Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
“Bu gün Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Ömrünün uzun illərini teatra həsr edən Xalq artisti Aleksandr Şarovski Azərbaycan teatrında çoxillik fəaliyyəti, sənətə bağlılığı və yaratdığı obrazlarla yaddaşlarda qalacaq”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri mədəniyyət naziri Adil Kərimli Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimində deyib.
O bildirib ki, Şarovski teatr və sənət fəaliyyəti ilə yanaşı, Azərbaycanda qədim ənənələrə malik multikultural dəyərlərin inkişafında, bu ənənələrin zənginləşdirilməsində böyük xidmətlər və töhfələr verib: “Onun yaradıcılığını izləyən gənclər də sənətkarın fəaliyyətini yüksək qiymətləndirirlər. Cəmiyyətimizin, xalqımızın yaddaşında Aleksandr Şarovskinin yaratdığı teatr məktəbi, ictimai fəaliyyəti, Azərbaycan dövlətçiliyinə, milli-mədəni dəyərlərimizin və irsimizin qorunmasına, tolerantlıq mühitinin inkişafına verdiyi böyük töhfələr hər zaman yaşayacaq və yüksək qiymətləndiriləcək.
Düşünürəm ki, onun yetişdirdiyi tələbələr də müəllimlərini daim xüsusi minnətdarlıqla yad edəcəklər. Teatrımız, Azərbaycan incəsənəti və mədəniyyəti bu gün öz dəyərli nümayəndəsini təəssüf və kədər hissi ilə yola salsa da, onun fəaliyyəti və əziz xatirəsi hər zaman yaddaşlarda yaşayacaq.Mən bütün Mədəniyyət Nazirliyi kollektivi adından onun ailə üzvlərinə, həyat yoldaşına, bütün teatr kollektivinə, onu sevənlərə, yaxınlarına və icmanın bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm. Onun xatirəsi hər birimizin yaddaşında yaşayacaq. Allah rəhmət eləsin!”
Lamiyə Məmmədova