Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Oktyabrın 24-də Türkiyə Respublikasının Zəfər Partiyasının təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Zəfər Partiyası sədrinin müşaviri Hakkı Şafak Ses arasında görüş keçirilib.
Bu barədə YAP Mərkəzi Aparatından məlumat verilib.
Bildirilib ki, partiyanın sədri Ümit Özdağın salamlarını çatdıran Hakkı Şafak Ses Yeni Azərbaycan Partiyası ilə Zəfər Partiyası arasında əlaqələrin qurulmasında maraqlı olduqlarını, partiyasını təmsil edən nümayəndə heyətinin Bakıya səfər edərək bu məsələlərin müzakirə olunmasının mümkünlüyünün nəzərdən keçirilməsini xahiş edib.
O, son zamanlar Türkiyənin bəzi siyasi dairələri tərəfindən Azərbaycana qarşı kampaniyanın aparılmasının Zəfər Partiyası tərəfindən ciddi narazılıq və narahatlıqla qarşılandığını diqqətə çatdırıb. Müşavir vurğulayıb ki, partiyanın sədri Ümit Özdağ ilk gündən öz mövqeyini ortaya qoyaraq bu məsələlərə kəskin etirazını bildirib, heç bir qüvvənin Azərbaycanın daxili işlərinə qarışmasına haqqının çatmadığını bütün ictimai çıxışlarında birmənalı şəkildə vurğulayıb: “Azərbaycan müstəqil və dünyəvi dövlət kimi öz qərarlarını verməkdə sərbəstdir və onun daxili işlərinə müdaxilə cəhdləri qətiyyən yolverilməzdir”.
Hakkı Şafak Ses bəhs olunan məsələ ilə əlaqədar Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin açıqlamasına toxunaraq YAP-ın haqlı mövqeyinin Türkiyə cəmiyyəti tərəfindən dəstəkləndiyini vurğulayıb. O, Azərbaycan tərəfindən “arzuolunmaz şəxs” elan edilərək ölkəyə giriş qadağası tətbiq edilən 31 nəfər şəxsin qeyri-obyektiv yanaşmasının Türkiyə xalqının mövqeyini əks etdirmədiyini bildirib. “Son hadisələr bir daha təsdiqlədi ki, Türkiyə xalqı Azərbaycanın müstəqil, prinsipial, milli maraqlara, dostluq və qardaşlıq prinsiplərinə əsaslanan siyasətinə hörmətlə yanaşır. Türkiyə-Azərbaycan birliyinə zərər verən bütün neqativ halların qarşısı birmənalı şəkildə alınmalıdır. Zəfər Partiyasının mövqeyi bundan ibarətdir ki, Türkiyədə Azərbaycana qarşı mənfi təbliğat aparan şəxslər barəsində hüquq müstəvisində konkret tədbirlər görülməlidir”, - deyə müşavir əlavə edib.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov salamlara görə təşəkkürünü bildirib, onun da salamlarının Ümit Özdağa çatdırılmasını xahiş edib.
Türkiyənin müəyyən siyasi dairələri, o cümlədən yüksək dövlət vəzifəsi daşıyan və hakim partiyanı təmsil edən şəxslər tərəfindən Azərbaycana qarşı aparılan iftira və böhtan xarakterli təbliğatın ciddi təəssüf doğurduğunu vurğulayan Tahir Budaqov ölkəmizin haqlı mövqeyinə birmənalı dəstəyinə görə Zəfər Partiyasına və onun sədrinə minnətdarlığını ifadə edib.
YAP Sədrinin müavini vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək zirvədə olduğu bir vaxtda gözlənilmədən ölkəmizə qarşı qərəzli kampaniyanın təşkili ciddi tarixi səhvdir. Mürəkkəb geosiyasi proseslər fonunda Azərbaycanın Türk dünyasında həmrəylik və əməkdaşlığa, eləcə də Türk Dövlətləri Təşkilatının müasir beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsinə mühüm töhfələr verdiyini xatırladan Tahir Budaqov yaranmış vəziyyətin bu prosesə də zərər verən faktor kimi yolverilməz olduğunu vurğulayıb: “İndiyədək müxtəlif dönəmlərdə müəyyən çətinliklərlə üzləşən Azərbaycan-Türkiyə münasibətləri xalqlarımızın iradəsi sayəsində sınaqlardan şərəflə çıxaraq daha da güclənib. Bu gün ölkəmizin dünyəvilik prinsipinə əsaslanan müstəqil siyasətinə təzyiq göstərmək cəhdi yolverilməzdir və Azərbaycanı öz yolundan döndərmək mümkün deyil”.
Görüşdə YAP ilə Zəfər Partiyası arasında gələcək əməkdaşlıq perspektivləri də müzakirə olunub.