Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Yaponiyanın paytaxt Tokio ətrafında yağan rekord səviyyəli yağışlar ciddi daşqınlara səbəb olub. Təbii fəlakət nəticəsində azı dörd nəfər həlak olub, bir nəfər isə itkin düşüb.
Associated Press-in məlumatına görə, xüsusilə Çiba prefekturasında güclü yağışlar yolları və yaşayış evlərini su altında qoyub, dəmir yolu və hava nəqliyyatının fəaliyyətində ciddi problemlər yaradıb. Minlərlə insan nəqliyyatın dayanması səbəbindən gecəni stansiyalarda və digər müvəqqəti sığınacaqlarda keçirməli olub.
Çiba şəhərində bir saat ərzində 11,5 santimetr, Sakura şəhərində isə 9,7 santimetr yağıntı qeydə alınıb. Mənbə bu göstəricilərin hər iki ərazi üçün rekord olduğunu bildirir.
Güclü yağışlar nəticəsində onlarla ev su altında qalıb, elektrik enerjisinin verilişində fasilələr yaranıb. Ən çox zərər çəkən ərazilərdən biri Narita hava limanının yerləşdiyi Çiba prefekturası olub. Dəmir yolu əlaqələrinin kəsilməsi çoxsaylı sərnişinin hava limanında və digər nəqliyyat məntəqələrində qalmasına səbəb olub.
Yaponiya Meteorologiya Agentliyi cümə günü səhər bəzi güclü yağış xəbərdarlıqlarını aşağı səviyyəyə endirsə də, gün ərzində yeni yağıntıların gözlənildiyini açıqlayıb. Hakimiyyət orqanları sakinləri daşqın və torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar ehtiyatlı olmağa çağırıb.
N.Adilqızı
XQ