525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qiymət Məhərrəmli,
AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent.
Həyatda maraqlı insanlar çoxdur. Bəzən yaxından tanıdığımız, hər gün qarşılaşdığımız insanların belə necə istedadlı, nə qədər fərqli xüsusiyyətlərə malik olduqlarının fərqində olmuruq. Hərə bir şeyin marağında, hər kəs öz fikri və düşüncəsinin diktə etdiyi sahədə bacarıqlarını üzə çıxarmaqdadır. Necə deyərlər, hərə bir şeyin peşində!..
Vaxtilə eyni bir elmi-tədqiqat institutunda işləsək də, həmin vaxtlar İbrahim müəllimin poeziyaya vurğunluğundan, daha dəqiqi isə, şeir yazdığından tamamilə xəbərsiz olmuşam. Bilirdim ki, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun beş-altı dəyərli mütəxəssisi arasında öncül yerlərdən birini tutur. Gözəl şərqşünasdır, bacarıqlı tərcüməçidir, elmimizin inkişafı istiqamətində yorulmadan tədqiqatlar aparır və s. və i. Lakin nə sirdisə, poeziyaya vurğunluğundan, şeirə könül verdiyindən xəbərim olmayıb.
İllər keçib, başqa-başqa elm-təhsil müəssisələrində işləməli olmuşuq. Heç bilməmişəm sonrakı illər ərzində harada çalışdığını, nə işlə məşğul olduğunu...
Hazırkı iş yerimizdə professor Rəhim Əliyevin rəhbərliyi altında şöbədə təşkil edib keçirəcəyimiz yubiley tədbirinin iştirakçısı olacaq qonaqların siyahısında İbrahim Quliyevin də adını görəndə maraq məni üstələdi. Demək, şöbə müdirimizlə İbrahim Quliyevin illərə söykənən dostluğu, qardaşlığı varmış.
Növbəti gəlişlərinin birində İbrahim müəllim Rəhim müəllimə də, mənə də yenicə çapdan çıxmış “Qapılar payıza açılır” adlı şeir kitabını hədiyyə etdi. Kitabın ön söz müəlliflərindən biri də elə bizim Rəhim Əliyev imiş.
Düzünü deyim ki, kitabın adı məni bir az duruxdurdu. İstəməzdim köhnə dostumun, poeziya cəbhəsindəki ruh ekizimin qapısı belə tez payıza açılsın. Ancaq neyləmək olar; bu, şairin öz duyğu yarpaqlarına ad seçmək azadlığından istifadə hüququna bağlı məsələdir. Müəllif bunu belə görüb, belə qəbul edib! Əsas olan budur ki, şair dostumuzun payıza açılan qapılardan qışa yetişməsi üçün hələ bir ömür şeirli-bayatılı-nəğməli ömür qət etməsi lazım!
Elə bu arzuyla da İbrahim Quliyevin poeziya qapısından içəri daxil olmağa qərar veririk...
Kitabı maraqla oxumağa başladım. Oxuduqca da yazacağım yazı üçün qeydlər götürürdüm.
Deyim ki, şeirlərin ideyası da, duyğuların ifadə tərzi və ruhu da mənə o qədər dogma, o qədər yaxın idi ki! Bu hisslərdən ürəyimə elə isti, elə ilıq səmimiyyət dalğası axıb tökülürdü ki...
“Bu şəhərlər bizləri / Sıxar, əzər qoynunda. İblis gəzər qoynunda/ Mələk gəzər qoynunda” yazmışdım bir zamanlar... Şairin “Dostların səni atdı” şeirindəki aşağıdakı hissələr misralarımla səsləşdiyindən, elə doğma gəldi ki mənə:
Böyük şəhərlər səni
Xırdaladı pul kimi.
Getmişdin şah oğlutək,
Qayıtmısan qul kimi.
Gecikmisən, gec olub,
Get, yenə dünyanı gəz.
Özün yaxşı bilirsən,
“Kişi” qayıda bilər –
kişilik geri dönməz”.
