Yanvar ayının pensiyaları niyə artımlar ilə ödənilmədi?

28.01.2026

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

“Əmək pensiyaları” haqqında Qanuna əsasən, əmək pensiyalarının indeksləşdirilərək artırılması hər il yanvar ayına da şamil olunur. Artıq yanvar ayı üçün pensiyalar tam ödənilib.

Bu ay artımların verilməməsi nə ilə bağlıdır və artımlar nə zaman ödəniləcək?

AzPost-un məlumatına görə, deputat Vüqar Bayramov bildirib ki, mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında əvvəlki ildəki orta aylıq əmək haqqında artım faizinə uyğun olaraq indeksasiya olunaraq artırılır: “Hələlik dəqiq artım faizi bəlli olmasa da artımlar məhz bu aydan hesablanır. 2025-cü ilin ilk 11 ayının yekunlarına əsasən, ölkə üzrə orta aylıq əmək haqqı 9.3 faiz artıb. İllik yekunun isə 9.2 faiz olacağı gözlənilir. Dəqiq rəsmi göstərici isə Dövlət Statistika Komitəsi tərəfindən gələn ayın əvvəllərində elan ediləcək”.

V.Bayramovun sözlərinə görə, 2025-c ildə orta aylıq əmək haqqında artımla bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq: “Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq”.

Deputat qeyd edib ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью