Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən biznes dialoqunda panel müzakirəsi davam edir. Müzakirələrdə yaradıcı sənayelərin iqtisadi potensialı, investisiyaların cəlb edilməsi və biznes mühitinin inkişafı məsələləri diqqət mərkəzindədir.
Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru Rəşad Əzizov biznes dialoqunda çıxışı zamanı yaradıcı sənayelərin inkişafında özəl sektorun və investorların rolundan danışıb.
O bildirib ki, yaradıcı sənayelərin potensialından tam istifadə etmək üçün innovativ sahibkarlıq modellərinin tətbiqi, maliyyə imkanlarının genişləndirilməsi və əlverişli ekosistemin yaradılması vacibdir.
R.Əzizovun sözlərinə görə, yaradıcı sahələrdəki layihələr də startaplar kimi mərhələli şəkildə inkişaf edir. Bu proses ideyanın formalaşdırılması, komandanın yaradılması, ilkin məhsulun hazırlanması və sınaqdan keçirilməsi, daha sonra isə fəaliyyətin genişləndirilməsini əhatə edir. Buna görə də yaradıcı təşəbbüslərə yeni biznes imkanları kimi yanaşılmalıdır.
Baş direktor qeyd edib ki, dövlətin əsas rolu sahənin inkişafı üçün əlverişli şərait yaratmaq və tənzimləyici mexanizmləri təmin etməkdir. İnvestisiya və vençur kapitalı fondları, inkubatorlar, yaradıcı sənaye parkları və texnoparklar bu istiqamətdə mühüm dəstək vasitələridir.
O vurğulayıb ki, özəl kapitalın cəlb edilməsi və bu cür strukturların fəaliyyətinin gücləndirilməsi yaradıcı ideyaların real biznes layihələrinə çevrilməsinə, yeni təşəbbüslərin maliyyələşdirilməsinə və onların daha geniş miqyasda həyata keçirilməsinə imkan yarada bilər.
Nicat Rüstəm