(“Dostların səni atdı”)
“Kişi” qayıda bilər, kişilik geri dönməz” deyir şair. İnsanlığın bəlasına çevrilmiş acı həqiqəti bu cür dərinliyi ilə şeirə gətirmək sadə bir mətləbin açılması üçün deyil, kişinin yox, kişiliyin millətin taleyüklü məsələlərinin həllindəki rolu, yeri barədə düşündüklərimizin əsaslandırılmasına xidmət edən ədəbi priyomdur.
Akif Səmədə ünvanladığı “Qalan şair kədəridi” şeirində yalan dünyanı Adəmdən üzübəri gəldi-gedəri qadın sevdasına bənzədir. Etibarsızlığın, ilqarsızlığın nümunəsi kimi...
Ölən xaqan sevincidi,
Qalan şair kədəridi.
Yaradan söz göyərdiyini də ancaq Haqdan vergili olan söz aşiqləri, söz sərrafları deyə, iddia edə bilər. Mərhum şairimiz Sabir Sarvanın xatirəsinə ünvanladığı şeirində onu bütün yiyəsiz dərdlərə Tanrının göndərdiyi, təyin etdiyi şah gözündə görüb, elə o cür də təqdim edir:
Nə gəzirsən, söz yolçusu,
Boz kövşəndə qərib-qərib.
Bütün yiyəsiz dərdlərə
Tanrı səni şah göndərib?
...Ah, o sevda ölən deyil,
Heç geri də dönən deyil.
O qapı döyülən deyil,
Gəl gedək baş-başa verib.
Kim bu yolu düz yeridi,
Əl-ayağı köz yeridi.
Bu, yara yox, söz yeridi,
Yaramızdan söz göyərib. (“Yaramızdan söz göyərir”)
Əqidəsi, amalı saf, əməli düz insanların düzdə qaldığını çox görmüşük. Əli, qolu, ayağı paramparça, ürəyi köz-köz olub, yarası qaysaq bağlayan müqəddəs əməl sahiblərinin axırda gücü yenə özlərinə, sözlərinə çatıb. Odur ki, ürəklərdən göyərən ahlara acılı-şirinli sözlərdən, kəlmələrdən məlhəm düzəldib sarımaqda tapıblar yaralı könüllərin təsəllisini...
Şair Davud Nəsibin xatirəsinə ünvanlandığı “Son”un da maraqlı nüanslarla xatirələrimə işıq saldığını deyə bilərəm. Elə xatirələr ki, 34-35 yaşlarında bir xanım şairin iç dünyasını işıqlandırmağa hesablanmış xeyirxah addımıyla üfüqlərin aydınlanmaqda olan doğuluşunun daha erkən baş tutmasına vəsilə ola bilmişdi.
Bu sətirlərin müəllifinin “Ədəbiyyat qəzeti”nə ünvanlanmış şeirlərini Xalq şairi Bəxtiyar Vahabzadəyə göndərmiş, üstəlik, ərklə də ərinmədən zəng edərək, Bəxtiyar müəllimə müraciət etmişdi; özü də gənc xanım müəllifin yanında, telefon dəstəyində müdrik şairin səsi açıq-aydın eşidilə-eşidilə...
Bəlkə də o bunu qəsdən etmişdi o zaman ki, qoy müəllif pisikməsin, yaxud böyük şairin işin çoxluğundan, yainki vaxtın azlığından oxuyub rəy yazmağa imkan tapa bilməmək şansı əlindən alınsın. İki şair arasında mükalimə bu cür baş vermişdi:
- Bəxtiyar müəllim, sizin bir elqızınız var, gözəl şairdi, indi mənim yanımdadı. Qiymət adında. Yəqin ki, tanımırsınız...
- Boynuma alım ki, tanımıram.
- Hə, mən də ona görə sizə zəng etmişəm ki, onu tanımamaq günahdır. Şeirlərini sizə göndərirəm. Xahiş edirəm ən qısa zamanda bu şeirlər haqda yazı yazıb qəzetə göndərəsiniz.
- Göndər, Davud, göndər. Yaxşı, yazaram.
Beləcə, Davud Nəsib adlı xeyirxah əməllər sahibi olan bir şairin, “Ədəbiyyat qəzeti”nin şöbə müdirinin nəcib niyyəti sayəsində bir-iki ay müddətində Xalq şairi B.Vahabzadənin şeirlərim haqda yazdığı “Alt qat” adlı yazı bu nüfuzlu ədəbi orqanın mart sayında oxuculara təqdim olundu. Və... mən hər dəfə bu yazını xatırlayanda həmin rəyin yazılmasına vəsilə olmuş böyük ürək sahibi, dəyərli şairimiz Davud Nəsibi də Bəxtiyar müəllimlə yanaşı ehtiramla yad edir, ruhuna dualar oxuyuram.
İbrahim Quliyevin “Qapılar payıza açılır” kitabında şair Davud Nəsiblə bağlı elegiya-şeiri oxuyanda hissə qapılmağıma səbəb olan 1998-ci ilin əvvəllərində baş vermiş bu hadisəni təkrar xatırlamağım qəribə görsənməsin. Davud müəllim həqiqətən təmənnasız, ürəyi saf, gözü-könlü tox qələm adamı idi. Doğrudan da:
Axı indi kölgəsizsən...
Tanrı kimi, mələk kimi.
Yalnız şəklin...
bir ağ kəpənək kimi
gəlib sinəmə qondu...
ölüm ayrılıq deyil,
ölüm sondu... əzizim,
bütün ayrılıqların sonu,
bütün həsrətlərin sonu...
(“Son”)
Mən deyərdim, ölüm eyni zamanda bütün görüşlərin sonu, bütün başlanğıcların əvvəlidir. Ayrılıqlara son qoyan görüşlərin sonu. Amma bu sonluğun necə ifadə olunacağı, şeirə gətiriləcəyidir sonun sonluğu – yəni sonun taleyi. Davud Nəsibin şəklinin kəpənək olub daşa qonmasının şəklini çəkib bu şeirdə şair. Bu gözəl, gözəl olduğu qədər də hüznlü tablodakı: “Sənə görə çəkdiyim bütün qorxuların sonu” deyiminin yuvalandığı bu misrada əslində bütün hiss və həyəcanlar, kədər motivli duyğular səmimi bir etiraf həddində öz əksini tapıb. Unudulmaz dostu ilə olan doğmalıq, yaxınlıq “yaz və biçənək qoxulu yuxular”a çökərək, “son”un sonunu daha da unudulmaz edib.
Adama elə gəlir ki, “Sən tarixə çevir başdaşını da” (“Dünyada beləcə yaşamaq azdır”) əqidəsinin özü də bu cür halallıqların, doğmalıqların yaşadılmasına xidmət edən nüansların əbədiyaşarlığına işarədir.
Sevgi şeirlərində kədər notlarını hər kəs xoşlamır. Elə mən özüm də. Lakin bu gün şeir yaradıcılığından bəhs etdiyimiz şair İbrahim Quliyevin bədii təxəyyülündə eşqin kədərdən doğulan sevgi çiçəyi kimi pöhrələnməsi, tumurcuğa, qönçəyə çevrilməsi ilahi qüdrətin təcəllisi kimi meydana çıxır.
Şairin “Ovcumun içində ölür əllərin” şeiri doğulub yaşamağı haqq edən sevginin aşiqin əllərindəcə haqqa qovuşması anının incə boyalarla işlənmiş təzahür formasıdır. “Əlindən xatirə qoxusu gələn” sevginin adi təmasdan belə təlaşlanaraq, illərin o üzündən gələn xatirələr burulğanında əriyib buza dönməsi, “əlinin bir körpə qu ölüsünə dönməsi...” sevginin ölməzliyinə qoyulan xatirə lövhəsidir sanki!
Bu tabut ovcumda ölür əllərin,
Rəngi də çəkilib, soyuq qardı ki...
Qaldır kirpiyini, gözünə bənd çək,
Bu yazıq meyiti sel apardı ki...
