Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
(Yazı "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusu əsasında hazırlanıb.)
Son illərdə Azərbaycanda yas mərasimlərində ehsan süfrələri ilə bağlı geniş müzakirələr gedir. Bir qrup yas mərasimlərinin ləğv edilməsi tərəfdarı kimi çıxış edir, başqa bir qrup isə bunun Azərbaycanın qədim adət-ənənələrindən biri olduğunu düşünür. Bu səbəbdən də onlar yas mərasimləri ilə bağlı ənənələrin yaşamasını, nəsildən-nəslə keçməsini istəyirlər.
Artıq Azərbaycanda bir sıra rayonlarda, məsələn, Bərdə, İmişli, Saatlı, Sabirabad, Şamaxı kimi yerlərdə yas mərasimlərində bahalı ehsan süfrələrinin açılması ləğv edilib, əvəzində sadə çay süfrəsi (çay, limon, xurma) təşkil olunur. Sakinlər bu dəyişikliyin israfçılığın qarşısını almaq və mərasimləri sadələşdirmək məqsədi daşıdığını qeyd ediblər.
Azərbaycanın qədim adət-ənənələrindən olan yas mərasimləri gələcək nəsillərə necə ötürülməlidir?
Araşdırmaçı jurnalist, dini mövzular üzrə mütəxəssis Rəsul Mirhəşimli Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu müzakirələrin arxasında dini və milli dəyərlərin azaldılması meyilləri də dayanır:
"Təəssüf ki, bəzi hallarda yas mərasimlərində ehsan adı ilə açılan süfrələrdə israf təbliğ olunur. Cəmiyyət anlamalıdır ki, bu cür israf halları mərasimlərin əsas məqsədi olan insanın dərdinə şərik olmaq, mərhəmət və xeyirxahlıq anlayışlarını kölgədə qoyur. Dinimiz heç bir halda israf etməyi bəyənilən əməl saymır. Qurani-Kərimin ayələrinin birində bu əməl şeytanla qardaşlığa bərabər tutulur", — deyə o əlavə edib.

R. Mirhəşimli onu da qeyd edib ki, israfçılıq mövzusu ilə bağlı müzakirələr aparılanda nədənsə yalnız yas mərasimlərindəki israf halları önə çıxarılır:
"Halbuki insan həyatının bütün sahələrində israfçılıq haram əməllərdən sayılır. Nəzərə almaq lazımdır ki, ölkəmizdə ən çox israfçılıq edilən məkanların başında toy mərasimlərinin keçirildiyi şadlıq sarayları gəlir. İnsanlar toy mərasimlərində səsi və səhnə mədəniyyəti zəif olan, daha çox şəxsi həyatı və qalmaqalları ilə gündəmə gələn bəzi müğənniləri bu məkanlara çağırır və onlara fantastik məbləğlər ödəyirlər. Bir çox hallarda toy sahibləri böyük borclara girir, yeni ailə quran gənclər ailə həyatının ilk günlərində maliyyə və psixoloji problemlərlə üzləşirlər. Bu, yeni ailələrdə gərginliyi artırır, qarşılıqlı anlaşma və harmoniyanı zəiflədir. Mövzu israf olduqda bəzi məmurların monopoliyasında olan şadlıq evlərindən danışmaq istəməyənlər yas mərasimlərindəki israfı dinin neqativ göstərişləri kimi qələmə verməyə çalışır, ictimai tənqidi daha çox yas mərasimlərinə yönəldirlər. Halbuki israf həm toylarda, həm də yas mərasimlərində bəyənilməyən əməldir", — deyə o bildirib.
Jurnalistin sözlərinə görə, bütün mərasimlər üçün israf deyil, xeyirxahlıq, yardımlaşma və mərhəmət əsas meyarlara çevrilməlidir:
"Həm yas, həm də toy mərasimlərində israfın qarşısını almaq vacibdir. Bu, həm dini, həm də sosial ədalət baxımından əhəmiyyətlidir. İsrafın qarşısını almaq, xeyirxahlığı ön plana çıxarmaq və mərasimləri milli adətlərə və dini hikmətə uyğun keçirmək cəmiyyətin mənəvi sağlamlığı üçün vacibdir".
Bahar Rüstəmli
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
