Yaponların arıqlamaq sirri Ac qalmadan çəki atmaq

19.11.2026

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yaponlar zərif bədən quruluşu və uzunömürlülükləri ilə haqlı olaraq tanınırlar. Bunun səbəblərindən biri də onların qidalanmaya xüsusi yanaşmasıdır. Yapon mədəniyyətində elə faydalı vərdişlər formalaşıb ki, onlar qidalanmada ciddi məhdudiyyətlər qoymadan arıqlamağa kömək edə bilər.

Azpost.info bildirir ki, bu barədə “Daily Express” saytı məlumat yayıb.

Yaponiyada və digər Asiya ölkələrində geniş yayılmış qidalanma qaydaları arasında “Hara hachi bun me” prinsipi xüsusi yer tutur. Bu ifadə tərcümədə “yüngül toxluq hissinə qədər yemək” mənasını verir. Prinsipə əsasən, insan tam doymasını gözləmədən, təxminən 80 faiz toxluq hiss etdikdə yeməyi dayandırmalıdır.

Bu yanaşmada əsas diqqət müəyyən qidaların rasiondan çıxarılmasına deyil, qəbul edilən yeməyin miqdarına nəzarətə yönəldilir. Belə mülayim qidalanma ümumi kalori qəbulunun azalmasına, bununla da bədən çəkisinin və sağlamlığın yaxşılaşmasına kömək edə bilər.

Bu prinsip xüsusilə Yaponiyanın Okinava adasında geniş tətbiq olunur. Okinava dünyada uzunömürlülük göstəricilərinə görə seçilən bölgələrdən biri hesab edilir.

Hesab olunur ki, bu qidalanma üsulu sayəsində Okinava sakinləri gündə orta hesabla 1900 kaloriyədək enerji qəbul ediblər. Bu göstərici ümumi qəbul olunmuş normalardan xeyli aşağıdır. Nəticədə yaşlı əhali arasında bədən kütləsi indeksi digər bölgələrlə müqayisədə daha aşağı olub.

Praktikada bu yanaşma o deməkdir ki, gündəlik təxminən 2500 kaloriyə ehtiyacı olan kişilərə bu miqdarı 1900 kaloriyə, 2000 kaloriyə ehtiyacı olan qadınlara isə təxminən 1400 kaloriyə qədər azaltmaq tövsiyə edilir.

Bu qayda nə dərəcədə effektivdir?

Tədqiqatlardan birində yemək zamanı 80 faiz toxluq prinsipinə əməl edən 330 kişi iştirak edib. Məlum olub ki, onlar gündə orta hesabla 1997 kalori qəbul ediblər. Onların qida rasionunda tərəvəzlərin payı daha çox, dənli bitkilərdən hazırlanan yeməklərin payı isə məhdudiyyətsiz qidalananlarla müqayisədə daha az olub.

Tədqiqatın nəticələri göstərib ki, bu üsula əməl edənlərdə daha sağlam qidalanma vərdişləri formalaşıb.

Adi kalori normasının 30 faiz azaldılması ömür uzunluğuna müsbət təsir göstərə və təbii yolla çəki itirməyə kömək edə bilər. Bu yanaşma piylənmə və xroniki xəstəliklərin inkişafı riskini azaltmağa şərait yaradır.

Sağlam insanlarda qidalanmanın bu şəkildə tənzimlənməsi təhlükəsiz hesab edilir və həftədə təxminən 0,5–1 kiloqram sabit çəki itkisi təmin edə bilər. Bununla yanaşı, balanslaşdırılmış qidalanmaya riayət etmək vacibdir. Rasiona daha çox meyvə, tərəvəz, liflə zəngin məhsullar və tam taxıllı qidalar daxil edilməlidir. Qəhvəyi düyü, kartof və tam buğda unundan hazırlanan makaron belə məhsullara nümunədir.

Qan təzyiqinin yüksəlməsinə səbəb ola biləcəyi üçün duz istehlakını da azaltmaq tövsiyə olunur.

Sunay Aydın

AzPost.az

Post navigation

Previous: Çayla birlikdə bu 4 qidanı yeməyin – Həkimlərdən xəbərdarlıq

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью