Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Gündəlik qida rasionunuza kollagen əlavəsi daxil etməyi planlaşdırırsınızsa, ilk növbədə qidalanmanıza diqqət yetirin. Kollagenin təbii istehsalını stimullaşdıran bir çox qida mövcuddur. Onların bir qismi orqanizmi zülalın yaranması üçün zəruri olan amin turşuları ilə təmin edir. Digər qidalar isə hüceyrələrdə mühüm reaksiyaları stimullaşdıran və bununla da kollagen istehsalını dəstəkləyən faydalı maddələrlə zəngindir.
Qaynarinfo xəbər verir ki, bu barədə “Martha Stewart” nəşri yazıb.
Nəşr kollagenin nə üçün vacib olduğunu da izah edib. Orqanizmin əsas struktur zülalı olan kollagen dəri, vətərlər və qığırdaqlar kimi müxtəlif toxumalara möhkəmlik verir. Qığırdaqlar isə oynaqlara düşən yükü yumşaltmağa kömək edir.
Yaş artdıqca orqanizmdə kollagenin təbii istehsalı azalır. Lakin mütəxəssislərin sözlərinə görə, düzgün qidalanma bu prosesi dəstəkləyə və mövcud kollagenin qorunmasına kömək edə bilər. Onlar kollagen istehsalına faydalı təsir göstərən qidaları və onlardan gündəlik həyatda necə istifadə etməyin mümkün olduğunu açıqlayıblar.
1. Yağsız ət və balıq
Kollagenin təbii mənbələrindən faydalanmaq üçün diyetoloqlar mal əti, toyuq, hinduşka və balıq kimi zülalla zəngin qidaları tövsiyə edirlər.
Qeydiyyatdan keçmiş diyetoloq Diana Gevaranın sözlərinə görə, kollagen quru heyvanların birləşdirici toxumalarında, eləcə də balıqların dərisində və sümüklərində mövcuddur.
Onun fikrincə, daha az doymuş yağ ehtiva edən qidalara üstünlük vermək lazımdır. Məsələn, yağsız mal əti qiyməsi və toyuq döş əti uyğun seçimlərdir.
Mütəxəssis, həmçinin salatlara konservləşdirilmiş, dərisi və sümükləri ilə birlikdə hazırlanan sardina, eləcə də dərisi saxlanılmış qızılbalıq əlavə etməyi məsləhət görür.
2. Lobya və digər paxlalılar
Qeydiyyatdan keçmiş diyetoloq Razan Xallakın sözlərinə görə, paxlalılar kollagen sintezində mühüm rol oynayan üç amin turşusunun — lizin, prolin və qlisinin bitki mənşəli mənbəyidir.
Bundan əlavə, bir çox paxlalı növü kollagen istehsalını dəstəkləyən sink və mislə zəngindir. Mütəxəssis bu fikrini “Nutrients” jurnalında dərc olunan araşdırmaya əsaslandırıb.
3. Qırmızı şirin bibər
Qırmızı şirin bibər də kollagen istehsalını dəstəkləyən məhsullardan biridir. Bunun əsas səbəbi onun yüksək miqdarda C vitamini ehtiva etməsidir.
Razan Xallakın sözlərinə görə, C vitamini kollagen sintezində iştirak edən əsas fermentlərdən biri olan lizil oksidazanın aktivləşməsi üçün zəruridir. Bu vitamin yaraların sağalmasında da mühüm rol oynayır və dəri sağlamlığını dəstəkləyir.
“Achemy Journal Penelitian Kimia” jurnalında dərc olunmuş araşdırmaya əsasən, C vitamininin ən yüksək miqdarı qırmızı bibərdə olur. Onun tərkibində bu vitamin portağaldakından da çox ola bilər.
4. Süd məhsulları
Süd, qatıq və kəsmik kimi məhsullar kollagenin yaranması üçün lazım olan amin turşularını təmin edir.
Qeydiyyatdan keçmiş diyetoloq Cessika Zinnin sözlərinə görə, süd məhsulları kollagenin əsas struktur komponentləri olan qlisin və prolinlə zəngindir.
Onun izahına görə, orqanizm bu amin turşularından istifadə edərək kollagenin üçqat spiral quruluşunu formalaşdıran uzun zəncirlər yaradır. Bu quruluş dərinin elastikliyini və birləşdirici toxumaların möhkəmliyini qorumağa kömək edir.
Razan Xallak əlavə edib ki, süd məhsullarında transformasiyaedici böyümə faktoru beta (TGF-beta) adlı zülal da mövcuddur. Bu maddə orqanizmdə kollagen sintezini stimullaşdırır.
5. Sitrus meyvələri
Portağal, qreypfrut və limon kimi sitrus meyvələri kollagen sintezi üçün həlledici əhəmiyyət daşıyan C vitamini ilə zəngindir.
Cessika Zinnin sözlərinə görə, C vitamini artıq mövcud olan kollageni sərbəst radikalların yaratdığı zədələnmələrdən də qorumağa kömək edir. Bu proses oksidləşdirici stress kimi tanınır.
“Chemical Engineering Research and Design” jurnalında dərc edilmiş araşdırma da C vitamininin bu xüsusiyyətlərinə diqqət çəkir.
6. Keşyu
Keşyu kollagen istehsalı üçün vacib olan mis və sinklə orqanizmi təmin edir.
Cessika Zinnin sözlərinə görə, mis möhkəm kollagen liflərinin formalaşmasına kömək edən lizil oksidaza fermentini aktivləşdirir. Sink isə yeni kollagen zülallarının yaranmasında iştirak edən prosesləri dəstəkləyir.
Bundan əlavə, keşyu yağlar, zülal və lif ehtiva edir. Bu maddələr toxluq hissinin daha uzun müddət davam etməsinə kömək edir.
7. Kivi
Kivi C vitamininin əla mənbəyidir və buna görə də kollagen sintezinin dəstəklənməsində faydalıdır.
Bu meyvənin tərkibində antioksidantlar da var. Onlar zamanla dərini və orqanizmin digər toxumalarını oksidləşdirici stressin zərərli təsirlərindən qorumağa kömək edə bilər.
8. Sümük bulyonu
Sümüklər və birləşdirici toxumalar qaynadıldıqda onların tərkibindəki kollagen jelatinə və qlisin, prolin kimi amin turşularına parçalanır. diyetoloq Cessika Zinnin sözlərinə görə, orqanizm bu maddələri mənimsəyərək yeni kollagen istehsalında istifadə edə bilər.
Mütəxəssis əlavə edib ki, qlisin kollagenin strukturunun təxminən üçdə birini təşkil edir və dərinin möhkəmliyinin, eləcə də oynaqların sağlamlığının qorunmasında mühüm rol oynayır.
9. Giləmeyvələr
diyetoloq Diana Gevaranın sözlərinə görə, giləmeyvələrin tərkibində olan antioksidantlar dəridəki mövcud kollagenin qorunmasına kömək edə bilər.
Bu meyvələr, həmçinin kollagen sintezi üçün zəruri olan C vitamini ilə orqanizmi təmin edir. Onların digər üstünlüyü isə yüksək lif tərkibidir. Lif bağırsaqların sağlamlığının qorunmasına kömək edir.
Aydın