YAP Salyan rayon təşkilatı tərəfindən tədbirlər davam etdirilir

29.10.2026

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı YAP Salyan rayon təşkilatı tərəfindən tədbirlər davam etdirilir. Növbəti görüş Salyan Rayon Heydər Əliyev Mərkəzində rayon təşkilatının gənc fəallarının iştirakı ilə təşkil olunub.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev VIII Qurultayın ölkənin gələcək inkişaf istiqamətləri ilə yanaşı, milli ideoloji dəyərlərin qorunması və gənc nəslə aşılanması baxımından da qarşıya mühüm vəzifələr qoyduğunu bildirib. O, Prezident İlham Əliyevin nitqində dövlətçilik ənənələrinə sədaqət, milli maraqların müdafiəsi, tarixi yaddaşın qorunması və Azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsi ilə bağlı səsləndirilən fikirlərin gənclər üçün əsas fəaliyyət istiqamətlərindən olduğunu vurğulayıb. Qeyd edib ki, gənclər milli-mənəvi dəyərlərə bağlılıq, vətənpərvərlik və məsuliyyət prinsiplərini gündəlik fəaliyyətlərində rəhbər tutmalı, ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməklə dövlətçilik ideyalarının təbliğinə töhfə verməlidirlər.
Salyan Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Emin Ağayev çıxışında müasir Azərbaycanın inkişafının möhkəm dövlətçilik təməllərinə, xalq-iqtidar birliyinə və ardıcıl siyasi kursa əsaslandığını diqqətə çatdırıb. O, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq ideologiyasının milli birliyin qorunmasında, cəmiyyətin ümumi məqsədlər ətrafında birləşməsində və gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində rolunu qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən siyasi kursun ideoloji əsaslarının dərindən mənimsənilməsi, tarixi həqiqətlərin və milli dəyərlərin gənclər arasında təbliği bu gün xüsusi diqqət tələb edən məsələlərdəndir.
Tədbirdə rayon təşkilatının əməkdaşları Yalçın Abdullazadə və Vüqar Ağayev, VIII Qurultayın nümayəndələri, Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova, Uşaq Gənclər İdman Şahmat Məktəbinin müəllimi Xanım Qədirova, gənc YAP fəalı, Uşaq Gənclər İnkişaf Mərkəzinin müəllimi Ədilə Səfərzadə və başqaları da çıxış ediblər. Çıxışlarda Azərbaycançılıq ideologiyasının mahiyyəti, milli-mənəvi dəyərlərin qorunması, tarixi yaddaşın gələcək nəsillərə ötürülməsi və gənclərin ictimai fəallığının artırılması məsələlərinə toxunulub. Natiqlər gənclərin öz bilik və bacarıqlarını inkişaf etdirmələrinin, milli kimliyə və dövlətçilik prinsiplərinə bağlılıqlarını möhkəmləndirmələrinin, cəmiyyətin həyatında fəal mövqe tutmalarının vacibliyini vurğulayıblar.
Tədbirin sonunda VIII Qurultayda səsləndirilən ideoloji məsələlər, milli dəyərlərin təbliği və gənclər arasında dövlətçilik düşüncəsinin möhkəmləndirilməsi istiqamətində qarşıda duran vəzifələr ətrafında müzakirələr aparılıb. İştirakçılar bu istiqamətdə görüləcək işlər, gənclərin təşəbbüslərinin dəstəklənməsi və partiya fəaliyyətində fəallığın artırılması ilə bağlı fikir və təkliflərini bölüşüblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью