YAP üzvlüyü qurucu insan olmaqdır

07.10.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII Qurultayında qarşıya qoyulan vəzifələrlə əlaqədar işgüzar müzakirə aparılıb.

Məclisdə Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev qurultayın ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə, yeni vəzifələri, strateji hədəfləri müəyyənləşdirən siyasi platforma olduğunu bildirib. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin tarixi nitqində ölkəmizin və regionun mənzərəsinin aydın əks olunduğunu, Azərbaycanın söz sahibi olan və kənar müdaxilələri kökündən rədd edən güclü dövlətə çevrildiyini vurğulayıb.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü, tarix elmləri doktoru, professor Anar İsgəndərov qurultayın ilk dəfə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra, keyfiyyətcə yeni ictimai-siyasi və geosiyasi şəraitdə keçdiyini bildirib. Qurultayda qeyd edildiyi kimi, qazanılmış tarixi qələbə yeni və daha böyük uğurların başlanğıcıdır. Heydər Əliyev yolu zəfərə, uğurlara aparan yoldur.

Xalqımız Müzəffər Liderinin ətrafında sıx birləşərək daha güclü, daha qüdrətli və təhlükəsiz Azərbaycan naminə gələcəyə doğru inamla addımlayır. YAP Lənkəran şəhər təşkilatı partiyanın qabaqcıl, öncül dəstələrindən biri olaraq partiyanın qarşıya qoyduğu vəzifələrin, rayonda sosial-iqtisadi, abadlıq-quruculuq və infrastruktur layihələrinin icrasında fəal mövqe nümayiş etdirir.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini-sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri Emin Quliyev bildirdi ki, möhtərəm Prezidentimiz İlham Əliyevin proqram xarakterli nitqində qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar konkret əməli fəaliyyətə başlamalıyıq. Əminliklə qeyd etmək olar ki, YAP Lənkəran şəhər təşkilatının üzvləri, partiya fəalları Lənkəranın, eləcə də müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafına, tərəqqisinə yeni töhfələr verəcəklər.

Qurultay nümayəndələrindən Lənkəran Dövlət Universitetinin prorektoru, 3 saylı ərazi partiya təşkilatının sədri Ramiz Şəmmədov, Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tofiq Rzayev, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, tarix üzrə fəlsəfə doktoru Leyla Məcidova dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, ideoloji və tələbə-gənclərlə aparılan işlərin təkmilləşdirilməsi, vətəndaşlarla birbaşa ünsiyyətin və ictimai təşəbbüslərin dəstəklənməsi və partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılmasının vacibliyini qeyd ediblər.

Onlar bildiriblər ki, YAP-ın qurultayında qarşıya qoyulmuş yeni tarixi vəzifələrin yerinə yetirilməsində partiya üzvləri öndə getməli, nümunə göstərməlidirlər.

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью