Yaşa görə uşağın çəkisi nə qədər olmalıdır? AÇIQLAMA

04.03.2026

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Uşağın çəkisinə biz hələ ana bətnində olduğu dövrdən diqqət yetiririk. Hər ay hamilə ana müayinədən keçərkən dölün çəkisinin necə artdığı, artımın normal olub-olmadığı, normadan artıq artımın olub-olmaması qiymətləndirilir. Uşaq doğulduqdan sonra isə bu nəzarət birbaşa onun üzərinə yönəlir".

Redaktor.az xəbər verir ki, bu fikirləri 4 mart - Dünya Piylənmə Günü ilə bağlı keçirilən canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə qeyd etdi.

Həkim əlavə etdi ki, doğulduqdan sonra uşağın çəkisi onun inkişafını göstərən əsas göstəricilərdən biridir:

"Əslində, doğulduğu gündən etibarən çəki daim nəzarətdə saxlanılmalıdır. Burada başqa bir vacib məqamı da vurğulamaq istərdim: altı aya qədər yalnız ana südü ilə qidalanma tövsiyəsinin səbəblərindən biri də məhz budur. Araşdırmalar, o cümlədən öz mərkəzlərimizdə apardığımız tədqiqatlar və dünya praktikası göstərir ki, altı aya qədər ana südü ilə qidalanan uşaqlar ana südü almayan uşaqlarla müqayisədə gələcəkdə daha az hallarda piylənmə problemi ilə qarşılaşırlar. Bu baxımdan, doğulduğu andan düzgün qidalanma xüsusi əhəmiyyət daşıyır.

Cəmiyyətimizdə “kök uşaq sağlam olar” kimi yanaşma mövcuddur. Lakin uşağı çox yedirtməklə onun daha güclü və daha sağlam olacağını düşünmək düzgün deyil. Altı aydan sonra əlavə, tamamlayıcı qidaların verilməsinə icazə verilir, amma bu mərhələdə də məcburi yedirtmə halları baş verə bilər ki, bu da doğru yanaşma deyil. Uşağın çəkisi daim həkim nəzarətində izlənilməlidir. Bunun üçün xüsusi sentil-persentil cədvəlləri mövcuddur. Bu cədvəllərin Azərbaycan üçün müəyyən edilmiş normativləri var, eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatının beynəlxalq normativləri də tətbiq olunur. Bu göstəriciləri vaxtaşırı izləməklə uşağın artıq çəkisini vaxtında müəyyən etmək və qarşısını almaq mümkündür".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью