Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Gəncliyin nə demək olduğunu bilirəm, amma sən qocalığın nə demək olduğunu bilmirsən!”
Orson Uellsin bu klassik mahnısında uzun, çox uzun illər “qocalığın nə demək olduğunu bilməyən gənc” mən olmuşam. Gəncliyin nə olduğunu bildiyini deyən o qocaya illərlə gülüb keçmişəm. Hər yayın bir qışı varmış, bir gün gələcək mən də onun dediklərini təkrarlayacaqmışam... Amma bax, illərlə heç vaxt gəlməyəcəyini düşündüyüm o yolayrıcındayam. Gənclik illərim başa çatıb. Bunu isə bu yaxınlarda, haradan çıxdığı bilinməyən mənasız bir boyölçmə söhbətindən sonra anladım!
Əllinin ortalarında olan, yekəpər iki kişi, elə bil on yaşlı uşaqmışıq kimi, boyumuzu ölçüşdürdük! İllərdir 1,74 metr olan boyum 1,73,5 santim çıxdı. Deyirəm ki, “Bu ölçü yanlışdır, mənim boyum 1,74-dür”. Dostum isə gülür. Bununla da kifayətlənməyib, bir də deyir: “Ay oğul, qocalırsan da! İnsan yaşlandıqca boyu qısalır. Sən yarım santim qocalmısan!”
Daha dik dayanmağa çalışıram, yerimi dəyişirəm, amma xeyri yoxdur, boyum uzanmır!
Heç vaxt düşünməzdim ki, hər səhər güzgüdə gördüyüm və hər keçən gün tanımaqda çətinlik çəkdiyim üzümdəki qırışlardan yox, boyumun yarım santim qısalmasından qocaldığımı anlayacağam. Amma bax, bu da baş verdi. Artıq həm gəncliyin, həm də qocalığın nə demək olduğunu bilən o “qocayam”... Boyumun ölçüsünü aldım!
40 yaşından sonra insanların boyu hər 10 ildə bir santim qısalır
Ötən həftəyə qədər qocalıq yalnız başqalarının başına gələn bir şey idi. Bu həftədən isə onunla birlikdə gəzirəm. Marmarayda yanımda oturur, sahildə mənimlə gəzir, axşamlar televizora baxarkən yanımda əyləşir. Eskalatorda mən hərəkət edəndə o, dayanıb üzümə istehza ilə gülümsəyir!
Cəmi yarım santim qısalmışam. Sinəmi irəli verib başımı yuxarı qaldırsam, bir az da dik dayansam, heç olmasa on yaş cavanlaşaram, nə olacaq ki... Amma olmur da!
Lankaster Tibb Fakültəsinin anatomiya professoru Adam Teylor deyir: “Yaşlandıqca boyumuzun qısalması şübhə doğurmayan bir həqiqətdir”. Onun sözlərinə görə, insanlar 40 yaşından sonra hər on ildə təxminən bir santim boy itirirlər. Kişilər ildə bədən uzunluqlarının 0,08–0,1 faizini, qadınlar isə adətən 0,12–0,14 faizini itirirlər.
Bunun bir səbəbi yaş artdıqca əyilən duruşumuzdur. Bəzən yaşlı insanlar daha sabit tarazlıq əldə etmək üçün irəliyə doğru əyilirlər.
Əslində, 30–35 yaşlarından etibarən sümük və əzələ kütləmiz azalmağa başladıqca boyumuzun artması da dayanır.
80 yaşına çatanda ümumilikdə 5 santım boy itirirsiniz
1990-cı illərin sonunda Baltimorda qocalma ilə bağlı aparılan araşdırmada 2084 nəfər uzun müddət müşahidə edilib. Nəticələr göstərib ki, boy itkisi otuz yaşlarından başlayır və yaş artdıqca sürətlənir. Kişilər 30–70 yaşları arasında orta hesabla təxminən üç santım, 80 yaşına çatanda isə ümumilikdə beş santım boy itirirlər.
Alimlər bildirirlər ki, gənclikdə bədənimizin ağırlığını daşıyan fəqərələr arasındakı kiçik disklər zaman keçdikcə su itirir və nazilir. Nəticədə sümüklərdə dəyişikliklər baş verir, əzələlər zəifləyir, duruş pozulur. Osteoporoz da fəqərələrin çökməsinə və boyun qısalmasına səbəb ola bilər.
Teylor deyir: “Bütün bunlar baş verərkən sümüklər az da olsa sıxılır və qısalır. Əzələ kütləsinin azalması da boyumuza təsir edir. Sümüklərin forma və ölçüsünü qorumasını təmin edən onların üzərindəki əzələlərin gücüdür”.
Deməli, yaşlandıqca təkcə saçlarımızı, bəzən də dişlərimizi itirmirik. Onurğamız da öz içində, səssiz-səmirsiz əyilir...
Gəncliyimdən qısayam, amma qocalıq çox uzun bir hekayədir
Uşaqlıq boyu boyumuz uzansın deyə barmaqlarımızın ucunda gəzdiyimiz günlərdən sonra yaşlananda həkimlərin qarşısına keçib “Mənim yarım santim boyum haradadır?” deyə hesab soruşa bilmirik. Yanımızda boydan-boya uzanan bir qəbul var. Saatlarla tavana baxıb özümüzdən soruşuruq: “Mən nə vaxt gəlib bura çatdım?”
Duruş pozuntuları, onurğanın əyriliyi, disklərin su itirməsi, əzələ gücünün azalması, sıxılıb qısalan sümüklər... Bunlar fizioloji səbəblərdir. Amma boyumdan itirdiyim o yarım santimetrin içində bütöv bir həyatın ağırlığı da var, əlbəttə. İtkilər, məyusluqlar, göz yaşları çiyinlərimizə tonlarla yük kimi çökəndə dik yerimək heç də asan deyil.
Yenə də boyum-buxunum yerindədir! Ən azı mən belə hiss edirəm.
Orson Uellsin sözlərinə gülüb keçdiyim illər geridə qalıb. İndi onunla duet oxuyuram:
“Gəncliyin nə demək olduğunu bilirəm, amma sən qocalığın nə demək olduğunu bilmirsən!”
Gəncliyimlə aramdakı boy fərqi cəmi yarım santimdir, amma qocalıq daha uzun bir hekayədir...
Kadir Kaymaqçı