onlarla daşınmaz əmlak obyekti əldə edib, həmçinin bank hesablarında milyonlarla dollar vəsait yerləşdiriblər. Sabiq prezidentin oğlu Aleksandr arvadı və iki oğlu ilə birlikdə Sokolovlar soyadı altında yaşayır, Lyubov Polejay isə soyadını dəyişərək qızlıq soyadı olan Sadıkova soyadını götürüb. Yanukoviçin böyük oğlunun birlikdə yaşadığı qadının sosial şəbəkələrdə paylaşdığı fotolar Soçidə Yesaulenko küçəsində yerləşən “Blagodat” malikanəsinin görüntüləri ilə üst-üstə düşür. Kompleks təxminən 3 hektar ərazini əhatə edir və burada bir neçə yaşayış evi, istixanalar, bağ, ibadətgah və süni göl yerləşir. Bundan başqa, yaxınlıqda Sadıkovanın adına iri torpaq sahəsi və istifadəsiz vəziyyətdə olan bir pansionat da qeydiyyata alınıb. Yanukoviç və ailəsinin mühafizəsini Ukrayna Dövlət Mühafizə İdarəsinin sabiq əməkdaşları həyata keçirir. Onlar ölkədən qaçdıqdan sonra Rusiyanın Federal Mühafizə Xidmətində xidmətə keçiblər”.