Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının bugünkü iclasında Ramiz Mehdiyevin üzvlükdən xaric edilməsi məsələsi müzakirə edilməyib.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP Veteranlar Şurasının üzvü Tahir Rzayev bildirib.
"Veteranlar Şurasının bu gün keçirilən iclasında əsasən 2025-ci il ərzində görülmüş işlərə dair hesabat dinlənilib. İclasda il ərzində təşkil olunan tədbirlər, veteranların müxtəlif görüş və tədbirlərdə iştirakı ilə bağlı məsələlər müzakirə edilib.
Eyni zamanda, 2026-cı il üçün nəzərdə tutulan fəaliyyət planı müzakirə olunaraq təsdiqlənib. Şuraya yeni üzvlərin qəbulu və ya üzvlükdən xaric edilmə ilə bağlı hər hansı müzakirə aparılmayıb.
İclas zamanı veteranlar gündəlikdəki məsələlərlə bağlı fikirlərini bölüşüb, ölkə başçısının həyata keçirdiyi siyasəti dəstəklədiklərini vurğulayıb, əldə olunan nailiyyətlərə münasibət bildiriblər. Bununla yanaşı, qarşıda duran vəzifələr və gələcək fəaliyyət istiqamətləri barədə də fikir mübadiləsi aparılıb",-T.Rzayev deyib.