(“Ovcumun içində ölür əllərin”)
Köhnə xatirələrin sozalmaqda olan işığında yoluna davam edən müəllifin həyatda qarşılaşdığı hər bir təsirli məqam, hadisə, yaxud predmetdən dərib saxladığı, yaddaşının dərinliyində qoruyub hifz etdiyi ən kiçik nüansın belə lirik duyğulara çevrildiyinin şahidi oluruq. Nəticədə aşağıdakı dördlük kimi gözəl poetik nümunələr bəxş olunur sayğıdəyər oxucuya:
Ay nura bələyib yolu-yalağı,
kölgədə çiçəklər, güllər öpüşür.
Qəfildən yel əsir, ayın işığı
sürüşüb yarpaqdan ovcuma düşür.
Ömür beləcə, ahəstə-ahəstə davam edir. Alim-şairin duyğusal qəlbindən hər gün, hər an bir-birindən həzin, kövrək misralar süzülüb incə ruhlu poetik nümunələrə çevrilməkdə, poeziya xəzinəmizi qiymətli incilərlə zənginləşdirməkdədir.
“Ürəyimdən yolu düşüb payızın” deyə təsirlənən, təsəllini ötən illərin sevgi dolu xatirələrində axtarıb tapan şairin:
İlahi, nə qaldı mənə o qızdan,
İtkin sevgilərin çoxusu gəldi.
Bu axşam çiynimdə ölən payızdan
O qızın saçının qoxusu gəldi.
- kimi hisslər yaşaması təbiidir. Doğrudan da, bu kifayət qədər uzun, uzun olduğu qədər də qısa ömründə şahidi olduğu bütün qərib, nakam sevgilər, ayrılıqlar şair qəlbində öz silinməz izini qoyub. İncə duyğular müəllifi öz müqəddəs sevgisinə başdaşı kimi təsvir etdiyi ürəyinə bu misraları həkk etməkdə haqlıdır:
Ürəyim – ölü bir məmləkət,
Ürəyim – bir ömrün yaddaşı.
Ürəyim – uzaq bir sevgiyə həsrət,
Ürəyim – uzaq bir sevgiyə başdaşı.
Çünki bir vaxtlar sevgiliyə üz tutaraq ərklə: “Əvvəl şam yandıraq pəncərəmizdə/ Sonra divan tutaq həsrətimizə...” arzusunu izhar edirdisə, indilikdə bu təkid və israr öz yerini tamam başqa hiss və duyğulara verməkdədir. Şair:
Bu, yaz yuxusudu, yoxsa ki sevgi?
Gözündə şeh qaldı kim məni sevdi...
Yaxud:
Ürəyim səhrada yiyəsiz evdi,
Hər gələn, hər gedən söküb aparır.
- kimi misralarla daxili yaşantısının poetik həllini verməyə nail olur.
“Sənin adın” şeirində “adın ürəyimdə mumiyalanıb” deyə, sevginin əbədiliyinə qəlbindəki inam hissini ifadə edir. Və inamı var ki, “Haçansa eynəkli alim tapacaq/ Mənim ürəyimdə sənin adını”, çünki bu ad sevən aşiqin ürəyinə əbədiyyən həkk olunub. Şairin qəlbinə mumiyalanan bu adın sahibinə bəslənilən sevginin izahı və izharı isə yalnız biləndər alimlərin anlayıb-duya biləcəyi nəsnədir.
Öz əhdinə, ilqarına sədaqətli, etibarlı aşiqin keçən xatirələri əziz tutması, bu sevginin öz silinməz əksini saldığı hər yerə və hər şeyə – xatirələrini yaşatdığı yağışa, buluda, çaya, buluda, “gecə sübhə qədər zəmilər üstə gah yanan, gah sönən aya salam” deməsi də bu sevginin nə qədər möhtəşəm və ölməz olduğu qənaətinə gəlməyimizə imkan verir.
Şairin əksər şeirlərində Vətənə, Millətə, İnsana və İnsanlığa sevgi, inam, etibar, mərdlik, halallıq kimi müqəddəs ideallar öz üstün mövqeyini əks etdirir. Qələm dostumuzu yeni kitabı münasibətilə ürəkdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.