Yaponiyada qış soyuğundan necə qorunurlar? 12 maraqlı üsul

27.11.2026

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yaponiyada qış ayları kifayət qədər sərt keçir. Ölkənin əksər yaşayış evlərində mərkəzləşdirilmiş istilik sistemi olmadığı üçün sakinlər soyuqdan qorunmaq üçün müxtəlif ənənəvi və müasir üsullardan istifadə edirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə “Furansu Japon” nəşri yazıb.

Yaponiyada qış əsasən dekabrdan fevral ayına qədər davam edir. Ölkənin müxtəlif bölgələrində hava şəraiti fərqlidir. Hokkaydo adasında və Yapon dənizi sahillərində güclü qar yağdığı halda, Tokioda əsasən quru və soyuq hava müşahidə olunur. Okinavada isə nisbətən mülayim hava hökm sürür.

Nəşrin məlumatına görə, ənənəvi yapon evlərinin çoxu isti və rütubətli yay ayları nəzərə alınaraq tikilib. Belə evlərin divarları nazik, pəncərələri böyük, döşəmələri isə hava dövranını təmin etmək üçün yerdən hündür olur. Bu xüsusiyyətlər qışda evlərin daha soyuq olmasına səbəb olur.

Buna görə də yaponlar adətən bütün evi deyil, ayrı-ayrı otaqları qızdırırlar. Bunun üçün kondisionerlərdən, elektrik radiatorlarından və kerosinlə işləyən qızdırıcılardan istifadə edilir. Bununla yanaşı, bədəni birbaşa isti saxlamaq üçün müxtəlif üsullara üstünlük verilir.

Yaponiyada qışda ən çox istifadə olunan vasitələrdən biri “kotatsu”dur. Bu, üzəri qalın yorğanla örtülən, alt hissəsində qızdırıcı yerləşdirilmiş alçaq masadır. İnsanlar ayaqlarını yorğanın altına salaraq burada yemək yeyir, işləyir və televizora baxırlar. Qış aylarında ailə üzvləri adətən bu masanın ətrafına toplaşırlar.

Digər ənənəvi vasitə isə “yutanpo” adlanan isti su torbasıdır. Onu isti su ilə dolduraraq yatmazdan əvvəl yorğanın altına qoyurlar. Bu vasitə səhərə qədər istiliyini saxlayır və elektrik enerjisi sərf etmir.

Yaponlar evdə pambıqdan hazırlanmış “dotera” və “hanten” adlı qalın gödəkçələr geyinirlər. Küçəyə çıxarkən isə bədən istiliyini qoruyan nazik termal geyimlərdən istifadə edirlər.

Soyuq havada geniş yayılan vasitələrdən biri də “kairo” adlanan birdəfəlik isidici paketlərdir. Hava ilə təmasda olduqda isinən bu kiçik paketlər bir neçə saat istilik saxlayır. Onları ciblərə qoyur, geyimə yapışdırır və ya ayaqları isitmək üçün istifadə edirlər.

Yaponiyada isti içkilər satan avtomatlar da qış rejiminə keçirilir. Bu avtomatlardan isti kofe, çay, şokolad və hətta şorba almaq mümkündür. İçkilərin yerləşdirildiyi metal qablar bəzən əlləri isitmək üçün də istifadə olunur.

Yaponlar qışda soyuqdəymədən qorunmaq üçün maska taxır, əllərini mütəmadi yuyur və boğazlarını qarqara edirlər. Evlərdə havanın rütubətini qorumaq üçün xüsusi nəmləndiricilərdən də istifadə olunur.

Soyuq havalarda yapon mətbəxinin ənənəvi yeməkləri də xüsusi əhəmiyyət daşıyır. Onlardan biri “nabe”dir. Bu yemək süfrənin ortasında yerləşdirilən böyük qazanda hazırlanır. Bulyona tərəvəz, tofu, göbələk, ət və ya balıq əlavə edilir. Sonda isə düyü və ya əriştə qatılır.

Digər məşhur qış yeməyi “oden”dir. Yumurta, daikon turpu, tofu və balıq məhsullarından hazırlanan bu yemək qatı şorbaya bənzəyir. Qış aylarında onu gecə-gündüz fəaliyyət göstərən mağazalarda da satırlar. Alıcılar istədikləri ərzaqları özləri seçə bilirlər.

Yaponiyada qışın küçə yeməklərindən biri də sobada bişirilmiş şirin kartofdur. Yaşayış məhəllələrində bu məhsulu satan kiçik avtomobillərə rast gəlmək mümkündür. Kartof isti daşların üzərində bişirildiyi üçün yumşaq və şirin olur.

Qış gündönümü zamanı – dekabrın 21-i və ya 22-də yaponlar “yuzu” adlı sitrus meyvələrini isti vanna suyuna əlavə edirlər. Bu ənənənin soyuqdəymədən qoruduğuna inanılır. Həmin gün balqabaq yemək də ənənə hesab olunur.

İsti su mənbələrində çimmək də yaponların qış vərdişlərindəndir. Xüsusilə açıq havada yerləşən “onsen” vannaları böyük maraq doğurur. İnsanlar ətrafda qar yağarkən isti suda dincələ bilirlər. Ciqokudani parkı ərazisindəki isti su mənbələri isə həm turistləri, həm də suda islanan yapon makakaları ilə məşhurdur.

Yaponiyada ilin sonunda “osodzi” adlanan genişmiqyaslı təmizlik ənənəsi də həyata keçirilir. Dekabrın sonlarında evlər və iş yerləri hərtərəfli təmizlənir. Bu ənənə Yeni ilə hazırlığı və həyatın yeni mərhələsinin başlanmasını simvolizə edir.

Günay

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью