Icma.az, Gununsesi portalına istinadən məlumat verir.
Son vaxtlar yaşayış binalarının altında yas mərasimləri üçün fəaliyyət göstərən mərasim evlərinin açılması insanlar arasında narazılığa səbəb olub.
Sakinlər hesab edirlər ki, sıx yaşayış ərazilərində keçirilən yas mərasimləri səs-küy yaradır və xüsusilə uşaqların psixoloji durumuna mənfi təsir göstərə bilər.
Bəs İslam dini bu məsələyə necə yanaşır?
Mövzu ilə bağlı Gununsesi.info -ya danışan dinşünas Tural İrfan bildirib ki, bu sahədə həm tənzimləmə, həm də maarifləndirmə işinin gücləndirilməsinə ehtiyac var.
“Bu cür məkanların sayı getdikcə artır. Demək olar ki, xüsusilə paytaxtda yas mərasimləri üçün fəaliyyət göstərən zalların sayı xeyli çoxalıb. Halbuki bunlar insanların sıx yaşadığı və ictimai toplaşdığı ərazilərdə yerləşir.
Bu vəziyyət sakinlərin ciddi narazılığına səbəb olur. Çünki belə məkanlarda keçirilən mərasimlər zamanı yüksək səslə mərsiyələr oxunur, ağlaşmalar təşkil edilir və bu da ətrafda yaşayan insanların gündəlik həyatına mənfi təsir göstərir.
Əvvəla qeyd edim ki, İslam dinində yas mərasimlərində ağlaşma qurmaq, növhə və mərsiyə oxumaqla bağlı hər hansı göstəriş və ya hökm yoxdur. Əksinə, bu cür davranışlar dinin mahiyyətinə uyğun deyil.
Digər tərəfdən, insanların yaşayışına mane olduğu və sosial həyata mənfi təsir göstərdiyi üçün də bu yanaşma düzgün hesab edilə bilməz. Bu sahədə fəaliyyət göstərən bəzi iş adamları və ehsan zallarını idarə edən şəxslər bunu gəlir mənbəyinə çeviriblər. Məhz buna görə də yas mərasimlərində israfın və həddindən artıq ehsan verilməsinin qarşısının alınmasına mane olurlar.
Yas mərasimləri üçün yeni mərasim evlərinin davamlı şəkildə açılması əslində ehsanın məhdudlaşdırılması istiqamətində atılan addımlara ziddir. Bu baxımdan, məsələ həm dini dəyərlərin, həm də milli yas ənənələrinin təhrif olunmasına gətirib çıxarır. Eyni zamanda, dinin qazanc vasitəsinə çevrilməsi və ondan sui-istifadə edilməsi halları yaranır ki, bu da doğru deyil.
Ümumilikdə hesab edirəm ki, bu sahədə geniş islahatlara ehtiyac var. Bu, həm qəbir daşları ilə bağlı uzun illərdir davam edən narazılıqlara, həm də ehsan, yas mərasimləri və mərasim evlərinin fəaliyyətinə aiddir. Bu istiqamətdə həm tənzimləmə mexanizmləri yaradılmalı, həm də geniş maarifləndirmə işi aparılmalıdır.
Bu işdə əsas məsuliyyət din xadimlərinin üzərinə düşür. Onlar dəfn mərasimlərində, yas məclislərində və digər dini toplantılarda insanlara dinin bu məsələlərlə bağlı həqiqi mövqeyini izah etməli, israfdan uzaq durmağın vacibliyini təbliğ etməlidirlər”.
Şəbnəm Rəhimova