Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Rusiyanın Krasnoqorsk şəhərində həkimlər yarasını bağayarpağı ilə müalicə etməyə çalışan kişini ağır infeksiyadan xilas ediblər.
Moderator.az xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.
Balıq tutarkən qarmaqla əlinin üst hissəsini yaralayan kişi yaranı su ilə yuyub və üzərinə bağayarpağı qoyub. Lakin bir neçə gün sonra vəziyyəti ağırlaşıb və təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.
Onun əlində və said nahiyəsində şişkinlik, ağrı, dərinin göyərməsi, yüksək hərarət və yaranın irinləməsi müşahidə olunub.
Özbaşına müalicə nəticəsində ağır anaerob infeksiya yaranıb və toxumaların bir hissəsi nekroza uğrayıb.
Həkimlərin sözlərinə görə, belə hallar çox vaxt amputasiya və ya ölümlə nəticələnir.
Kişi əməliyyat olunub. Cərrahi müdaxilə zamanı təxminən 40 millilitr irin və geniş sahəni əhatə edən ölü toxumalar təmizlənib.
Hazırda xəstənin həyatı üçün təhlükə yoxdur. Həkimlər onun əlinin hissiyyatını və hərəkət funksiyalarını qoruyub saxlaya biliblər. /Musavat.com/