Yasamaldakı bu yola işıqfor quraşdırıldı FOTO

26.01.2026

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakının Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində yol hərəkətinin təşkili ilə bağlı mühüm yenilik həyata keçirilib. 

Avtosfer.az xəbər verir ki, uzun müddətdir müzakirə mövzusu olan ərazidə nəhayət ki, işıqforlar quraşdırılır. İlkin müşahidələrə görə, burada eyni səviyyəli piyada keçidinin də nəzərdə tutulması planlaşdırılır ki, bu da, gec də olsa, olduqca yerində atılmış addım kimi qiymətləndirilir.

Qeyd edək ki, Şərifzadə küçəsinin bu hissəsi təkcə intensiv avtomobil axını ilə deyil, eyni zamanda yüksək piyada hərəkəti ilə seçilir. Ərazidə ticarət obyektlərinin, marketlərin, ictimai iaşə məkanlarının və ictimai nəqliyyat dayanacaqlarının cəmləşməsi uzun müddət nəzarətsiz və nizamsız hərəkətə səbəb olurdu. Bu isə həm piyadalar, həm də sürücülər üçün təhlükəsizlik və rahatlıq baxımından ciddi problemlər yaradırdı.

Yeni quraşdırılacaq işıqforlar və eyni səviyyəli piyada keçidi bir sıra müsbət üstünlüklər vəd edir. Belə ki, bu qərar piyadalar üçün təhlükəsiz və aydın keçid imkanı yaradır, sürücülər üçün hərəkət prioritetlərini dəqiq müəyyənləşdirir, xaotik keçidlərin və qəfil əyləclərin qarşısını alır, həmçinin küçəni yalnız avtomobillər üçün deyil, bütün hərəkət iştirakçıları üçün paylaşılan məkan kimi formalaşdırır.

Mütəxəssislər bildirirlər ki, şəhər küçələri yalnız nəqliyyat axınının sürəti ilə ölçülməməlidir. Əgər piyada qarşıdan qarşıya keçmək üçün risk etməyə məcbur qalırsa, bu artıq həmin ərazidə planlama probleminin mövcudluğundan xəbər verir. Şərifzadə küçəsində atılan bu addım isə şəhərsalma yanaşmasında tədricən “avtomobil mərkəzli” deyil, insan mərkəzli planlamaya keçidin mümkün olduğunu göstərir.

Ümid edilir ki, bu nümunə tək qalmaz və oxşar intensivlik müşahidə olunan digər küçə və yol qovşaqlarında da eyni səviyyəli piyada keçidləri standart yanaşmaya çevrilər. Çünki şəhər yalnız piyadaların onu rahat və təhlükəsiz istifadə edə bildiyi zaman həqiqi mənada yaşana bilən məkana çevrilir.

Eltac Zülfüqaroğlu

Oxunub 426

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью