Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hanoy, 28 yanvar, AZƏRTAC
Azərbaycanın Vyetnamdakı səfirliyinin təşkilatçılığı ilə Hanoyda "Strateji tərəfdaşlıq - siyasi partiyaların aparıcı rolu" mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Vyetnamın dövlət və hökumət rəsmiləri, diplomatik missiya təmsilçiləri, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri, Azərbaycanda təhsil almış vyetnamlı məzunlar, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdizadə iki ölkə arasında tarixi köklərə əsaslanan səmimi dostluq münasibətlərinin mövcud olduğunu diqqətə çatdırıb. O, 1959-cu ildə Vyetnam xalqının öndəri Ho Şi Minin Azərbaycana, 1983-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi Vyetnama səfərlərinin xalqlarımız arasında münasibətlərin və ölkələrarası əməkdaşlıq əlaqələrinin qurulmasında müstəsna rol oynadığını deyib. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ötən ilin mayında Azərbaycana səfərini xatırladan səfir iki ölkə arasında münasibətlərin uğurla inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini deyib.
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun Vyetnam Kommunist Partiyasının (VKP) 14-cü qurultayının uğurla baş tutması münasibətilə təbriklərini çatdırıb.
Tahir Budaqov qeyd edib ki, müdrik dövlət xadimi Heydər Əliyev istər SSRİ dövründə, istərsə də Azərbaycanın müstəqilliyinin bərpasından sonra ölkəmizə rəhbərlik etdiyi zaman Vyetnam ilə münasibətlərin inkişafına böyük önəm verib. Onun sözlərinə görə, Heydər Əliyev siyasətini müasir çağırışlara uyğun zənginləşdirərək uğurla davam etdirən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Vyetnamla əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetirir. "İki ölkənin fəal siyasi dialoqu tərəflər arasında çoxşaxəli işbirliyinin genişlənməsini şərtləndirir. Bu gün etibarlı strateji tərəfdaşlar olan Azərbaycan ilə Vyetnam qlobal müstəvidə bir-birinin maraqlarının müdafiəsinə böyük əhəmiyyət verirlər”, - deyə T.Budaqov bildirib
YAP Sədrinin müavini strateji tərəfdaşlıq münasibətlərinin irəliyə aparılması üçün ayrı-ayrı qurumların üzərinə mühüm vəzifələrin düşdüyünü, bu kontekstdə sıx əməkdaşlığın vacibliyini vurğulayıb, daimi təmasların istər ölkələr, istərsə də siyasi partiyalar arasında münasibətlərin inkişafına mühüm töhfələr verdiyini söyləyib.
Qarşılıqlı səfərlərin önəminə diqqəti cəlb edən YAP Sədrinin müavini Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasındakı əlaqələrin genişləndirilməsi istiqamətində ardıcıl fəaliyyətin həyata keçirildiyini deyib. "2023-cü ildə YAP ilə VKP arasında imzalanmış Əməkdaşlıq Sazişindən irəli gələn vəzifələrin icrası istər partiyalarımız, istərsə də ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir", - deyən Tahir Budaqov milli maraqlara əsaslanan birgə fəaliyyət nəticəsində yeni nailiyyətlərin əldə olunacağına əminliyini ifadə edib.
Vyetnam Milli Statistika İdarəsinin baş direktoru xanım Nquyen Thi Honq inkişaf yolunda əmin addımlarla irəliləyən hər iki ölkənin dostluq və tərəfdaşlıq münasibətlərini birgə səylərlə daha da gücləndirmək əzmində olduqlarını vurğulayıb. O, Azərbaycan ilə Vyetnamın müxtəlif sahələrdə işbirliyini genişləndirməsinin vacibliyinə toxunaraq statistika qurumları arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində görülən işlərdən bəhs edib.
Nquyen Thi Honq 2024-cü ilin dekabrında Bakıda imzalanan iki ölkə arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumundan irəli gələn sistemli fəaliyyətin həyata keçirildiyini söyləyib.
Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri Danq Te Vin Azərbaycan-Vyetnam münasibətlərinin yüksələn xətt üzrə inkişafının məmnunluq doğurduğunu söyləyib. O, vaxtilə Azərbaycanda təhsil almış vyetnamlıların bir çoxunun Vyetnamın ictimai-siyasi həyatında fəal rol oynadıqlarını, iki xalq arasında əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfələr verdiklərini bildirib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Hanoy