Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Mitsubishi" holdinqinə daxil olan "Mitsubishi UFJ Financial Group" maliyyə şirkəti süni intellektə (AI) əsaslanan köməkçiləri təqdim etməyi planlaşdırır. Bu köməkçilər yeni əməkdaşlara dəstək göstərəcək, eləcə də müxtəlif mətnlərin hazırlanmasında iştirak edəcəklər.
Oxu.Az bildirir ki, bu barədə "Nikkei Asia" portalı məlumat yayıb.
Məlumata əsasən, şirkət AI köməkçilərinə tamhüquqlu işçilər kimi yanaşacaq. Süni intellekt üçün artıq "seçim" prosesi başlanıb. Mütəxəssislər hansı şöbələrin daha çox köməyə ehtiyac duyduğunu və süni intellektin hansı tapşırıqlar üçün uyğun olduğunu müəyyənləşdirirlər.
Yeni "əməkdaşların" təliminə mart ayının sonunadək başlanılması planlaşdırılır. Onlar mərhələli şəkildə şöbələrə təqdim olunacaq və əməkdaşlar neyron şəbəkələrini konkret tapşırıqlar üzrə təlimləndirməyə başlayacaqlar. Son mərhələ - yəni "ştata qəbul" prosesi isə Yaponiyada 2026-cı maliyyə ilinin başlanğıcı olan aprelin 1-nə planlaşdırılıb.
Şirkət AI köməkçilərini müstəqil şəkildə hazırlayır və onlar yalnız daxili istifadə üçün nəzərdə tutulacaq. Köməkçilərin bir qismi ABŞ-nin "OpenAI" şirkətinin alqoritmləri əsasında fəaliyyət göstərəcək. Neyron şəbəkələrindən yeni işçilərə dəstək məqsədilə də istifadə olunacaq ki, bu da mövcud əməkdaşları eyni məlumatları təkrar-təkrar izah etmək yükündən azad edəcək.
Bundan əlavə, süni intellekt köhnə sənədlər üzərində təlim keçərək elan mətnləri və press-relizlər hazırlayacaq. Qaralama mətnlərin yazılması artıq bu aydan etibarən neyron şəbəkələrinə həvalə ediləcək. Şirkət süni intellektdən istifadənin 2026-cı maliyyə ilinin sonunadək təxminən 30 milyard yen (təqribən 193,9 milyon ABŞ dolları) qənaət edəcəyini gözləyir.
Qeyd edək ki, daha əvvəl qrup "OpenAI" tərəfindən hazırlanmış "ChatGPT" sisteminin bank tətbiqlərinə inteqrasiyasını elan etmişdi. Sözügedən bot istifadəçilərin gəlir, xərclər, depozitlər və köçürmələrini təhlil edərək büdcə ilə bağlı tövsiyələr verəcək.
"Mitsubishi" qrupuna daxil olan "Mitsubishi UFJ Financial Group" Yaponiyanın aparıcı maliyyə xidmətləri şirkətlərindən biridir. Qrup ölkənin ən böyük banklarından biri olan "MUFG Bank"ı idarə edir. Bundan başqa, holdinq daşınmaz əmlak, bərpaolunan enerji və informasiya texnologiyaları sahələrində də fəaliyyət göstərən çoxsaylı brendləri özündə birləşdirir.