Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.
Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 34-cü ildönümü münasibətilə YAP Nərimanov rayon təşkilatının “Z.Bünyadov prospekti 1965” ünvanı üzrə ərazi partiya təşkilatında (Sosial Xidmətlər Agentliyi) tədbir keçirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış nitqi ilə çıxış edən Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Yeni Azərbaycan Partiyasının yaranma tarixinə, ölkənin siyasi həyatındakı mühüm roluna və keçdiyi inkişaf yoluna nəzər salıb. O, partiyanın Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və uzaqgörən strategiyası əsasında təsis olunduğunu, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə öz fəaliyyətini uğurla davam etdirdiyini vurğulayıb.
YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxışında partiyanın 34 illik fəaliyyəti ərzində əldə etdiyi nailiyyətlərdən, ölkəmizin hərtərəfli inkişafında və milli maraqlarımızın qorunmasında oynadığı mühüm roldan bəhs edib. O, Yeni Azərbaycan Partiyasının xalqın etimadını qazanmış, cəmiyyətin müxtəlif təbəqələrini öz ətrafında birləşdirən aparıcı siyasi qüvvə olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən digər natiqlər də Yeni Azərbaycan Partiyasının zəngin tarixi, ideoloji prinsipləri, dövlətçilik ənənələrinin qorunması və möhkəmləndirilməsi, eləcə də ölkəmizin davamlı inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyət barədə fikirlərini bölüşüblər.
Sonda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.