Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının gənclər və könüllülər üçün keçirdiyi “Qış məktəbi” işini davam etdirir.
Məktəbin iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Ziyarət zamanı gənclərə dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib. Bildirilib ki, Mərkəz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, Ulu öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir.
Gənclər Azərbaycan Milli Xalça Muzeyini də ziyarət ediblər. Ziyarət zamanı gənclərə muzeydə nümayiş etdirilən nadir xalça nümunələri, Azərbaycan xalçaçılıq sənətinin tarixi inkişaf mərhələləri, bölgələr üzrə formalaşmış xalça məktəbləri və bu sənətin milli-mədəni irsimizdə tutduğu mühüm yer barədə ətraflı məlumat verilib.
Həmçinin, “Qış məktəbi”nin iştirakçıları Azərbaycan Dövlət İqtisad Universiteti - UNEC-i ziyarət ediblər.
Gənclər öncə UNEC şəhidlərinin xatirə kompleksi ilə tanış olub, onların əziz xatirəsini ehtiramla yad ediblər. Sonra UNEC ilə tanışlıq zamanı iştirakçılara universitetdəki ixtisaslar, elektron tədris prosesi, ikili diplom və mübadilə proqramları, xüsusi təqaüd imkanları, tələbələrin sosial həyatı, idman zalları, kitabxanalar barədə ətraflı məlumat verilib. Gənclər müasir texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalar, kitabxana, akt və idman zalları, tələbə yeməkxanası, eləcə də Bloomberg laboratoriyası, universitetin digər inzibati və tədris məkanları ilə tanış olublar.
Gənclər və könüllülər eyni zamanda Bakı Ali Neft Məktəbi ziyarət ediblər. Gənclər Ali Məktəbin kampusu ilə tanış olub, tədris infrastrukturu, elmi-tədqiqat imkanları və universitetin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat alıblar. Həmçinin kampusun Konqres zalı, Neft muzeyinin eksponatları, kitabxana, üzgüçülük hovuzu, idman zalları, tələbə yeməkxanası, auditoriya və laboratoriyalarla tanışlıq olub.
Eləcə də “Qış məktəbi”nin iştirakçıları Real TV-də olublar.
Bununla yanaşı gənclər Dövlət Bayrağı Meydanını, Dövlət Bayrağı Muzeyini, “Suraxanı” gəmi-muzeyini, Zəfər muzeyini ziyarət ediblər.
"Qış məktəbi"nin iştirakçıları "Uğurlu gənc" layihəsi çərçivəsində Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Kamal Cəfərov ilə görüşüblər. Görüşdə YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov layihənin mahiyyəti və əhəmiyyəti haqqında məlumat verib.
Sonra çıxış edən Kamal Cəfərov dövlətin gənclər siyasəti, Heydər Əliyev ideyaları və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları barədə danışıb.
Görüş səmimi müzakirə əsnasında davam etdirilib.