Yaponiyada qida borusu xərçənginə qarşı dünyanın ilk virus əsaslı preparatının satışına başlanılıb

24.08.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Yaponiyada qida borusu xərçənginin müalicəsi üçün dünyanın ilk virus əsaslı preparatının satışına başlanılıb. Preparat Tokioda yerləşən Oncolys BioPharma biotexnologiya şirkəti tərəfindən hazırlanıb.

Preparatın əsasını genetik modifikasiya olunmuş virus təşkil edir. Bu virus sağlam toxumalara demək olar ki, zərər vermədən xərçəng hüceyrələrini seçici şəkildə yoluxduraraq məhv edir.

Virus şiş toxumasına daxil olduqdan sonra bədxassəli hüceyrələrin daxilində çoxalır, onları məhv edir və eyni zamanda orqanizmin immun reaksiyasını stimullaşdırır. Bu mexanizm xəstəliyə ənənəvi kimyaterapiya ilə müqayisədə daha hədəfli müdaxilə etməyə və yan təsirləri azaltmağa imkan verə bilər.

Onkolitik viruslar onkologiyada perspektivli müalicə istiqamətlərindən biri hesab olunur. Oncolys BioPharma şirkətinin preparatı məhz qida borusu xərçənginin müalicəsi üçün təsdiqlənmiş dünyada ilk virus terapiyası kimi təqdim edilir.

Bu yanaşmanın qida borusu xərçəngi kimi aqressiv xəstəliyin müalicəsində yeni imkanlar açacağı gözlənilir.

S.ELAY

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью