Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Dünyada süni intellekt texnologiyalarının sürətlə inkişaf etməsi iqtisadiyyatın ənənəvi sahələrində də ciddi dəyişikliklərə yol açır. Rəqəmsal sistemlərin imkanları genişləndikcə onların fasiləsiz fəaliyyətini təmin edən enerji resurslarına tələbat da artır. Bu baxımdan Yaponiya ilə ABŞ-ın aparıcı texnologiya şirkətləri arasında müzakirə olunan yeni əməkdaşlıq təşəbbüsü beynəlxalq texnologiya gündəminin diqqətçəkən hadisələrindən biridir.
Reuters agentliyinin məlumatına görə, Yaponiyanın ən böyük elektrik enerjisi istehsalçısı JERA ABŞ-ın süni intellekt və texnologiya sahəsində fəaliyyət göstərən şirkətləri ilə Tokio ətrafında məlumat mərkəzlərinin yaradılması imkanlarını müzakirə edir. “Nikkei” qəzetinin yaydığı məlumata əsasən, danışıqlarda Anthropic və Meta şirkətləri ilə yanaşı, Amazon, Microsoft və Google da yer alır.
JERA-nın qlobal əməliyyatlar üzrə rəhbəri və idarə heyətinin sədri Yukio Kaninin sözlərinə görə, şirkət Amazon, Microsoft və Google ilə də mümkün layihələr barədə müzakirələr aparır. Beləliklə, Yaponiya enerji sektorunun imkanlarını dünyanın aparıcı rəqəmsal texnologiya şirkətləri ilə birləşdirməyə çalışır.
Təşəbbüsün əsas xüsusiyyəti məlumat mərkəzlərinin elektrik stansiyalarının yaxınlığında yerləşdirilməsidir. Bu yanaşma böyük həcmdə elektrik enerjisi tələb edən süni intellekt sistemlərinin daha etibarlı enerji təminatına xidmət edə bilər. Elektrik enerjisinin birbaşa istehsal mənbəyindən alınması mövcud şəbəkələrin yükünü azaltmaq və yeni infrastrukturun qurulmasını sürətləndirmək baxımından da əhəmiyyətlidir.
Yaponiyanın enerji şirkəti oktyabr ayında Dell Technologies və Böyük Britaniyanın RHAELM şirkəti ilə də süni intellekt infrastrukturu sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb. Tərəflər ölkə miqyasında tətbiq oluna biləcək standartlaşdırılmış infrastruktur modelinin hazırlanmasını nəzərdə tuturlar. Bu əməkdaşlığın ilkin layihəsi Tokio yaxınlığındakı Çiba prefekturasında 15 milyard dollar dəyərində iri məlumat mərkəzinin yaradılması planıdır.
Bununla belə, Anthropic, Meta və digər şirkətlərlə aparılan yeni danışıqların artıq konkret müqavilələrlə nəticələndiyini söyləmək olmaz. Reuters-in məlumatında tərəflərin mümkün əməkdaşlığı müzakirə etdiyi, lakin şirkətlərin agentliyin sorğularına dərhal cavab vermədiyi bildirilir.
Bu hadisənin əhəmiyyəti daha geniş iqtisadi proseslərlə bağlıdır. Süni intellekt artıq yalnız proqram təminatı və informasiya texnologiyaları sahəsinin inkişaf istiqaməti deyil. Onun tətbiqi energetika, sənaye, rabitə, nəqliyyat və maliyyə sektorlarında yeni imkanlar yaradır. Eyni zamanda, məlumatların emalı üçün tələb olunan böyük hesablama gücü enerji təhlükəsizliyini rəqəmsal inkişafın əsas şərtlərindən birinə çevirir.
Yaponiyanın bu istiqamətdə atdığı addımlar göstərir ki, gələcəyin texnoloji rəqabətində üstünlük yalnız innovativ ideyalar və müasir proqramlarla müəyyənləşməyəcək. Həmin yenilikləri işlək vəziyyətdə saxlayan enerji infrastrukturu, investisiya imkanları və beynəlxalq tərəfdaşlıq da həlledici rol oynayacaq.
Nurtəngiz Adilqızı
XQ