“Yas mərasimlərində dəbdəbə və israfın qarşısı alınmalıdır” İLAHİYYATÇI

03.02.2026

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son vaxtlar yas mərasimlərində verilən ehsan süfrələrinin dəbdəbəli olması ilə bağlı müzakirələr getdikcə aktuallaşır. Süfrələrdə yeməklərin bolluğu və toy menyularına bənzərliyi diqqət çəkən məqamlardandır.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan ilahiyyatçı Tural İrfan qeyd edib ki, yas mərasimlərinin əsas məqsədi mərhumun ruhuna dualar oxumaq, yaxınlarına təsəlli vermək və birlik hissini qorumaqdır:

“Təəssüf ki, son illər bu mərasimlər getdikcə dəbdəbə yarışına çevrilir. Bahalı menyular, müxtəlif çeşidli yeməklər və böyük məclislər bir çox ailəni borca salır, maddi çətinliklə üz-üzə qoyur.

İslam dininə görə yas mərasiminin ehsan məclisi kimi keçirilməsi anlayışı yoxdur. Bu, zamanla formalaşmış bir ənənədir. Lakin hazırda bu ənənə israf həddinə çatıb. Xüsusilə şəhər yerlərində, mərasim evlərində təşkil olunan yas məclisləri demək olar ki, toy süfrələrini xatırladır. Bu isə nə dini, nə də mənəvi baxımdan doğru deyil”.

Tural İrfan  əlavə edib ki, ən ağrılı məqamlardan biri də yas süfrələrində verilən yeməklərin böyük hissəsinin yeyilmədən qalması və tullantıya çevrilməsidir:

“Bu açıq-aşkar israfdır. Onsuz da ağır vəziyyətdə olan ailələr üçün belə məclisləri qurmaq ciddi sosial problemə çevrilir.

Bu sahədə aidiyyəti qurumlar maarifləndirmə işi aparmalı, hətta müəyyən qaydalar və qanunlar qəbul edilməlidir. Yas mərasimlərində israfın qarşısını almaq üçün ictimai qınaq və sağlam yanaşma vacibdir. Əks halda, “ənənə” adı altında formalaşan bu maddi yük bir çox ailə üçün ağır sosial problem olaraq qalacaq”.

Şəbnəm

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью