Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Elektron xidmətlərin gündəlik həyatda daha geniş istifadə olunması vətəndaşların müxtəlif məlumatlara onlayn çıxışını asanlaşdırıb.
Bu baxımdan “myGov” portalında şəxslərin ailə vəziyyəti və ailə tərkibi ilə bağlı məlumatların da əks olunması mühüm əhəmiyyət daşıyır.
Lakin bəzi vətəndaşlar portalda ailə tərkibi barədə məlumatların faktiki vəziyyətə uyğun olmadığını bildirirlər.Bəzi hallarda ailə üzvləri ilə bağlı məlumatların düzgün göstərilməməsi vətəndaşlar üçün müəyyən çətinliklər yaradır.
Bu isə sözügedən məlumatların hansı mənbədən götürüldüyü, nə qədər tez-tez yeniləndiyi və səhv olduqda vətəndaşın hansı qaydada düzəliş etdirə biləcəyi məsələsini gündəmə gətirir.
Məlumatların natamam və ya səhv göstərilməsinin səbəbi nədir və vətəndaş bu məlumatların düzəldilməsi üçün hara müraciət etməlidir?
Məsələ ilə bağlı “Cebheinfo.az”-a İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən bildirilib ki, “myGov” platformasında vətəndaşlara təqdim olunan məlumatlar aidiyyəti dövlət informasiya sistemlərindən əldə edilərək platformada əks olunur:
“Bu çərçivədə “Ailə tərkibi” bölməsində əks olunan məlumatlar real vaxt rejimində Ədliyyə Nazirliyinin müvafiq informasiya sistemindən əldə edilən məlumatlar əsasında formalaşdırılır.
Əvvəlki dövrlərdə formalaşmış məlumatlarda mövcud olan çatışmazlıqlar, xaricdə qeydiyyata alınmış vətəndaşlıq vəziyyəti aktlarının Ədliyyə Nazirliyinə təqdim edilməməsi və s. kimi səbəblər "myGov" platformasında məlumatların ayrı-ayrı hallarda uyğunsuz və ya natamam əks olunmasına səbəb ola bilər.
Bu səbəbdən hər bir müraciət fərdi qaydada araşdırılaraq müvafiq məlumatların dəqiqləşdirilməsi təmin edilir. Vətəndaş bu kimi hallarla bağlı “myGov” platformasının “Dəstək” bölməsinə yaza və ya Ədliyyə Nazirliyinə birbaşa müraciət ünvanlaya bilər.
Qeyd edilib ki, İRİA olaraq vətəndaş məlumatlarının məxfiliyi, dəqiqliyi və tamlığı hər zaman əsas prioritetlərimizdəndir:
“Hazırda aidiyyəti dövlət qurumları ilə birlikdə tarixi məlumatların təhlili, natamam və uyğunsuz qeydlərin müəyyənləşdirilməsi, məlumatların ilkin mənbədə təmizlənməsi və gələcəkdə oxşar halların qarşısının alınması üçün əlavə keyfiyyət nəzarəti mexanizmlərinin tətbiqi üzrə işlər aparılır.
İlin sonunadək prioritet məlumat qrupları üzrə təmizlənmə və strukturlaşdırma səviyyəsinin artırılması hədəflənir.Bu istiqamətdə proseslərin təkmilləşdirilməsi, məlumatların keyfiyyətinin yüksəldilməsi və uyğunsuzluqların daha operativ müəyyən edilərək aradan qaldırılması üçün müasir data analitikası, süni intellekt və digər qabaqcıl rəqəmsal həllərin imkanlarından istifadəni genişləndiririk”.
Gülər Həsənli
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin