Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yaponiyada keçirilən erkən ümumi seçkilərin nəticələrinə görə, Baş nazir Takaiçi Sanaenin rəhbərlik etdiyi Liberal Demokrat Partiya (LDP) yarışı müharibədən sonrakı tarixə düşəcək fərqlə qazanıb.
"Cebheinfo.az" xəbər verir ki, dövlət televiziyası NHK-nin səsvermənin ilkin nəticələrinə əsaslanan məlumatına görə, Takaiçinin rəhbərlik etdiyi LDP parlamentin aşağı palatası olan Nümayəndələr Məclisindəki 465 yerdən 316-sını əldə edib.
LDP mandatlarının sayını 198-dən 316-ya yüksəldib. Bununla da hakim partiya parlamentdə yerlərin üçdə ikisi hesab edilən 310 mandat həddini keçib.
Bu nəticə ilə LDP İkinci Dünya müharibəsindən sonra Yaponiyada bu göstəriciyə çatan ilk partiya ünvanını qazanıb.
Hakim koalisiyanın tərəfdaşı Nippon İşin Partiyası (JIP) da mandatlarının sayını 2 artıraraq 36-ya çatdırıb.
465 üzvdən ibarət Nümayəndələr Məclisində (Şuugin) 310 mandatlıq üçdə iki çoxluğun əldə olunması konstitusiya dəyişikliyi və qanun layihələrinin daha rahat qəbul edilməsi imkanını yaradır.
LDP-nin hazırda parlamentin yuxarı palatası sayılan Məsləhətçilər Məclisində (Sangiin) isə çoxluğu yoxdur.
Əsas müxalifət Anayasal Demokrat Partiyasının (CDP) liderliyi ilə seçkilər öncəsi qurulan Mərkəzçi İslahat Alyansı (CRA) böyük məğlubiyyətlə üzləşib. Alyansın mandat sayı 172-dən 49-a düşüb.
Müxalifət partiyalarının bəzi liderləri yerlərin sayının yarıdan çox azalmasından sonra istefa siqnalları verib.
Qələbədən sonra açıqlama verən Takaiçi, “Verdiyimiz seçki vədlərini yerinə yetirmək baxımından son dərəcə ağır bir məsuliyyət daşıyırıq” deyib.
Takaiçi kabinetdə genişmiqyaslı dəyişiklik etməyəcəyini, mövcud heyətin qorunacağını bildirib.
O, həmçinin Konstitusiya dəyişikliyi ilə bağlı konkret planların parlamentdə müzakirə olunmasını ümid etdiyini qeyd edib.
Xatırladaq ki, Yaponiyada seçicilər milli parlamentin aşağı palatası olan Nümayəndələr Məclisi (Şuugin) üzvlərini seçmək üçün səsvermədə iştirak ediblər.
Seçkilərdə parlamentə düşmək üçün ölkə üzrə ümumilikdə 1 285 namizəd mübarizə aparıb.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin