Icma.az, Sherg.az saytına istinadən bildirir.
Yaponiyada piylənmə səviyyəsinin digər inkişaf etmiş ölkələrlə müqayisədə olduqca aşağı olması ölkənin qidalanma mədəniyyəti və həyat tərzi ilə əlaqələndirilir.
Sherg.az xəbər verir ki, Yaponiyada böyüklər arasında piylənmə göstəricisi təxminən 4 faizdir. Ölkədə ənənəvi olaraq kiçik porsiyalara, sadə qidalara və balanslı qidalanmaya üstünlük verilir.
Yapon mədəniyyətində yeməyə başlamazdan əvvəl “İtadakimasu”, yeməkdən sonra isə “Qoçisosama” deyilməsi qidaya və onun hazırlanmasına göstərilən minnətdarlığı ifadə edir. Bu yanaşmanın insanları daha şüurlu və yavaş yeməyə təşviq etdiyi bildirilir.
Yaponların qidalanmasında balıq, tərəvəz, düyü, dəniz yosunu, soya məhsulları və yaşıl çay mühüm yer tutur. Yeməklər əsasən buxarda, qaynadılaraq və ya qrildə hazırlanır, qızartmadan isə daha az istifadə olunur.
Yaponların məşhur “Hara Hachi Bu” fəlsəfəsinə görə isə insan tam doymadan, təxminən 80 faiz toxluq hiss etdikdə yeməyi dayandırmalıdır. Məqalədə bu yanaşmanın həddindən artıq yeməyin qarşısını almağa kömək etdiyi qeyd olunur.
Ölkədə məktəblərdə də qidalanmaya xüsusi diqqət yetirilir. Məktəblərdə peşəkar qidalanma mütəxəssislərinin iştirakı, sağlam və təzə qidaların təşviqi, uşaqlara düzgün qidalanma vərdişlərinin öyrədilməsi bu siyasətin əsas hissələrindəndir.
2008-ci ildə Yaponiyada piylənmənin qarşısının alınmasına yönəlmiş “Metabo” qanunu da qəbul edilib. Qanun çərçivəsində 40-74 yaş arası insanların bel çevrəsinin mütəmadi ölçülməsi və sağlamlıqla bağlı tövsiyələrin verilməsi nəzərdə tutulurdu.
Məqalədə Yaponiyanın aşağı piylənmə göstəricisinin yalnız qidalanma ilə deyil, gündəlik fiziki aktivlik və sağlam həyat tərzi ilə də bağlı olduğu vurğulanır.