Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Avropa Statistika Agentliyi (Eurostat) 2025-ci ilə dair məlumatları açıqlayıb. Məlumata görə, Danimarka Avropa İttifaqına üzv ölkələr arasında yaşayış dəyərinin ən yüksək olduğu ölkə olub.
Lent.az xəbər verir ki, bu Skandinaviya ölkəsində mal və xidmətlərin qiymətləri Aİ üzrə orta göstəricinin 140 faizinə çatıb. Bu isə o deməkdir ki, Danimarkada yaşayan orta statistik vətəndaş istehlak səbətinə görə Avropa İttifaqı üzrə orta göstəricidən təxminən 1.5 dəfə çox pul ödəyir. Bahalı ölkələr siyahısında Danimarkadan sonra 136 faiz göstərici ilə İrlandiya, 132 faizlə isə Lüksemburq qərarlaşıb.
Əks vəziyyət Şərqi Avropa ölkələrində müşahidə olunur. Mal və xidmətlərin ən ucuz olduğu ölkə Bolqarıstandır. Burada qiymətlər Aİ üzrə orta göstəricinin cəmi 63 faizini təşkil edir. Rumıniyada bu göstərici 65 faiz, Polşada isə 73 faizdir. Beləliklə, ittifaqın ən bahalı və ən ucuz ölkələri arasında yaşayış xərcləri baxımından çox böyük fərq qalır ki, bu da vətəndaşların alıcılıq qabiliyyətinə və Avropa daxilində miqrasiya axınlarına birbaşa təsir göstərir.
Eurostat analitikləri istehlak xərclərinin strukturunu da təhlil ediblər. Ən böyük xərclərin ənənəvi olaraq mənzil olduğu müəyyənləşib. Bu sahədə lider İrlandiyadır. Burada 2025-ci ildə kirayə və kommunal xidmətlərin dəyəri Aİ üzrə orta göstəricinin 190 faizinə çatıb. Müqayisə üçün qeyd olunur ki, Bolqarıstanda mənzil xərcləri cəmi 41 faiz təşkil edir. Bu da ölkəni pensiyaçılar və aşağı gəlirli insanlar üçün daha cəlbedici edir. İstehlak xərclərinin ikinci ən böyük hissəsini ərzaq məhsulları və alkoqolsuz içkilər təşkil edir. Bu məhsulların qiyməti ən yüksək Lüksemburqda qeydə alınıb və orta göstəricinin 122 faizinə çatıb. Ən ucuz ərzaq isə Rumıniyadadır və burada qiymətlər orta göstəricinin 80 faizi səviyyəsindədir.
Maraqlıdır ki, Danimarkada yüksək qiymətlər ən yüksək inflyasiya ilə müşayiət olunmur. Əksinə, 2026-cı ilin may ayına olan məlumata görə, ölkədə illik inflyasiya cəmi 1,8 faiz təşkil edib ki, bu da Avropa İttifaqında ən aşağı göstəricilərdən biridir. Daha aşağı inflyasiya yalnız İsveçdə qeydə alınıb və burada bu göstərici 1,1 faiz olub. Eyni zamanda, ümumilikdə avrozonada inflyasiya 3,2 faizə yüksəlib. Müqayisə üçün qeyd olunur ki, 2025-ci ilin may ayında bu göstərici 1,9 faiz idi. Ən yüksək qiymət artımı isə Rumıniyada (9,7 faiz), Bolqarıstanda (6,3 faiz) və Litvada (5,1 faiz) qeydə alınıb.