Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.
29 yanvar 2026-cı il tarixdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Samux rayon təşkilatında “Azərbaycan sabitlik və təhlükəsizlik məkanıdır” mövzusunda dəyirmi masa keçirilib.
Öncə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək qeyd edib ki, dünyada, eləcə də regionda baş verən hadisələrə baxmayaraq, Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan Respublikası uğurla inkişaf edir, sosial-iqtisadi məsələlər öz həllini tapır, xalq-iqtidar birliyi daha da güclənir. Azərbaycan dünyada və bölgədə sabitlik məkanı kimi tanınır. Xalqımız əmin-amanlıq şəraitində yaşayır, əhalinin rifahı yüksəlir.
Gündüz Bayramov bildirib ki, müasir mərhələdə inkişafın Azərbaycan modelinin səciyyəvi xüsusiyyətlərindən biri bütün sahələrdə tərəqqiyə xidmət edən ardıcıl, çoxşaxəli, kompleks xarakterli islahatların həyata keçirilməsidir. İslahatların effektivliyini təmin edən strateji faktor isə Prezident İlham Əliyevin siyasi iradəsidir.
Daha sonra dəyirmi masada iştirak edən ərazi partiya təşkilat sədrləri Kəmalə Xəlilova, Rasim İmamquliyev və Gülmira Nəbiyeva çıxış edərək vurğulayıblar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin qanunauyğun nəticəsi olaraq, Azərbaycan sabitlik adası və inkişaf məkanı kimi tanınır. Ölkəmizin milli gücünü artıran əhəmiyyətli amillərdən biri də möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Şübhəsiz ki, Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsində, sosial rifahın yaxşılaşdırılmasında, inkişafın davamlı olmasında mühüm rol oynayan amillərdən biri etibarlı təhlükəsizlik və sabitlik mühitidir.