YAP Ramiz Mehdiyevlə bağlı məsələyə niyə baxmadı?

23.01.2026

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının sədri Arif Rəhimzadə rəhbərlik etdiyi şuranın yanvarın 22-də keçirilən iclasında Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevin YAP sıralarından xaric edilməsi məsələsinə baxılmamasının səbəbini açıqlayıb.

KONKRET.az-ın xəbərinə görə, o, “yeni sabah”a bildirib ki, toplantı Veteranlar Şurasının ötənilki fəaliyyətinin yekinları və builki tədbirlər planına həsr olunub.

A.Rəhimzadənin sözlərinə görə, iclasda 2026-cı ilin Tədbirlər Planında nəzərdə tutulan məsələlərə nəzər yetirilərək, ideoloji işin, o cümlədən gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi – milli şüurun gücləndirilməsinin diqqət mərkəzində olacağı müzakirə edilib.

“Veteranlar Şurasının gündəliyində Ramiz Mehdiyevin üzvlükdən çıxarılması məsələsi yox idi. Bu məsələyə onunla bağlı yekun məhkəmə qərarı verildikdən sonra baxılacaq”, – Arif Rəhimzadə söyləyib.

Qeyd edək ki, Veteranlar Şurasının iclasında üzvlərdən biri R.Mehdiyevlə bağlı məsələnin müzakirəsini təklif edib. Amma toplantıya rəhbərlik edən Arif Rəhimzadə bu mövzunun yalnız məhkəmə qərarından sonra müzakirə olunacağı bildirib.

Xatırladaq ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi 2025-ci il oktyabrın 14-də R.Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən R.Mehdiyev barədə verilən vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью